"Yaradıcılıq emalatxanası"nda rəssam bacılar Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri! Bu gün "Yaradıcılıq emalatxanası" rubrikasının çox şirin balaca rəssam qonaqları var. Bu iki bacı: Nərmin və Zeynəb Həsən-zadələr rənglərin dili ilə danışırlar.

 

Salam, gözəl bacılar, xoş gördük sizləri. Sizlər üçün rəsm çəkmək nədir, hər rəsm sizə hansı təsiri bağışlayır?

 

— Zeynəb: Mənim üçün rəsm çəkmək kağız və yaxud kətan üzərində öz sehrli dünyamı yaratmaqdır. Fırçamı əlimə alanda elə bil başqa bir aləmə düşürəm. Hər çəkdiyim rəsm mənə yeni bir nağıl öyrənmişəm kimi xoşbəxtlik verir.

— Nərmin: Mənim üçün rəsm çəkmək duyğularımı və xəyallarımı vərəqə köçürməkdir. Hər çəkdiyim rəsm mənə daxili bir sakitlik, böyük bir sevinc və azadlıq hissi verir. Rənglərlə oynamaq ruhumu dincəldir.

 

Ən çox istifadə etdiyiniz rəng varmı, yoxsa, rəsmi çəkən an ruhunuz özü o rəngi çəkir?

 

— Zeynəb: Mənim ən çox sevdiyim və hər yerə qatmaq istədiyim rəng çəhrayıdır (pəmbədir)! Ama bəzən rəsm çəkəndə fırçam öz-özünə başqa rənglərə də qaçır

— Nərmin: Mənim ən çox sevdiyim rənglər sarı və bənövşəyidir! Sarı mənə Günəşin istiliyini, enerjini və sevinci, bənövşəyi isə sehrli dünyaları və xəyalları xatırladır. Amma fırçanı əlimə alanda fərqinə varmadan ruhum o an hansı hissi keçirirsə, kətanın üzərində də o rənglər öz-özünə canlanır.

 

Öz rəsminizi çəksəydiniz, hansı boya üstünlük təşkil edərdi və nə üçün?

 

— Zeynəb:Özümü çəksəydim, ən çox çəhrayı, parlaq qızılı və işıqlı sarı rənglərdən istifadə edərdim. Çünki çəhrayı mənim ürəyimin rəngidir, qızılı və sarı isə günəş kimi içimdəki sevinc və xoşbəxtliyi göstərir.

— Nərmin: Öz rəsmimi çəksəydim, mütləq sarı və bənövşəyi rənglərin gözəl ahəngindən istifadə edərdim! Çünkü sarı rəng mənim gülərüz və enerjili tərəfimi, bənövşəyi rəngarəng xəyal dünyamı göstərərdi. Onların ikisi bir arada məni tam ifadə edir.

 

İlk rəsmlərinizə ata, yoxsa ananız fikir bildirir?

 

—Zeynəb: İlk rəsmlərimi həmişə böyük həyəcanla anama və atama göstərirəm! Anam fırçamı necə tutduğuma, rənglərin uyğunluğuna baxır və mənə çox gözəl məsləhətlər verir, atam isə rəsmlərimə baxıb gözləri parıldayaraq mənə- "Əhsən" deyir. İkisinin də fikri mənim üçün çox dəyərlidir!

— Nərmin: İlk rəsmlərimizi hər zaman böyük həyəcanla həm anamıza, həm də atamıza göstəririk! Anam hər zaman incəliklərə fikir verir  atam isə yaradıcılığımızı çox bəyənir və bizə hər zaman motivasiya verir. İkisinin də rəyi bizim üçün çox dəyərlidir.

 

Dünya hansı rəngdədir?

 

— Zeynəb: Mənim gözümdə dünya al-əlvan və ən çox da şirin çəhrayı rəngdədir!

— Nərmin: "Mənim gözümdə dünya tək bir rəngdə deyil, rəngarəngdir! Çünki dünyanın hər küncündə ayrı bir gözəllik var: göyün mavisi, ağacların yaşılı, günəşin sarısı və xəyallarımızın bənövşəyisi... Biz fırçanı əlimizə alanda dünya daha da rəngarəng və nağılvari olur!

 

Nərmin və Zeynəb 1 nömrəli uşaq və gənclər inkişaf mərkəzinin üzvləridirlər, eləcə də onların rəssam kimi yetişməsində müəllimləri Elanura Mənsimovanın böyük əməyi var.

Rəssam bacılara "Ədəbiyyat və İncəsənət" portalı adından bol uğurlar diləyirik, əziz bacılar, dünyanız hər zaman parlaq rənglərlə boyansın-söyləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.