Səttar Bəhlulzadənin yaradıcılığında tarixi janr Featured

Nurlan Əbilov,

Azərbaycan Rəssamlıq  Akademiyasının “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə məzunu.

“Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın görkəmli rəssamlarından biri olan Səttar Bəhlulzadənin yaradıcılıq yolu Azərbaycan təsviri sənətinin inkişaf tarixində xüsusi əhəmiyyət daşıyır. Səttar Bəhlulzadənin otuz dörd illik yaradıcılığ müxtəlif mövzuda və janrda əsərlərdən ibarət olsa da, onların hamısını vahid bir ideaya birləşdirir: Vətən sevgisi ! Rəssamın yaradıcılığının ilkin mərhələsi, xüsusilə tələbəlik illəri, əsasən tarixi janra müraciətlə səciyyələnir. Bu dövrdə onun yaradıcılığında tarixi mövzulara maraq və həmin mövzuların bədii ifadə vasitələri ilə işlənməsi mühüm yer tutmuşdur.

 

Səttar Bəhlulzadənin yaradıcılığının ilkin mərhələsi onun peşəkar rəssam kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Rəssam ilk sənət təhsilini 1927-ci ildə Bakıda Rəssamlıq Texnikumunda almış, daha sonra təhsilini Moskvada 1933-cü ildə V. İ. Surikov adına Rəssamlıq İnstitutunda davam etdirmişdir.

Bəhlulzadə institutda təhsil aldığı dövrdə diplom işi üçün Azərbaycan tarixinin mühüm səhifələrindən biri olan Babək hərəkatına müraciət etmişdir. Digər tələbələrdən fərqli olaraq diplom işi çərçivəsində bir deyil, iki əsər  «Babək üsyanı» (1939–1940) və «Bəzz qalasının müdafiəsi» (1939–1940) tablolarını işləmişdir.

Lakin İkinci Dünya müharibəsinin başlaması ona diplom işini müdafiə etməyə imkan verməmişdir. Diplomsuz qalan rəssama dəfələrlə Moskvaya gələrək diplom işini müdafiə etmək təklif olunsa da, o, bu təkliflə razılaşmamış və «Məgər diplomsuz rəssam olmur?» demişdir.

Bütövlükdə akademik realizmin tələblərinə cavab verən bu tablolarda tələb olunan ciddi dəqiqlik, konkretlik olmadığından onları mövzunun ilk variantı da saymaq olar. Bundan sonra rəssamın mövzunun son variantını işləyəcəyi ehtimal olunsa da, reallıqda belə bir addım müşahidə olunmayıb.

Hazırda hər iki əsər — «Bəzz qalasının müdafiəsi» və «Babək üsyanı» Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılır. Bu əsərlərdə rəssam böyük sərkərdə Babəkin yadelli işğalçılara qarşı apardığı mübarizəni təsvir etmişdir.

Qeyd etmək lazımdır ki, hər iki tablo ölçü baxımından monumental xarakter daşımamasına baxmayaraq, kompozisiya quruluşu və mövzunun işlənmə xüsusiyyətləri baxımından uğurlu bədii hazırlıq nümunələri kimi qiymətləndirilə bilər. «Bəzz qalasının müdafiəsi» (100 × 200 sm) əsərində yadelli işğalçılara qarşı mübarizə aparan xürrəmilərin ümumiləşdirilmiş fiqurları təsvir olunmuşdur. Fiqurların kompozisiya daxilində yerləşdirilməsi və onların qarşılıqlı əlaqəsi müdafiənin mütəşəkkil şəkildə təşkil edildiyi təsəvvürünü yaradır. Əsərin kompozisiyasında döyüş səhnəsinin dinamikliyi ilə yanaşı, qəhrəmanlıq və mübarizə ruhu da ön plana çəkilir.

«Bəzz qalasının müdafiəsi» 1939-1940

«Babək üsyanı» əsərinin (65 × 112 sm) süjetində isə ağır və gərgin məqamda əqidədaşlarını mübarizəyə səsləyən xalq qəhrəmanı Babək Xürrəmi və onun silahdaşlarının ümumiləşdirilmiş obrazları təqdim edilmişdir. Rəssam hadisələrə sanki uzaqdan müşahidəçi mövqeyindən yanaşdığı üçün Babəkin və döyüşçülərin fərdi psixoloji vəziyyətlərinin təsvirindən daha çox, onların vahid məqsəd ətrafında birləşməsini və mübarizə ruhunu ön plana çıxarmışdır. Bu yanaşma əsərin ideya məzmununda birlik və qəhrəmanlıq motivlərinin daha aydın şəkildə ifadə olunmasına imkan verir.

Səttar Bəhlulzadənin yaradıcılığının sonrakı mərhələsində «Qubalı Fətəli xan» (1945) və «Xəttat Mirəli Təbrizinin portreti» (1945) əsərləri xüsusi yer tutur. Bu əsərlərdə rəssamın diplom işlərində müşahidə olunan akademik realizm ənənələri davam etdirilmişdir. Sonrakı illərdə yaradıcılıq üslubunu dəyişən Bəhlulzadənin sənətində bu dövr ilkin yaradıcılıq mərhələsi kimi səciyyələnir.

««Xəttat Mirəli Təbrizinin portreti» (100 × 70 sm) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə işlənmiş və hazırda muzeyin fondunda qorunur. Əsərdə orta əsr Azərbaycan xəttatlığının görkəmli nümayəndəsi Mirəli Təbrizi (1340–1420) təsvir edilmişdir. O, sürməyi qurşaqlı yaşıl köynək, üzərindən zərli qırmızı arxalıq və başında sarımtıl çalma ilə təqdim olunmuşdur. Boynunun arxasına tökülən saçları və xalça üzərində oturaraq yazı ilə məşğul olması obrazın sakit və düşüncəli xarakterini vurğulayır.

Üzəri naxışlı rəhl, kiçik kətildə yerləşdirilmiş mürəkkəb qabı və fincan kompozisiyanı tamamlayaraq xəttatın peşə fəaliyyəti ilə bağlı mühiti əks etdirir. Arxa planda verilən təbiət mənzərəsi isə əsərin bədii həllini zənginləşdirməklə yanaşı, Səttar Bəhlulzadənin sonrakı yaradıcılığında mühüm yer tutacaq mənzərə janrına marağının ilkin təzahürlərindən biri kimi qiymətləndirilə bilər.

Eyni xüsusiyyətləri «Qubalı Fətəli xan» (230 × 120 sm) əsərində də müşahidə etmək mümkündür. Şaquli kompozisiyada Quba xanı Fətəli xan təntənəli geyimdə, ayaqüstə və özünəinamlı görkəmdə təsvir edilmişdir. XVIII əsrdə Azərbaycan xanlıqlarını vahid dövlət ətrafında birləşdirməyə çalışan xanın baxışlarının naməlum istiqamətə yönəlməsi onun obrazına düşüncəli və məqsədyönlü xarakter verir. Azdetallı kompozisiyanın əsas məna daşıyıcısı onun işıqlı çöhrəsidir.

Fətəli xanın siyasi məqsədləri və vətənpərvərlik duyğuları arxa planda təsvir olunan Qubanın bahar mənzərəsi və qarlı Şahdağ silsiləsi ilə tamamlanır. Beləliklə, təbiət motivi yalnız fon funksiyası daşımır, həm də obrazın emosional və ideya məzmununun açılmasına xidmət edir.

Səttar Bəhlulzadənin bədii irsində bitkin tarixi əsərlərlə yanaşı, eyni mövzulara həsr olunmuş çoxsaylı etüd və eskizlər də mühüm yer tutur. Bu sırada «Babək üsyanı» əsərinin yağlı boya ilə işlənmiş eskizi (1939), «M. P. Vaqifin portreti» (1943), «Şair» (1944), «Fətəli xan. Etüd» (1944), «Fətəli xana həsr olunmuş əsərin eskizi» (1945) və «Fətəli xan. Etüd» (1945) kimi əsərləri qeyd etmək olar.
Rəssamın 1940-cı illərə aid qrafik irsində isə «Füzulinin portreti», «Məhəmməd Füzuli», «M. P. Vaqif», «Fətəli xan», «Azərbaycanlı qadın», «Fətəli xanın portreti» və «Qubalı Fətəli xan» kimi əsərlər xüsusi diqqət çəkir. Janr və texniki xüsusiyyətlərindən asılı olmayaraq, bu əsərlər Səttar Bəhlulzadənin Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərinə və xalqının tarixi keçmişinə olan dərin marağını və bağlılığını əks etdirir.

Şəkildə: “Fətəli xana həsr olunmuş kompozisiyanın eskizi” (1940-50-ci illər Fərhad Əhmədovun kolleksiyası)

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.