Şəbnəm Nəbiyeva,
Azərbaycan Rəssamlıq Akademiyasının “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə məzunu.
“Ədəbiyyat və incəsənət”
Səfəvi dövrü xalçaçılıq sənətinin ən yüksək inkişaf mərhələsi hesab olunur. Xüsusilə XVI–XVII əsrlər xalça sənətinin “qızıl dövrü” kimi xarakterizə edilir. Bu mərhələdə böyük ölçülü, yüksək bədii və texniki keyfiyyətə malik xalçalar toxunulurdu. Məhz bu dövrdə şəhər və sənətkarlıq mərkəzlərinin özünəməxsus texniki xüsusiyyətləri, toxuma üsulları və sistemli ornamental kompozisiyaları formalaşmağa başlamışdır. Müxtəlif bölgələrdə mövcud olan sənətkarlıq ənənələri və ornamental xüsusiyyətlər xalçaçılığın regional məktəblərinin yaranmasına şərait yaratmışdır. Xüsusilə Cənubi Azərbaycan və İranın müxtəlif sənətkarlıq mərkəzlərində xalçaçılıq məktəbləri meydana gəlir.
Bu məktəblər arasında Təbriz xalçaçılıq məktəbi böyük əhəmiyyət daşıyırdı. Təbriz xalçaları mürəkkəb kompozisiya quruluşu və iri medalyon formaları ilə seçilirdi. Xalçaların ornamentikasında incə işlənmiş arabesk və nəbati motivlərə, eləcə də ov səhnələrinə geniş yer verilirdi. İkinci mühüm mərkəz İsfahan xalçaçılıq məktəbi idi. İsfahan Səfəvi dövlətinin mühüm siyasi və mədəni şəhərlərindən biri olduğundan, burada saray üçün yüksək keyfiyyətli xalçalar hazırlanırdı. Bu xalçalarda incə nəbati motivlər və çoxlu sayda dekorativ elementlər üstünlük təşkil edirdi. Bəzi nümunələrdə qızılı və gümüşü saplardan istifadə olunması xalçalara təntənəli və dəbdəbəli görünüş verirdi. Üçüncü mühüm mərkəz Kirman xalçaçılıq məktəbidir. Kirman xalçalarında dolça elementi geniş istifadə edilirdi. Səfəvi dövrü xalçaçılıq məktəblərindən biri də Kaşan hesab olunur. Bu xalçalarda quş təsvirləri və nəbati motivlər geniş istifadə olunurdu. Quş fiqurları əsasən çiçəklər, yarpaqlar və bitki elementləri ilə birlikdə işlənərək ümumi quruluşda bütövlük və ritm yaradırdı.
Xalçaların kompozisiya quruluşu şəhərlər və sənətkarlıq məktəbləri arasında müəyyən fərqlərin yaranmasına səbəb olmuşdur, müasir tədqiqatçılara Səfəvi dövrünə aid xalçaları müqayisəli şəkildə təhlil etməyə, onların hansı sənətkarlıq mərkəzinə və ya məktəbə aid olduğunu müəyyənləşdirməyə imkan verir.
Səfəvi xalçalarını funksional xüsusiyyətlərinə görə bir neçə əsas qrupa ayırmaq mümkündür. Bunlardan birincisi saray xalçalarıdır. Saray üçün hazırlanan xalçalar yüksək keyfiyyətli materiallardan, xüsusilə ipəkdən toxunur, bəzilərində isə qızılı və gümüşü saplardan istifadə edilirdi. İkinci qrupu dini məkanlar üçün hazırlanan xalçalar təşkil edirdi. Məscid və digər dini məkanlarda istifadə olunan xalçaların kompozisiyasında funksional məqsəd və məkanın xarakteri nəzərə alırdı. Bu xalçalarda ibadət məkanına uyğun sakit rəng həlləri üstünlük təşkil edirdi. Üçüncü qrupa isə köçəri tayfaların toxuduğu xalçalar aid edilir. Burada adətən daha qaba yun materialdan hazırlanır və toxunma texnikası baxımından şəhər xalçalarından fərqlənirdi. Onların ornamentikasında həndəsi motivlər, stilizə olunmuş bitki, amma heyvan və digər təsvirlərə rast gəlinmirdi. Bu ornamentlər tayfaların estetik dünyagörüşünü, məişətini və mədəni xüsusiyyətlərini əks etdirirdi.
Bu dönəmin dekorativ sənətində, eləcə də memarlığında təbiət, bağ və xüsusilə cənnət bağları ilə əlaqəli motivlərə geniş müraciət olunması xalçalarda öz əksini tapmışdır.
Səfəvi xalçalarının hazırlanmasında müxtəlif materiallardan istifadə edilirdi. Əsas materiallardan biri qoyun yunu idi. Yun həm geniş yayılması, həm də digər materiallarla müqayisədə daha əlçatan olması səbəbindən xalçaçılıqda mühüm yer tuturdu. Yunun keyfiyyəti istifadə olunan heyvanın növündən, həmçinin regionun təbii və iqlim xüsusiyyətlərindən asılı olaraq dəyişirdi.
İkinci mühüm material ipək idi. İpək daha qiymətli və bahalı olduğundan, əsasən saray üçün hazırlanan xalçalarda və imkanlı sifarişçilər üçün nəzərdə tutulan nümunələrdə istifadə edilirdi. İpəyin incə və parlaqlığı xalçalara daha zərif görünüş verir, mürəkkəb ornament və detallı təsvirlərin yaradılmasına imkan yaradırdı.
Digər mühüm material isə pambıq idi. Pambıq əsasən xalçanın quruluşunda, xüsusilə əsas və digər konstruktiv hissələrdə istifadə olunurdu. Onun liflərinin möhkəmliyi xalçanın strukturunun daha davamlı olmasına kömək edir, böyük ölçülü xalçaların hazırlanmasında mühüm rol oynayırdı.
Süjetlərinə və kompozisiya quruluşuna görə xalçaları bir neçə əsas qrupa ayırmaq mümkündür. Birinci qrupa ov süjetli xalçalar daxildir. Bu xalçalarda ov səhnələri, atlı fiqurlar, heyvanlar və ovçuluqla əlaqəli müxtəlif motivlər təsvir edilirdi. Bu tip nümunələr dövrün saray və aristokratik mədəniyyətinin müəyyən xüsusiyyətlərini əks etdirirdi. Ov səhnələri həmdə insan ruhunun öz ehtirasları ilə mübarizəsini əks etdirirdi.
İkinci qrupu vaza motivli xalçalar təşkil edir. Burada vaza əsas dekorativ element kimi çıxış edirdi.
Üçüncü qrup medalyonlu xalçalardır. Bu xalçalarda əsas diqqət mərkəzi medalyona qoyulurdu.
Dördüncü qrupa isə cənnət bağları süjetli xalçalar aid edilir. Xalçalarda bağların təsviri, ağaclar, çiçəklər, su kanalları və bitki motivləri təsvir edilərək bağ təsəvvürü yaradılırdı.
XV əsrdən etibarən Səfəvi dövlətində və ümumilikdə Azərbaycan ərazisində xalçaçılıq sənətində mühüm dəyişikliklər baş verir. Əgər XV əsrə qədər Azərbaycan xalçalarında əsasən həndəsi motivlər üstünlük təşkil edirdisə, XV əsrin sonlarından etibarən, XVI–XVII əsrlərdə Təbriz xalçaçılıq məktəbində daha mürəkkəb və əyrixət naxışlar geniş yayılmışdır. Bu xüsusiyyət iri ölçülü medalyonların istifadəsində özünü ifadə edirdi.
Bu dövrdə xalçaların naxış sistemi daha da zənginləşmiş, arabesk və nəbati motivlərin istifadəsi genişlənmişdir. Güllər, yarpaqlar, bitki elementləri, heyvanlar və mifoloji canlıların təsvirləri daxil edilərək xalçaların dekorativliyini artırmışdır.
Səfəvi xalçalarında istifadə olunan ornamentlərin bir çoxu yalnız dekorativ yükə malik deyildi, həm də müəyyən simvolik məna daşıyırdı. Bu baxımdan medalyon əsas naxışlardan biri hesab olunur. Mərkəzi medalyon xalçanın quruluşunda aparıcı mövqe tutur və günbəz formasını xatırladırdı. Bunu «Şeyx Səfi» xalçasında müşahidə etmək mümkündür. Köçəri tayfaların xalçalarında isə medalyonlar səkkizbucaqlı formada işlənirdi. Belə motivlərin tayfanın mənşəyi, soy-kökü müəyyən edirdi.
Səfəvi dövründə kalliqrafik motivlərə də rast gəlinir. Onlar bəzən əlyazmaları xatırladırdı. Əsasən poetik mətnlər, hikmətli ifadələr və dini məzmunlu yazılara üstünlük verilirdi.
Nəbati ornamentlər təbiətin gözəlliyini və həyatın davamlılığını ifadə etməklə yanaşı, müəyyən simvolik mənalar da daşıya bilirdi. Məsələn, lotos çiçəyi təmizlik, saflıq və yenidən doğuluşla, qızılgül isə gözəllik və məhəbbətlə əlaqələndirilirdi.
Səfəvi dönəmində ornamentlərlə yanaşı, rənglərin də mühüm semantik əhəmiyyəti var idi. Qırmızı rəng Səfəvi xalçalarında geniş istifadə olunan rənglərdən biri idi. O, xoşbəxtlik, uğur, güc və zənginlik kimi anlayışlarla əlaqələndirilirdi.
Göy rəng səma və sonsuzluq anlayışları ilə əlaqələndirilirdi. Bu rəng sirr, mənəvi güc, ilahi sonsuzluq və bəzi hallarda axirət dünyası təsəvvürlərini ifadə edə bilirdi. Göy rəng xalçaların mərkəzində geniş tətbiq olunurdu. Təbii göy rəngin əldə edilməsində indigo bitkisi istifadə olunurdu.
Qəhvəyi rəng torpaq və təbiətlə əlaqələndirilir, məhsuldarlıq və təbiətin özünü ifadə edirdi. Bu rəng xalçaların təbii və torpaq tonlarının yaradılmasında mühüm rol oynayırdı. Qəhvəyi və tünd tonların əldə edilməsində qoz, fındıq qabıqlarından istifadə edilirdi.
Sarı rəng günəş, işıq, hakimiyyət və ilahi nur anlayışları ilə əlaqələndirilirdi. Bu səbəbdən sarı rəng xüsusilə saray və hökmdarlarla əlaqəli xalçaların tərtibatında əhəmiyyətli yer tuturdu. Bəzi hallarda sarı rəng qızılı və gümüşü saplarla birlikdə istifadə edilərək xalçaya daha zəngin və təntənəli görünüş verilirdi. Sarı boyanın əldə edilməsində zəfəran, nar qabığı istifadə edilirdi.
Ağ rəng ikili simvolik məna daşıyırdı. Bir tərəfdən təmizlik, paklıq və saflığı ifadə etdiyi halda, digər tərəfdən matəm, kədər və faciə ilə əlaqələndirilirdi.
Yaşıl rəng isə həyat və cənnət anlayışları ilə əlaqələndirilirdi. İslam mədəniyyətində xüsusi sakral məna daşıyan yaşıl rəng dini əşyaların və məkanların tərtibatında da geniş yer alırdı. Məsələn, namazlıqlarda yaşıl rəngə rast gəlmək mümkündür.
Qara rəng digər rənglərlə müqayisədə daha məhdud istifadə olunurdu. Əsasən konturların, haşiyələrin və ayrı-ayrı elementlərin vurğulanmasında tətbiq edilirdi. Tünd rənglərin kompozisiyaya daxil edilməsi digər rənglərin daha aydın görünməsinə və seçilməsinə kömək edirdi.
Səfəvi xalçalarında təbii boyalardan istifadə edilməsi onların rəng palitrasının xüsusi xüsusiyyətlərindən biri idi. Təbii boyalar zaman keçdikcə sadəcə solmaqla kifayətlənmir, müxtəlif ton və çalarlar qazanaraq xalçanın görünüşünə özünəməxsus estetik dərinlik verirdi.
“Ədəbiyyat və incəsənət”
(04.09.2026)


