İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Şərqin məfəniyyət paytaxtı Şuşa.
Buradan tək musiqiçilərmi çıxır? Xeyir. İndi bir rəssam barədə danışacağam. Əmir Hacıyev barədə.
O, 17 may 1899-cu ildə Şuşada anadan olub. Yaradıcılığa 1918-ci ildə Şuşada afişa və portretlər yaratmaqla başlayıb, 1923-cü ildə isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1920-ci illərin ikinci yarısından Əmir Hacıyev "Azərbaycan Qadını (jurnal)", "Həmkarlar İttifaqı" kimi jurnallara illüstrasiyalar çəkir, əməkdaşlıq və digər mövzularda plakatlar yaratmağa başlayıb.
Eyni zamanda o, Bakıda pedoqoji fəaliyyətlə məşğul olub. Tələbələrindən biri olan Kazım Kazımzadənin də tanınmış rəssam kimi formalaşmasında Əmir Hacıyevin rolu əvəzsizdir. Bu dövrdən başlayaraq rəssam tanınmış yazıçıların əsərlərinə illüstrasiyalar yaradır. "Xavər" (Mehdi Hüseyn) (1930), "Nəhənglər Ölkəsi" (Mirzə İbrahimov) (1932), "Leyli və Məcnun" (Füzuli) (1953) "Poçt Qutusu" (Mirzə Cəlil) (1960) bu əsərlərə nümunədir.
Hacıyevin ən yaxşı kitab təsvirləri Süleyman Sani Axundovun "Qaraca qız" (1924), Əbülhəsən Ələkbərzadənin "Yüksəliş" (1931), Yusif Vəzir Çəmənzəminlinin "Qızlar Bulağı" (1934), Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" (1938), Nizami Gəncəvinin "Yeddi gözəl" (1941), Füzulinin "Leyli və Məcnun" (1953) əsərlərinə çəkilmiş illüstrasiyaları hesab olunur.
1941-1945-ci illər Böyük Vətən Müharibəsi dövründə təbliğat afişaları yaratmağa başlayıb. Hacıyev eyni zamanda bir sıra bəzək və süjet xalçalar üçün eskizlər vermiş, miniatür silsilələrə ("Azərbaycan", 1961; "Şuşa", "Şamaxı", "Bakı", 1964) müəlliflik edib. 1943-cü ildə rəssama Azərbaycan SSR əməkdar incəsənət xadimi adı verilmişdir. 1945-ci ildən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. Görkəmli rəssam 21 avqust 1972-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.08.2026)


