Şəhidlərimizin rəsmlərini dəmir lövhələrə həkk edən Anar Mirzəyev... Featured

Mina Rəşid,

“Ədəbiyyat və incəsənət”

 

İllərlə doğma torpaqlarımızın həsrətindən sonra Azərbaycanın düşmən üzərində qazandığı şanlı Zəfər hər bir vətəndaşın qəlbində böyük bir qürur hissi yaradıb. Hər kəs öz bacardığı kimi, bir şəkildə torpaqlarımızın yenidən dirçəlməsinə öz töhfəsini verməyə çalışır.

 

Mirzəyev Anar Balayar oğlu isə həvəskar rəssam kimi bizə bu qüruru yaşadan şəhidlərimizin müqəddəs ruhuna ehtiram olaraq onların rəsmlərini çəkir. Onunla bu gün tanınmış yazıçı, jurnalist Etibar Muradxanlının FB səhifəsindəki paylaşımdan tanış olduq. Yazıçı Bakı Dərin Özüllər zavodunda quraşdırıcı işləyən rəssamın əl işləri ilə bizi tanış edirdi.

E.Muradxanlı yazır: “Əl işləri üzaqdan diqqətimi cəlb etdi. Yaxınlaşıb kimin çəkdiyini soruşdum. Öz iş sahəsində dəmir lövhələri ram edən bir oğlanı göstərdilər. Yaxınlaşıb tanış oldum. Anar Mirzəyev. Zəhmətkeş bir usta, vətənpərvər, istedadlı bir vətəndaş. Onu və onun qeyri-adi sənət əsərlərini sizə təqdim etməyi özümə borc bildim. Çəkilişin qeyri professional və telefonla çəkildiyini nəzərə almağınızı xahiş edirəm”.

Yazıçı dostumuza təşəkkür edib Anar Mirzəyevlə əlaqə saxladıq. O,  bildirdi ki, 1979-cu ildə Bakıda anadan olub. Qaradağ rayonunun Sahil qəsəbəsində 253 saylı orta məktəbi bitirib. 1996 ci ildən Bakı Dərin Özüllər Zavodunda işləyir. O, bu şəkilləri 44 günlük şanlı Vətən Müharibəsindən sonra, 2021-ci ildən çəkməyə başlayıb. Qəhrəmanımız həmin rəsmləri dəmir lövhələr üzərinə sadəcə kömür və spreydən istifadə etməklə yaradır...

Anar Mirzəyevin fitri istedadı göz önündə olsa da orta təhsillidir, nədənsə bu sahənin ardınca gedə bilməyib: “Uşaqlıqdan rəssamlığa böyük həvəsim olub, həmişə rəsm çəkmişəm və sonra onları  təkmilləşdirməyə çalışmışam. Düzdür, ali təhsilim yoxdur, o vaxtkı  şəraitlə oxuya bilməmişəm. Amma bununla belə ruhdan düşmədim”.

Elə bütün bu gözəl əsərləri də ruhdan düşmədiyinə, öz sevdiyi sənətə vəfasına görə ərsəyə gətirib: “Bura çox adam gəlir, xarici vətəndaşlar da bu rəsmlərlə maraqlanır. Bu isə mənə ayrıca bir ilham verir”.

Anar Mirzəyevin əsərləri çoxdur, ancaq torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizə həsr etdiyi əl işləri onun üçün, elə bizim üçün də çox dəyərlidir. İnanırıq ki, bu fitri istedada malik, əsərləri ilə düşündürməyi bacaran bu rəssamla aidiyyəti yerlərdə, adlı-sanlı sənət adamlarımız da maraqlanacaq. Düşünürük ki, bunun özü də bir vətənpərvərlik nümunəsi olar...

Biz isə Anar Mirzəyevə belə müqəddəs işində böyük uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2026)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.