Toğrul Nərimanbəyovun rəssam qardaşı Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Vidadi Nərimanbəyov və Toğrul Nərimanbəyov təkcə doğma qardaş deyil, həm də XX əsr Azərbaycan təsviri sənətinin ən parlaq sənətkarlarından idilər. Onların münasibəti barədə yaxınlarının və sənətşünasların xatirələrindən belə nəticə çıxır ki, aralarında dərin ailə bağlılığı və qarşılıqlı hörmət olub, baxmayaraq ki, yaradıcılıq baxışları fərqli idi.

 

Onlar uşaqlıqda ağır taleyi birlikdə yaşayıblar. Valideynləri Stalin repressiyaları zamanı həbs və sürgün olunduğundan, Vidadi ilə Toğrul uşaqlıq illərində böyük çətinliklər çəkiblər. Bu ortaq həyat təcrübəsi qardaşları bir-birinə daha da yaxınlaşdırmışdı.

Bir-birlərinin istedadını yüksək qiymətləndirirdilər. Toğrul Nərimanbəyov hələ tələbəlik illərində qardaşının portretini çəkmişdi. 1953-cü ildə yaratdığı "Qardaşımın portreti" onun Vidadiyə olan sevgisinin və rəssam kimi ehtiramının ifadəsi hesab olunur.

Sənət üslubları fərqli idi. Vidadi Nərimanbəyov insanın daxili aləmini, psixoloji vəziyyətini və həyat dramını əks etdirən əsərlərə üstünlük verirdi. Toğrul isə parlaq rəngləri, emosional ekspressiyanı, folklor motivlərini və dekorativ üslubu ilə seçilirdi. Buna baxmayaraq, onlar heç vaxt bir-birini təqlid etməyiblər və hər biri öz dəst-xəttini formalaşdırıb.

Rəqabətdən çox qarşılıqlı hörmət var idi. Hər ikisi SSRİ və beynəlxalq sərgilərdə iştirak edir, Azərbaycan təsviri sənətini birlikdə təmsil edirdilər. Mənbələrdə onların arasında açıq yaradıcılıq münaqişəsi və ya şəxsi ədavət barədə etibarlı məlumat yoxdur. Əksinə, Nərimanbəyovlar ailəsi Azərbaycan rəssamlığının nadir sənətkar ailələrindən biri kimi təqdim edilir.

Maraqlı bir məqam da odur ki, Vidadi böyük qardaş olsa da, Toğrul beynəlxalq şöhrət baxımından daha geniş tanındı. Bununla belə, Vidadi də Azərbaycanın Xalq rəssamı idi və əsərləri dünyanın onlarla ölkəsində nümayiş etdirilmişdi. Hər iki qardaş Azərbaycan rəngkarlığının inkişafına özünəməxsus töhfə verib.

 

 

Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov 13 iyul 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açıb. İlk addımlarını da qürbət ölkədə atmışdı. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıdıblar. İkinci Dünya müharibəsi bu ailənin də həyatına təsir edib. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını alıb.

Dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir edib. İllər ötüb keçib. Müharibə əzabları tədricən unudulub. Vidadi də yaradıcılıq həvəsi ilə düşünüb, axtarışlar aparıb, eskizlər edib. Ə. Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib V. Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində, sonra isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb.

Nərimanbəyov tələbə ikən "Düşmənin sevinci…" tablosu ilə şöhrət qazanıb. Gənc rəssam həmin əsərdə qəribə mənzərə təsvir edib. Açıq səmanın, Günəşin fonunda qara bulud layları təsvir olunub. Tablonun önündə iki insan obrazı görünüb. Onlardan biri yağış, digəri quraqlıq arzulayıb.

Bu mənzərə o qədər inandırıcı, bədii, gələcəyə inam, ümid həvəsi ilə işlənib ki, seyrçilər əsərə yaradıcı əməyin məhsulu kimi yox, həyat həqiqətinin rəmzi tək baxıb, müəllifin fikrini asanlıqla dərk ediblər. Vidadi Nərimanbəyov 1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu ilə şöhrət qazanıb.

Əsərin süjeti, kompozisiya quruluşu sadədir, lakin diqqətlə baxanda dərin məntiqi insanı düşünməyə vadar edir. Müəllif az ştrixlə mövzunu açmağa nail olub. Əsər R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi eksponatıdır. Sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfov görkəmli fırça ustasının yaradıcılığına həsr etdiyi məqalədə vurğulayıb:

"Vidadi olduqca səmimi insan, mehriban, qayğıkeş dostdur. Onun sevilməsinin, tanınmasının iki əsas cəhəti var: həddindən artıq zəhmətkeş və işinə məsuliyyətlidir. Bir dəfə də olsun molbert önündə könülsüz dayanmayıb, əlinə fırça almayıb. Axtarıb, arayıb, hələ işıq üzü görməyən əsərini xəyalında canlandırıb.

Bəyənibsə, onu kətan üzərində əbədiləşdirib. Rəssamın bütün əsərlərinin mövzusu halal əmək, vətənsevərlik, sadəlik və səmimiyyətdir. Doğrudur, Vidadi Nərimanbəyov təbiəti sevir, ilin fəsillərinə həsr etdiyi mənzərələri var. Lakin insan qüruru, gələcəyə inam onun əsərlərinin əsas qayəsini təşkil edir".

1977-ci ilin payızında V. Səmədova adına sərgi salonunda Vidadinin fərdi sərgisi açılıb. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev sərgiyə baxmağa gəlib. Səhəri gün qəzetlərdə Vidadi Nərimanbəyovun əməkdar rəssam fəxri adına layiq görülməsi barədə məlumat dərc olunub. V. Nərimanbəyovun əsərlərinin əsas qəhrəmanı insandır.

Tablolarda onların müxtəlif anları, ovqatları əbədiləşib. Çöhrələrindən gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulub. "Xatirələr" əsərində tamaşaçıda gərginlik, həyəcan oyadan elementlər yetərincədir… Ömür-gün yoldaşını cəbhəyə yola salan qadın intizardan incəlib. Küskün, incik günlər yaşayır.

Tez-tez atasının nə vaxt qayıdacağını soruşan balasına nə cavab versin, bilmir. Ananın gözləri, baxışları həyat yoldaşının getdiyi yollara zillənib. Rəssam bu nisgili olduqca inandırıcı, bədii, yaddaqalan nüanslarla işləyib, müharibələrə nifrət oyada bilib. Əsər yarandığı gündən dünyanın 107 ölkəsinin sərgi salonlarında uğurla nümayiş etdirilib.

Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi olub. Dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər fırça ustasının yaradıcılığından mənəvi zövq almış, əsərlərinin hər birini yüksək qiymətləndiriblər.

Görkəmli təsviri sənət ustası fəal çalışıb, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradıb.  20 Yanvara həsr etdiyi "Qatillər" tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilib, qəddar sovet rejiminə qarşı nifrət oyadıb. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaradıb. O, 2001-ci ildə vəfat edib.

 

Mükafatları

- Azərbaycan SSR əməkdar rəssamı

- Azərbaycan SSR xalq rəssamı

- "Şöhrət" ordeni

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.