İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Adlı-sanlı bir nəslin şəcərəsində yer tutmaq həm rahat irəliləmək imkanı verir, həm də boyuna böyük məsuliyyət qoyur. Gərək o nəslin ad-sanına uyğun birisi olasan. Xüsusən, mədəniyyət sahəsində nəsil dinastiyaları parlaya bilirlər. Hacıbəylilər, Şuşinskilər, Vəkilovlar... Və bu sırada əlbəttə ki, Qaryağdılar...
Cəlal Qaryağdı 1914-cü il iyunun 2-də Şuşa şəhərində anadan olub. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunub.
Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932–1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb. 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışıb. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayıb.
Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış edib, müharibədən sonra insanların bədii obrazları üzərində işləyib. Heykəltaraşlığın müxtəlif janrlarında əsərləri var. Monumental-dekorativ heykəltaraşlıq onun yaradıcılığında əsas yer tutub. Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir.
İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli (memar Ə.İsmayılov və Q.Əlizadə ilə birgə, 1958-ci il) Cəlal Qaryağdının ilk böyük işlərindən biridir.
C.Qaryağdının monumental-dekorativ heykəltaraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Nəriman Nərimanovun heykəli (1972), Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltaraşlığının qiymətli nümunələri sırasına daxildir.
Bakıda vaxtilə Lenin (indiki Azadlıq) meydanında qoyulmuş V.İ.Leninin heykəllərini də C.Qaryağdı yaradıb. İdeologiya öz yerində. Amma həqiqətən də bu abidə çox möhtəşəm idi, bolşevik liderinə bütün SSRİ və sosialist ölkələrində ucaldılan ən gözəl abidələrdən biri hesab edilirdi.
Sənətkar həmçinin Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun və başqalarının büstlərini yaradıb.
Əsərləri
- M. Əzizbəyov, P. A. Çaparidze və İ. T. Fioletovun büstləri (1937)
- Moskvada Ümumittifaq kənd təsərrüfatı sərgisinin Azərbaycan pavilyonu üçün kənd təsərrüfatı mövzusunda yaratdığı barelyeflər (1939)
- Samur-Dəvəçi kanalının kənarında qoyulmuş "Kolxozçu" fiquru (1939)
- Bakıda Nizami muzeyinin qərb fasadının lojasında M. P. Vaqifin heykəli (1939–1940)
- Sovet İttifaqı Qəhrəmanları A. Quliyevin büstü (1945) və İ. Məmmədovun barelyefi (1944)
- Görkəmli inqilabçı Bünyad Sərdarovun abidə - büstü (1946)
- Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad Bisütun dağını yararkən" barelyefi (1947)
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
- "Qırmızı əmək bayrağı" ordeni
- "Şərəf nişanı" ordeni
Dahi heykəltaraş 1 yanvar 2001-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)


