İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin dəstəyi ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin arzuladığı şəhərə çevrilən Sumqayıt” adlı sərgi-tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə moderator, yazıçı, dramaturq və kulturoloq Hafiz Ataxanlı açaraq Sumqayıt şəhərinin keçdiyi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin bu şəhərin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, Sumqayıt bu gün müasir memarlığı, abad infrastrukturu və sürətli inkişafı ilə ölkənin ən nümunəvi şəhərlərindən birinə çevrilib.
Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov şəhərin son illərdə qazandığı uğurlardan bəhs edərək qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Sumqayıtın sosial-iqtisadi və mədəni inkişafı yeni mərhələyə qədəm qoyub. O vurğulayıb ki, həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri şəhərin simasını tamamilə dəyişib.
Sumqayıt şəhər bələdiyyəsinin komissiya sədri Akif Kərimov, şəhər Ağsaqqallar Şurasının sədri, Prezident təqaüdçüsü Təbrik Quliyev və Sumqayıt Veteranlar Təşkilatının sədri Sovet Şükürov çıxışlarında Heydər Əliyevin Azərbaycanda şəhərsalma siyasətinin əsasını qoyduğunu, Sumqayıtın da məhz həmin siyasətin nəticəsində inkişaf edən sənaye və mədəniyyət mərkəzinə çevrildiyini bildiriblər.
Əməkdar müəllim, şairə, Prezident təqaüdçüsü Ofeliya Babayeva və Sumqayıt Ə.Kərim adına Poeziya Klubunun direktoru, AYB poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı çıxışlarında Sumqayıtın təkcə sənaye şəhəri deyil, həm də zəngin ədəbi-mədəni mühitə malik şəhər olduğunu diqqətə çatdırıblar. Onlar şəhərin bugünkü inkişafının gənc nəsildə vətənpərvərlik hisslərinin güclənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Tədbirdə iştirak edən şəhid anaları Sürəyya Mehdiyeva və Nəzakət Cəfərova şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq belə tədbirlərin gənclərin milli ruhda tərbiyəsində mühüm rol oynadığını bildiriblər.
Daha sonra Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü Ellada Həsənova, Fəxri Mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nəsibə Şükürova və rejissor-prodüser, Azərbaycan Rəssamlar İttifaqının üzvü Etibar Bənnayev sərginin əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, sərgidə nümayiş olunan rəsm əsərlərində Sumqayıtın müasir siması, memarlıq nümunələri, şəhərin keçmişi və bu günü bədii şəkildə əks etdirilib.
Tədbir zamanı iştirakçılar sərgi ilə tanış olub, nümayiş etdirilən əsərləri böyük maraqla izləyib və belə layihələrin şəhərin mədəni həyatına töhfə verdiyini, milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(27.05.2026)


