Böyük “Molla Nəsrəddin”çi rəssam Featured

  

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan mətbuatının zirvəsində dayanan “Molla Nəsrəddin" dərgisindən danışdıqda, ilk olaraq ağlımıza Mirzə Cəlil gəlirsə, daha sonra həmən Əzim Əzimzadəni xatırlayırıq. Biri yazılarını yazır, digəri karikaturalarını şəkirdi...

Bu gün Əzim Əzimzadəni xüsusən xatırlamalıyıq, onun doğum günü, anadan olmasının 146-cı ildönümüdür.

 

Əzim Əzimzadə  7 may 1880-ci ildə Azərbaycana Məmməd Əmin Rəsulzadə, Lütvizadə, Mehdi Hüseynzadə kimi dahilər və qəhrəmanlar bəxş etmiş Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində alıb. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb.

1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub. Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri — xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olublar.

O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutub. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Yoxsulların toyu", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edib. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir.

Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub.

Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə biliblər. 1920–1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932–1937-ci illərdə isə direktor olub. Əzim Aslan oğlu Əzimzadə 1943-cü il iyun ayının 15-də Bakıda vəfat edib.

10 yaşından muzdlu əməklə məşğul olan balaca Əzim şəhərin varlılarından olan Ağabala Quliyevin tikdirdiyi evdə kuryerlik edib. Elə orada da Maslov soyadlı rus rəssamı ilə tanış olmuş, rəssama Ağabalanın evinin dekorativ şəkillərlə bəzəməsində yardımçı olmuşdur. Bir gün Ağabala Maslova dəyirmanın tarixi haqda rəsmlərini Parisdə Ümumdünya sərgisində nümayiş etdirməyi tapşırır. Maslov Əzimi də özünə yardımçı götürmək istəyir. Bunu eşidən Ağabala Əzimə bərk acıqlanır: "Ağlını başına yığ, sən müsəlman balasısan, fikrini ticarətə ver, rəssamlıq sənlik deyil". Amma Əzim Ağabalaya yox, öz ürəyinin səsinə qulaq asır...

Rəssam 23 yaşında ailə qurub. Həyat yoldaşı Səriyyə evdar qadın idi. Bu ailədə beş övlad böyüyüb: üçü oğlan - Abdulla, Həbib, Lətif, ikisi qız - Pəricahan, Sevda. Övladlardan yalnız Həbib atasının sənətini davam etdirib.

Rəssam həmişə lampa işığında işləməyi sevər, iş zamanı sakitliyə çox önəm verərmiş. Heyvan fiqurlarını çox xoşlayan rəssamın Qraf adlı  bir iti olub. Təsəvvür edin, həmin it poçtdan Əzimzadənin qonorarını gətirərmiş. Poçtda o iti hamı tanıyırmış. Qonorarı gələn kimi zəng edib Əzimzadəyə məlumat verirdilər, o da sədaqətli iti göndərərmiş...

Qonorardan söhbət düşmüşkən, Emin Sabitoğlunun atası, məşhur komediya müəllifi Sabit Rəhman Əzimzadə ilə zarafat etməyi xoşlayırmış. Bir dəfə Əzimzadə qəfəsdə çəkdiyi meymunlarla bağlı şəklini alqı-satqı komissiyasına təqdim edir. Həmin komissiyanın üzvlərindən biri də Sabit Rəhman olur. Əsəri komissiyaya Kazım Kazımzadə gətirir. Bu əhvalatı da Kazım müəllim danışıb.

Deyir, içəri girdim, əsəri təqdim etdim, birdən Sabit Rəhman dedi, bu üç şəklə 300 manat verərik. Bu, Əzimzadəyə pis təsir edir. Ondan sonra qəfəsdə iri meymun çəkib, altına "Sabir Rəhman" yazıb, Kazıma tərəf dönüb "apar bunu komissiyaya göstər" deyib. Kazım pərt halda içəri girir, deyir, çox üzr istəyirəm, amma bu şəkli Əzim müəllim göndərdi. Sabit Rəhman şəklə baxır, gülür və deyir bunun qiyməti yoxdur - 1 milyon. Sözünün üstündə də durur, bir milyon qonorar verir.

Əzimzadənin ürəyi çox yumşaq idi. Baxmayaraq ki, görkəmcə zəhmli adam təsiri bağışlayırdı. Görkəmli rəssam Kazım Kazımzadə onun tələbəsi olub. Həmişə danışardı ki, Əzimzadə dərsə gəlib, tələbələrin şəkillərinə baxıb az-maz gülümsənəndə başa düşürdük ki, onun xoşuna gəlib. Zəhmlə baxırdısa bilirdik ki, bəyənməyib.

Allah rəhmət eləsin!

 

("Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasının materiallarından istifadə edilmişdir)

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.