İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“O, çox istedadlı quruluşçu rəssam idi. Eskizləri, bədii tərtibat verdiyi əsərlər başqa rəssamlar üçün bir məktəb sayılırdı. O, zahiri effektləri, geyimləri elə seçirdi ki, təqdim olunan əsərin məzmunu təbii surətdə açılsın. Dekorasiyalar, bir növ, tamaşanın şərh edilməsində böyük rol oynayırdı.” -Əməkdar jurnalist Flora Xəlilzadə ona - Bədurə Əfqanlıya bu cür qiymət verir.
Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub. O, Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulub. Bədurə Ağamalova da ilk əvvıl Bakı Pedaqoji Texnikumuna daxil olsa da (1929), rəssam olmaq həvəsi onu Bakı Rəssamlıq Məktəbinə gətirib (1931) və o burada qrafika şöbəsində təhsil alıb. O, 1940-cı ildən 1960-cı ilin əvvəlinə qədər Akademik Milli Dram Teatrında quruluşçu rəssam kimi çalışıb.
İlk işi 1940-cı ildə rəssam Əsgər Abbasovla "Müsibəti-Fəxrəddin" (Nəcəf bəy Vəzirov) tamaşasma verdikləri tərtibat olub. Bundan sonra Süleyman Sani Axundovun "Eşq və intiqam" (1943), Uilyam Şekspirin "Otello" (1949 və 1959-cu il quruluşları), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", "Köhnə dudman", Boris Lavrenyovun "Amerikanın səsi" (1950), Cəfər Cabbarlının "Od gəlini", Hüseyn Muxtarovun "Ailə namusu" (1951) əsərlərinin tamaşaya hazırlanmasında tərtibatçı rəssam kimi çalışıb.
O, həmçinin Karlo Haldoninin "Məzəli hadisə", Vadim Sobkonun "ikinci cəbhə arxasında (1952)", Nazim Hikmətin "Türkiyədə" (1953), Maksim Qorkinin "Vassa Jeleznova" (1954), Cabbar Məcnunbəyovun "İldırım" (1955), İslam Səfərlinin "Yadigar" (1956), Ənvər Məmmədxanlının "Şirvan gözəli" (1957), Səməd Vurğunun "Fərhad və Şirin", Yuri Osnos və Viktor Vinnikovun "Hind gözəli" (1959) əsərlərinin tamaşaya hazırlanmasında tərtibatçı rəssam kimi çalışıb.
Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşası, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib. Cəfər Cabbarlının "Aydın", Məmmədhüseyn Təhmasibin "Bahar" (1940), "Aslan yatağı", Mirzə İbrahimovun "Məhəbbət" (1942), Zeynal Xəlilin "Qatır Məmməd", Səməd Vurğunun "İnsan" (1945), Leonid Malyuginin "Köhnə dostlar", İlyas Əfəndiyevin "İşıqlı yollar" (1947), "Bahar suları" (1948), Cəfər Cabbarlının "Solğun çiçəklər" tamaşalarında geyim eskizləri məhz ona məxsusdur.
Bədurə xanım 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam işləyib. Burada o, "Koroğlu", "Leyli və Məcnun", "Dəli Kür", "Böyük dayaq", "Dədə Qorqud", "O qızı tapın", "Qatır Məmməd" kimi ekran əsərlərinə geyim eskizləri çəkib. Onun bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və A. A. Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır.
Rəssamlıq sənətində qazandığı nailiyyətlər üçün Bədurə Əfqanlıya əməkdar incəsənət xadimi (21 iyul 1949) və xalq rəssamı (1 iyun 1974) fəxri adları verilib, "Şərəf nişanı" ordeni ilə təltif edilib.
Filmoqrafiya
- Koroğlu
- Leyli və Məcnun
- Böyük dayaq
- Dəli Kür
- O qızı tapın
- Sevil
- Qatır Məmməd
- Dədə Qorqud
Başlanğıcda Flora xanımdan sitat gətirdim. Ümumiyyətlə, Flora Xəlilzadə rəssam barədə yazdığı oçerkdə onun bütün yaradıcılığının səciyyəvi cəhətlərini göstərə bilmişdir.
Flora xanım yazır:
“Ötən əsrin əvvəllərində Azərbaycan teatr sənətinin inkişafında bir sıra istedadlı fırça ustaları öz əməyini əsirgəmədi. Əzim Əzimzadə, Rüstəm Mustafayev, Həsən Fətullayev və başqaları öz dəst-xətləri ilə teatrı bu çətinlikdən xilas etdilər. Azərbaycanda teatr-dekorasiya sənətinin inkişafında və təşəkkül tapmasında isə xalq rəssamı Bədurə Əfqanlının son dərəcə məhsuldar və gərgin əməyi dayandı
Bir fərəhli fakt da var ki, o, həm də ilk teatr rəssamı olan azərbaycanlı qadındır. Ümumiyyətlə, bu rəssamın taleyində ilkin olmaq qızıl xətt kimi keçir. 1920-ci ildə Bakıda təşkil olunan Bakı Rəssamlıq Məktəbinin milli rəssamların yeni nəslinin yetişməsində böyük rolu oldu. Maraqlıdır ki, həmin məktəbi bitirənlərdən biri də Bədurə Əfqanlı idi. Yenə də ilk azərbaycanlı qızlardan idi ki, professional təhsil alırdı.
O, Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulmuşdu. Dövrünün tanınmış ziyalılarından və geniş dünyagörüşlü şəxsiyyətlərindən olan Məlik Nəcəf oğlu özü rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki, böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu.
Bədurədə də kiçik yaşlarından incəsənətə böyük maraq vardı. Onlar yayda bütün ailə ilə Novxanıdakı bağ evlərində dincələrdilər. Bədurənin təbiətə, rənglər aləminə marağı da elə dəniz kənarında dalğalara, qağayılara diqqət kəsildiyi vaxtlardan başladı. İlk "teatrı" da Novxanıda görmüşdü Bədurə xanım. O, dini mərasimlərdə şəbih çıxaran insanlara maraqla baxardı.
Eləcə də milli bayramlarda, el şənliklərində, kənddə düzənlənən mərasimlərdə iştirak edər və bütün bunlar da Bədurənin yaddaşında dərin iz salardı. Sonralar orta məktəbdə oxuduğu illərdə dəftərinə çəkdiyi rəsmlərlə müəlliminin diqqətini cəlb edərdi. Əvvəlcə pedaqoji məktəbdə oxusa da, həvəsi onu rəssamlıq dünyasına çəkdi.
Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olan gənc qız dünya incəsənət tarixini öyrənməyə böyük həvəs göstərdi. Sonralar müxtəlif şəhərlərdə - Moskvada, Sankt-Peterburqda yerləşən qalereya, teatr və etnoqrafiya muzeylərini dolaşdı. Gördükləri fikirlərini bir istiqamətə yönəltmişdi. Bütün bunlar da onun fikrini qətiləşdirdi - teatr rəssamı olmalıdır. Diplom işinin mövzusu V.Şekspirin "Otello" faciəsi idi.
Çəkdiyi eskizlər, qurduğu kompozisiyalar, tapdığı yeni rəng çalarları onu həm təkrarçılıqdan uzaqlaşdırdı, həm də özünəməxsus bir diplomçu kimi fərqləndirdi.
90 il ömür sürmüş Bədurə Əfqanlı bu bitkin həyatın 70 ilini teatra bağlayıb. 1930-cu ildə həyat yoldaşı Rza Əfqanlının quruluşçu rejissoru olduğu "Qaçaq Kərəm" tamaşasının bədii tərtibatı da məhz Bədurə Əfqanlıya məxsusdur
Uzun illər Rza Əfqanlı ilə birlikdə uğurlu tamaşaların səhnə həyatına ömür verdilər. Onların birgə hazırladığı tamaşalardan "Şeyx Sənan" faciəsi, "Aşıq Qərib" operası, "1905-ci ildə" və "Sevil" pyesləri haqqında o dövrün mətbuatında maraqlı fikirlər var. Sonralar bir müddət Aşqabadda çalışsalar da, yenidən Bakıya qayıdan ailə öz yaradıcılıq işlərini doğma şəhərdə davam etdirib.
1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət edilən Bədurə xanım burada uzun müddət rəssam kimi çalışıb. Bu rəssamın ən müsbət cəhətlərindən biri də bu idi ki, o, heç vaxt rəssam fırçasına, istedadına arxayın olmazdı. Bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyar, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini, geyim tərzini dəqiqliklə araşdırardı.
Bu səbəbdən də onun tamaşalara verdiyi tərtibat həm sadəliyi, həm ciddiliyi, həm də əsərin mövzusu ilə həmahəng olması ilə seçilirdi. Xüsusilə də Cəfər Cabbarlının pyeslərinə hazırladığı dekorasiyalar, eskizlər bu tamaşaların uğurlu alınmasında böyük rol oynadı. İkinci dünya müharibəsi illərində və sonra teatrlarda qoyulan tamaşaların, demək olar ki, əksəriyyətinə bədii tərtibat Bədurə Əfqanlı tərəfindən verilirdi.
Mütəxəssislər həmişə bu fikri təsdiqləyirdilər ki, Bədurə xanımda bir rəssam kimi əsl sənət əsəri yaratmaq üçün lazım olan bütün komponentlər - istedad, əməksevərlik, axtarış həvəsi, professional yetkinlik var idi. Bəlkə də elə bu səbəbdəndir ki, onun quruluşçu rəssamı olduğu tamaşalar həmişə monumental xarakter daşıyırdı. Rənglərin çalarlarından məharətlə istifadə edərək teatr estetikasının daha zənginləşməsinə nail ola bilirdi.
Onun bədii tərtibatı səhnələşdirilən pyesin ideyasını açmaqda rejissora kömək edirdi. Bu səbəbdən də həm rejissorlar, həm də dramaturqlar Bədurə xanımla işləməyi çox sevərdilər. Rənglər vasitəsilə tamaşaçıda xoş ovqat yarada bilirdi. Bədurə Əfqanlı yaradıcılığının tədqiqatçısı sənətşünas Dilarə Səfərəliyeva yazırdı: "Bədurə Əfqanlı gözəl geyim eskizlərində hər bir əsərin ideyasının xarakterinə dərindən nüfuz etmək nümunəsi göstərmişdir".
O, təkcə teatrda deyil, kinostudiyada da fəaliyyət göstərərək müxtəlif ekran əsərlərinə geyim eskizləri çəkərdi. Bu filmlərə indi də maraqla baxılır: "Koroğlu", "Leyli və Məcnun", "Böyük dayaq", "Dəli Kür", "Dədə Qorqud", "O qızı tapın", "Qatır Məmməd" və s. Bədurə Əfqanlının yaradıcılığından danışarkən onun müxtəlif ansambllar və ifaçılar üçün hazırladığı geyimlərdən söz açmamaq olmur. Onun bu sahədəki fəaliyyətinə bütün dünya bələd idi. Həm fərdi sərgiləri keçirilərdi, həm də eskizləri əsasında geyinən ifaçılar bütün planeti dolaşardılar.
Unudulmaz Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi həmişə Bədurə xanımın məsləhət gördüyü geyimlər əsasında konsert tamaşalarına gedərdilər. Xüsusən rəqs kollektivləri həm milli rəqslərimizi, həm də geyimlərimizi nümayiş etdirirdilər. Yaradıcılığı həmişə yüksək qiymətləndirilərdi. 1974-cü ildə xalq artisti fəxri adına layiq görülən Bədurə Əfqanlı sənətinin vurğunu idi.
Bəlkə də elə bu səbəbdəndir ki, onun irsi bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Teatrın bədii tərtibatı ilə məşğul olan hər kəs bu unudulmaz şəxsiyyətin bədii irsindən öyrənməkdədir. Bədurə Əfqanlı yaradıcılığı, sözün əsl mənasında, məktəb idi. Bu məktəbin dərsləri indi də davam edir. Özü olmasa da... sənəti yaşayır!”
Bədurə Əfqanlı 7 may 2002-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.05.2026)


