Tələbə yaradıcılığı – “Niyə dəbilqələrdə buynuz elementi istifadə olunub”? Featured

 Xədicə Həmidova,

Azərbaycan Rəssamlıq Akademiyasının “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə IV kurs tələbəsi.

“Ədəbiyyat və incəsənət”

 

Dəbilgə qədim dövrlərdən bəri istifadə olunan əsas döyüş elementlərindən biri olmuşdur. Zirehli dəbilgə insanı, xüsusilə döyüşçünü müharibə və döyüş zamanı baş nahiyəsinə dəyə biləcək xarici təsirlərdən, zərbələrdən qoruyan müdafiə vasitəsidir.

 

Dəbilgə çox qədim tarixə malikdir. Onun yaranması ibtidai dövrlərə gedib çıxır. İlk nümunələr sadə formada dəridən, ağacdan və ya qalın parçadan hazırlanırdı. Daha sonralar metallurgiyanın inkişafı ilə birlikdə tuncdan, dəmirdən və poladdan hazırlanmış daha möhkəm dəbilgələr meydana çıxmışdır.

Əgər biz qədim Miken sivilizasiyası abidələrinə və sərdabələrinə nəzər salsaq, burada maraqlı dəbilgə nümunələri ilə rastlaşırıq. Miken döyüşçülərinin istifadə etdiyi bəzi dəbilgələr qaban dişlərindən hazırlanırdı.

Qədim dövrdə dəbilgələr mis və hətta qızıldan da hazırlanırdı. Lakin bu qiymətli materiallardan düzəldilmiş nümunələr əsasən yüksək təbəqə nümayəndələri və varlı döyüşçülər üçün əlçatan idi. Daha aşağı statuslu döyüşçülər isə sümükdən, ağacdan, dəridən və ya parçadan hazırlanmış daha sadə dəbilgələrdən istifadə edirdilər.

Orta Asiyada formalaşmış dəbilgə ənənələrinin təsiri ilə Avropada da bu elementin inkişafı baş vermişdir. İlk Avropa dəbilgələri nisbətən sadə və primitiv quruluşa malik idi. Onlar əsasən baş hissəsini örtür, lakin boyun və üzün bir hissəsi açıq qalırdı. Buna görə də həmin erkən Avropa dəbilgələrinin müdafiə funksiyası daha zəif hesab olunurdu və Şərqdə formalaşmış daha kompleks zirehli sistemlərlə müqayisədə daha aşağı səviyyədə idi.

Azərbaycan ərazisində isə dəbilgə nümunələri çox qədim və zəngin inkişaf yoluna malikdir. Burada Qafqaz Albaniyası dövrünə aid dəbilgələr, eləcə də sonrakı İslam dövrünə aid zireh nümunələri aşkar edilmişdir. İslamın gəlişindən sonra hərbi sənətkarlıq daha da inkişaf etmiş, dəbilgə istehsalı da təkmilləşmişdir.

Bu baxımdan Səlcuqlular, Atabəylər və daha sonra Səfəvilər dövrünə aid dəbilgə nümunələri xüsusilə diqqət çəkir. Bu dəbilgələrin üzərində ərəb dilində dualar, epiqrafik yazılar, həmçinin müxtəlif ornamental və nəbatat motivləri geniş şəkildə istifadə olunmuşdur.

Dəbilgələr ümumilikdə müxtəlif tiplərə ayrılır və onların içində ən maraqlı formalarından biri buynuz motivli dəbilqə lərdi. Buynuzlu dəbilgələrin funksiyası və mənası isə coğrafi və mədəni kontekstdən asılı olaraq fərqli şəkildə izah olunur. Ən qədim buynuzlu dəbilgə nümunələri ilə bağlı arxeoloji və təsviri materiallara baxdıqda müxtəlif regionlardan maraqlı məlumatlar əldə etmək mümkündür. Məsələn, Şimali Britaniya bölgələrində buynuz motivli təsvirlərə rast gəlinmişdir. Bəzi nümunələrdə maral buynuzuna bənzər elementlərin istifadə olunduğu ehtimal edilir.

Bəzən buynuz motivi yalnız heyvan buynuzu formasında deyil, həm də ilan və əjdaha kimi stilizə olunmuş təsvirlər vasitəsilə ifadə edilirdi. Bu cür formalar vizual olaraq buynuz təsirini yaradırdı.

Qeyd etmək lazımdır ki, buynuzlu dəbilgə nümunələri əsasən birbaşa arxeoloji tapıntılardan çox, təsviri mənbələr və ikonografik materiallar vasitəsilə tanınır

«Buynuzlu dəbilgə» deyildikdə çox zaman vikinqlər yada düşür. Lakin tarixi və arxeoloji araşdırmalar göstərir ki, vikinqlərin döyüşdə buynuzlu dəbilgələrdən istifadə etməsi faktı təsdiqlənmir. Bu obraz daha çox sonrakı dövrlərin bədii və romantik təsəvvürlərinin nəticəsidir.

Buna baxmayaraq, 19–20-ci əsrlərdə Skandinaviya ərazisində aparılan bəzi tapıntılar və təsvirlər, xüsusilə ritual xarakterli obyektlər, buynuz motivinin qədim dini və simvolik mənalar daşıdığını göstərir.

Əslində buynuz motivli dəbilgələr və baş geyimləri daha çox Tunc və Erkən Dəmir dövrünə aid ritual və simvolik kontekstdə rast gəlinir. Bu nümunələr əsasən Kelt dünyası ilə əlaqələndirilir və döyüşdən çox mərasim və dini ayinlərdə istifadə olunduğu düşünülür.

Məsələn, Vaterlo dəbilqəsi bu baxımdan ən məşhur tapıntılardan biridir. Bu dəbilgə Britaniya ərazisində, Temza çayından aşkar olunmuş və öz forması ilə ritual xarakter daşıdığı qəbul edilmiş nümunələr sırasındadır. Belə buynuzlu dəbilqə sonrakı dövrlərdə, xüsusilə müasir kinematoqrafiya və populyar mədəniyyətdə “Viking obrazı” ilə əlaqələndirilsə də, bu əlaqə tarixi faktlardan çox, sonrakı bədii interpretasiyaların nəticəsidir.

Skandinaviya və Danimarka ərazilərində tapılan bəzi buynuz motivli təsvirlər də çox vaxt birbaşa “Kelt mədəniyyətinə aid materiallar” kimi yox, daha geniş Avropa Tunc dövrünün bir hissəsi kimi qiymətləndirilir. Bu təsvirlərdə buynuz elementi çox vaxt güc, status və dini simvolika ilə əlaqələndirilir.

Skandinaviyada, Danimarkada tapılmış buynuzlu təsirlər də yenə də kelt mədəniyyətinə aid edilir və yenə də ritual məqsədini özündə əks etdirirdi və yenə də skandinav və keltlərə xas olan tanrı olan Odin kultu ilə əlaqələndirmişdilər. Çünki tanrı Odinin simvolu olan iki quş buynuz kimi stilizə olunaraq dəbilqədə istifadə olunurdu.

Danimarkadan tapılmış buynuzlu dəbilgə nümunələrinə baxsaq, daha doğrusu təsvirlərə nəzər yetirsək, bəzi fiqurlarda əlində öküz buynuzlu dəbilgə formasını, digərlərində isə maral buynuzlarına oxşar elementləri görmək mümkündür.

Tunc dövrü kimi erkən mərhələlərdə metal dəbilgələrin geniş yayılması hələ formalaşmamışdı. Buna görə də bəzi hallarda buynuzlu baş geyimləri və ya ritual atributlar heyvan başlarının və buynuzlarının birləşdirilmiş formasında istifadə olunurdu. Məsələn, maral başı və buynuzları birlikdə ritual məqsədli baş geyimi kimi çıxış edə bilirdi.

XVIII əsrdə Skandinaviya və Avropada buynuzlu dəbilgələr tapılırdı. Bu nümunələr çox vaxt sadə papaq formasında olur və üzərində öküz buynuzuna bənzər S-vari element ilə tərtib olunurdu.

Erkən mərhələlərdə buynuzlar çox vaxt məhsuldarlıq, təbiət gücü və ilahi qüvvələrlə əlaqələndirilirdi. Daha sonrakı dövrlərdə isə bu simvolika ovçuluq, döyüşçü gücünün göstəricisi kimi də şərh olunmağa başladı.

Bəzi şamanik və ritual ənənələrdə buynuzlu baş geyimləri xüsusi mərasimlər zamanı istifadə olunurdu. Bu geyimlər vasitəsilə şamanların trans vəziyyətinə keçməsi, ritual rəqslər etməsi və ruhlar aləmi ilə əlaqə qurması kimi inanc və praktikalara rast gəlinirdi.

Lakin xristianlığın Avropada yayılması ilə simvolik sistemlər də dəyişməyə başladı. Bu dövrdən etibarən bəzi qədim pagan simvolları yeni dini baxış çərçivəsində mənfi və ya şeytani mənalarla interpretasiya olunmağa başladı. Nəticədə buynuz motivi də bir sıra təsvirlərdə qorxu və şər ilə əlaqələndirildi və əvvəlki ritual kontekstindən uzaqlaşdı.

Buynuz elementi yalnız Avropa ərazisində deyil, Şərq mədəniyyətlərində də müxtəlif formalarda istifadə olunmuşdur. Əgər Avropada buynuzlar daha çox məhsuldarlıq və ritual simvolikası ilə əlaqələndirilirdisə, Şərqdə bu motiv fərqli məna çalarları qazanmışdır.

Məsələn, Yapon mədəniyyətinə nəzər yetirsək, Samuraylar üçün hazırlanmış dəbilqələrdə müxtəlif dekorativ elementlərə rast gəlinir. Bu elementlər bəzən buynuza bənzər formalar alırdı və əsasən status, güc və liderlik rəmzi kimi çıxış edirdi.

Bu cür bəzəklər bir neçə funksiyanı daşıya bilərdi: düşməni psixoloji cəhətdən təsirləndirmək, döyüşçünün hansı klana və ya orduya aid olduğunu göstərmək, həmçinin onun yüksək rütbəsini və lider mövqeyini vurğulamaq. Bəzən buynuzların arasında güzgü şər qüvvələri qorumaq üçün istifadə edilirdi.

Hind–fars mədəniyyətində buynuz motivi güc, qüdrət və qorxuducu təsir simvolu kimi müxtəlif formalarda özünü göstərmişdir. Bu cür elementlər döyüşçünün statusunu vurğulamaq və düşmən üzərində psixoloji üstünlük yaratmaq məqsədi daşıyırdı. Lakin buynuzlu dəbilqələrin praktiki döyüş istifadəsi baxımından hər zaman əlverişli olmadığı üçün onların daha çox dekorativ və simvolik xarakter daşıdığı ehtimal edilir.

Hind–İran və Azərbaycan mədəni mühitində bəzi zireh nümunələrində “qorxuducu maska” tipli dəbilqələrə rast gəlinir. Bu dəbilqələrdə göz, üz və bəzən heyvani və mifoloji elementlər təsvir olunurdu. Bu cür təsvirlər düşməni qorxutmaqla yanaşı, döyüşçünün mistik və ya fövqəltəbii gücə malik olması ideyasını da ifadə edirdi. Bəzi hallarda bu kompozisiyaya buynuz motivləri də əlavə edilirdi ki, bu da obrazın daha da aqressiv və güclü görünməsinə xidmət edirdi.

Zərdüştilik mədəni təsiri ilə formalaşmış mifoloji dünyagörüşündə “div” obrazı da mühüm yer tutur. Azərbaycan və İran folklorunda geniş yayılmış bu obraz sonrakı dövrlərdə ədəbiyyat və incəsənətdə də öz əksini tapmışdır. Məhz div maskası və div buynuzları Azərbaycan dəbilqələrində XIX əsrə kimi istifadə olunurdu.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.