Onun böyük uğur qazanan əsərləri incəsənətimizin qızıl fonduna daxil olub Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

 

Nizaminin 7 gözəl və Bəhram poemasının motivləri əsasında yaranmış heykəllər silsiləsi. Bu işlər müəllifin qadın portretində rəgarəngliyə, psixoloji tamlığa cəhd etməsindən xəbər verir. Hər bir millətin özünün müsbət, kəskin xarakterini, geyimini, düşüncə tərzini, incəliyini verə bilib.

Müəllifsə Həyat Abdullayevadır.

 

Həyat Həmdulla qızı Abdullayeva 1912-ci il oktyabr ayının 14-də Dərbənd şəhərində anadan olub. O, məşhur balıq sənayeçisi Həmdulla Abdullayevin qızıdır. Atasının güllələnməsindən sonra 1930-cu ildə anası ilə birlikdə Qazaxıstana sürgün edilib. 1942-ci ildə Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub.

Həmin illərdə Həyat xanım "Tutu xanım", "Həsən bəy Zərdabi" kimi əsərlərini yaradıb. Həyat Abdullayeva dəzgah heykəltaraşlığı sahəsində ilk ali təhsilli heykəltaraş qadın olub. Təhsilini başa vurduqdan sonra o, Bakıya qayıdır və Bakı Rəssamlıq Texnikumunda dərs deyir. O, Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda sənətin sirlərini P.Sabsayın emalatxanasında alıb.

Həyat xanımın yaratdığı ilk işi "Gənc oğlan"ın portretidir. 1950-ci ildən heykəl portretlərin, monumentlərin və kiçik formalı plastik əsərlərin — "Ana" (1955), "Yeddi gözəl" (1957) heykəlcikləri, "Həcər" (1959), "Gənclik" (1960), "Lay-lay" (1963) heykəl-kompozisiyaları, Molla Pənah Vaqifin abidəsi (1957), "İki qız" (1967), "Vəcihə Səmədovanın portreti" (1970), "Sənsiz" (1972), "Şah İsmayıl", "Natəvan" və s. kimi yaddaqalan əsərlərin müəllifidir.

 "Lay-lay" kompozisiyasında körpəsinə ayaqları üstündə lay-lay çalan gənc qadın — ana təsvir olunub. Bu əsər naturadan işlənib. Böyük uğur qazanan bu əsər incəsənətimizin qızıl fonduna daxil olub. 1950-ci ilin ortalarında kiçik formada kompazisiyalı Nizami Gəncəvinin "7 gözəl" əsəri (forforda) tətbiqi sənət sahəsində ən baxımlı işdi:

"7 gözəl" əsərində olduğu kimi heykəltaraş da müsbət surətlərin aydınlığı ilə təsvir edib. Həyat xanımın uşaqlara həsr olunan məzmunlu kompazisiyaları yaradıcılığında xüsusi yer tutur. Uşaqların sadə təmiz mənəviyyatının təsvirinə, xarakteristikasına tamaşaçıların diqqətini cəlb etmişdi. Sovet ədəbiyyatının banisi Maksim Qorkinin heykəlini hazırlayıb.

Heykəl M.F.Axundov adına Milli Kitabxananın fasadında qoyulub. Həyat Abdullayeva Azərbaycan rəssamlıq sənətində xüsusi yer tutur. Onu başqalarından fərqləndirən cəhətlərindən biri də bir şəxsiyyət kimi əsərləri ilə özü arasındakı yaxınlıq, böyüklük və səmimilikdir. Azərbaycanın görkəmli heykəltaraşına 1964-cü ildə Əməkdar incəsənət xadimi adı verilib.

2002-ci ildən prezident təqaüdçüsü olub. Həyat Abdullayeva 21 aprel 2006-cı ildə Bakıda vəfat edib. 2014-cü ildə rejissor Yavər Rzayev “Gözümün işığı və ya qəribə heykəltaraş ömrü” adlı film çəkmişdir. Film Həyat Abdullayevanın 100 illik yubileyinə həsr olunub. Filmin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.