Xalq rəssamı Aydın Rəcəbovun doğum günüdür Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sən xalçaçı-rəssam Lətif Kərimov xalçaçılıq məktəbinin yetirməsi olasan. Əlbət ki, bu, az iş deyil. Bununla yanaşı öz fərdi yaradıcılıq üslubunu formalaşdırasan və yaradıcılığın ənənələrə bağlılığa və müasirliyin sintezinə əsaslana. Və sənin xalça və naxış yaradıcılığında poeziya qaynaqlarına, Azərbaycanın orta əsr miniatür ənənələri və kompozisiya quruluşuna müraciət əsas yer tuta...

 

Aydın Rəcəbov 9 aprel 1944-cü ildə Bakı şəhərində anadan olub. O, 1966-cı ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş və həmin il Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. İkinci kursdan M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun xalça kafedrasında təhsilini davam etdirmiş və buradan 1972-ci ildə məzun olub

Rəssam 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü, 1991-ci ildə isə Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü seçilib. O, 2012-ci ildə Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin rəhbəri təyin olunub

Qeyd etdik ki, onun xalça və naxış yaradıcılığında poeziya qaynaqlarına, Azərbaycanın orta əsr miniatür ənənələri və kompozisiya quruluşuna müraciət əsas yer tutub. Rəssamın bu qəbildən olan əsərlərinə "Şirinin Bisituna gəlməsi", "Bahar qızı", "Şərq gözəli", "Ud ifaçısı", "Çövkən oyunu", "Şahın elçiliyi" və başqaları daxildir. Bundan əlavə, "Münəccimlər", "Əncir ağacı", "Süvari dərviş", "Dür at", "Günəş gəzdirən ağ dəvə", "Qurbanlıq qoç", "Əkinçi qoca", "Mücərrəd Qımıl", "Dünya ağacı və ya badam ağacı", "Simurq", "Faytonçu", "Həmsöhbət kişilər" kimi əsərləri rəssamın yaradıcılığında xüsusi yer tutur

Aydın Rəcəbovun 2005-ci ildə Bakıda və Stokholmda fərdi sərgiləri keçirilib. O, respublika və beynəlxalq sərgilərində müəllifi olduğu xalçaları ilə iştirak edib. Xalçaçı rəssamın əsərləri Azərbaycan muzeylərində və Almaniya, Türkiyə, İtaliya, İspaniya, İsveçrə, Fransa və digər ölkələrdə müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.

 

Mükafatları

1. "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı

2. "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı

3. "Soltan Məhəmməd" mükafatı

 

Müsahibələrinin birində öz yaradıcılıq kredosunu belə aşıqlayır:

“Rəssamlar İttifaqının rəyasət heyəti Zəfər gününün ildönümü münasibətilə rəssamların geniş bir sərgisini keçirmək niyyətində olduğunu bildirəndə mən də daxil olmaqla hər bir rəssam axtarışlara başladıq. Son bir ildə biz Qarabağla bağlı o qədər informasiya almışıq ki, onların hərəsi bir mövzudur. Bunları ümumiləşdirib bir əsərlə çıxış etmək olduqca çətindir. Ancaq biz rəssamlar Zəfər yürüşü ilə bərabər Azərbaycan tarixini də göstərmək istəyirik. Çünki elə rəssamlar var ki, tarixi mövzuda Xətaidən, digəri isə tarixi qəhrəmanımız Babəkdən bir süjet yarada bilər. Biz hətta Azərbaycan Demokratik Respublikasının qurulmasında iştirak edən türk qoşunlarının da rəşadətini göstərə bilərik. Əminəm ki, hər bir rəssamın bu mövzularla bağlı yarımçıq qalmış əsərləri var. Onlardan nəinki fırça ustaları, eyni zamanda keramika, metal, xalça və rəssamlığın digər növləri ilə məşğul olan peşəkarlar bu sərgidə çıxış edəcək. Onlar öz işləri ilə bağlı əvvəlcədən məlumat verməyi sevməsələr də əminəm ki, bu möhtəşəm tədbirimizdə ortaya mükəmməl bir əsər qoyacaqlar”.

Oxuculara çatdıraq ki, sözügedən sərgi möhtəşəm keçdi. Əgər özünə, öz sənətinə qarşı bu qədər tələbkarlıq olarsa, niyə də möhtə.əm keçməsin ki?

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.