Azərbaycan torpağının zəngin gözəlliklərini tabloya köçürüb Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Belə bir deyim var: rəssam öz əsərləri haqqında danışmamalı, əsərlər rəssam haqqında danışmalıdır. Hər bir rəssam özünün müəyyən olunmuş üslubu çərçivəsində orijinal dünyagörüşünü saxlayır. Əsərləri özü, dünyagörüşünün dərinliyi haqqında danışan fırça ustalarından biri də Asəf Cəfərovdur.

 

Azərbaycan SSR xalq rəssamı Asəf Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olub.  Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini alıb, B.İ. Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirib. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilib. "Bilərzik seçimi" həmin dövrün seçilən işlərindəndir.

Asəf Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaradıb. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edib. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaradıb. Buna misal olaraq "Tarlada", "Dəniz kənarında", "Görüş", "Mənim Azərbaycanım", "Musiqiçilər" və başqalarını qeyd etmək olar.

O, həm də bir çox portretlərin muəllifidir. Buna misal olaraq onun "Ə.Vahid", "V.Mustafazadə", "S.Bəhlulzadə", "Arif Məlikov", "Cəfər Cabbarlı", "Vəcihə Səmədova", "Rəşid Behbudov" və s. portretlərini göstərmək olar. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətlərindən sonra maraqlı əsərlər yaradıb. "Bakıda qar", "Qaş-Qaş", "Xəzər dənizi" adlı mənzərələri fırça ustasının belə əsərlərindəndi.

O, həmçinin Abşeron mənzərələri silsiləsi üzərində işləyib: "Abşeron", "Daş hasarlar", "Maştağa kəndi", "Abşeronun qızıl qumları", "Bakıda qış", "İsti gün", "Qış", "Əncir kolu", "Bahar", " Axşam motivi" və s. A.Cəfərov tarixi janra da müraciət edib. Bu sıradan "Nəsimi azad düşüncəlilərin məclisində", "Oyanış" əsərlərinin adını qeyd etmək olar.

Asəf Cəfərov yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s.) yeni ruhlu tablolar yaradıb. Rəssam bir çox beynəlxalq sərgilərin iştirakçısı olub, Avstriyada "Dünya Təsviri Sənət Sərgisi"-də "Qran Pri" mükafatını qazanıb.

Sənətşünas Ziyadxan Əliyev rəssam haqqında yazarkən qeyd edir ki, Azərbaycan rəssamlığında elə sənətkarlar var ki, yaradıcılığı ilə ətraflı tanış olmağımıza baxmayaraq, onlar həmişə açılmamış kitaba bənzəyirlər. Onlar hansısa yeni əsərləri ilə yaradıcılıq imkanlarını yekunlaşdırmır, əksinə, nəyəsə keçid mahiyyəti daşıyırlar.

Azərbaycan Dövlət Rəsm Qalereyasının Elmi-metodik və bərpa şöbəsinin

böyük elmi işçisi Səbinə Şıxəliyeva rəssam barədə yazır:

“Yaradıcılıq imkanlarını nəhayətsizləşdirərək tamaşaçını sanki bitib tükənməyən bir intizara məhkum edən rəssamlardan biri də Asəf Cəfərovdur. Rəssam kompozisiya nöqteyi-nəzərindən çoxsaylı təbiət guşələrini real təsvir edərkən Azərbaycan torpağının zəngin gözəlliklərini tabloya köçürmüşdür. Təsvir etdiyi hər bir təbiət mənzərəsi kompozisiya cəhətdən zərif koloritli ahənglərlə zəngindir.

 Seçdiyi hər bir rakurs tamaşaçının qarşısında tamamilə fərdi, təkrarsız obrazlar yaradır. Asəf Cəfərov boyakarlığın ifadə vasitələrinin bütün toplusundan, xüsusilə də kolorist imkanlardan məharətlə istifadə edir, əsərlərində çox yüksək dekorativ ifadəliyə nail olur. Rəssamın peyzajlarına nəzər salarkən aydın olur ki, o, üstünlüyü təbiət mənzərələrinə verir. Bu peyzajlarda isə biz daha çox Abşeron qəsəbələrinin və İçərişəhərin görüntülərini görə bilərik”.

Böyük sevgi və lirik fəlsəfi mövzuda yaradılan əsərlər rəssamın yaradıcılığının əsasını təşkil edir. Onun əsərləri yerli və xarici muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır. Bu muzeylər sırasına Moskvadakı Tretyakov Qalereyası, Şərq Xalqlarının İncəsənət Muzeyi, İstanbuldakı Müasir Sənətlər Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi daxildir.

Rəssam Asəf Cəfərov 3 aprel 2000-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.