İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bakı kəndlərinin koloriti bir ayrıdır. Xəzər, qumlu sahil, günəş – bunlar bitkin bir kompzisiya təşkil edirlər. Buranın rəng çaları da isti rənglərdən frmalaşır adətən. Odur ki, buralardan tanınmış rəssamlar çıxmaqdadır. Ötən dəfə Əmircandan Səttar Bəhlulzadə, Buzovnadan Mirnadir Zeynalov barədə danışmışdıq. Bu gün növbə Nardarandan Adil Rüstəmovundur.
Azərbaycan Respublikasının əməkdar rəssamı, professor Adil Rüstəmov 11 mart 1943-cü ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq Universitetini bitirib. 1975-ci ildə Rəssamlar İttifaqına qəbul edilib. 1981-ci ildə 3 qrafik rəssam ilə birgə sərgi keçirib. 1985-ci ildə Arktika adlı fərdi sərgisini, 1991-ci ildə Lirika və Poeziya adlı fərdi sərgisini keçirib.
1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı adına layiq görülüb. 1994-cü ildə "Əliağa Vahid — 100" adlı fərdi sərgisini, 1996-cı ildə "Füzuli — 500" adlı fərdi sərgisini keçirib. 1996-cı ildə Novosibirsk şəhərində BİENAL-qrafika 99 Beynəlxalq Sərgisində iştirak edib. 2000-ci ildə Azərbaycanda və Türkiyədə fərdi sərgiləri təşkil edilib. Rəssamlıq Akademiyasında müəllim kimi çalışıb.
2010-cu ildə Xocalı soyqırımının ildönümü münasibətilə Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Adil Rüstəmovun "Qarabağ şikəstəsi" adlı fərdi sərgisi keçirilib. Sərgidə 40 qrafika nümunəsi nümayiş etdirilib. 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı olub. 1997-ci ildə "Humay" mükafatına, 30 may 2002-ci ildə isə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülüb.
Əməkdar rəssam ömrünün son günlərini Fransada yaşayıb. Müsahibələrindən birinə nəzər saldıqda, onun xarakterinə də bələd luruq, yaradıcılıq sirlərinə də.
-Oxucuya özünüzü necə təqdim edərdiniz?
-Mən təmiz bakılı, ata-babadan nardaranlı, 1943-cü ildə Bakının yuxarı məhəllələrində doğulub, boya-başa çatmış, 71 yaşlı əməkdar rəssam, professor, hal-hazırda bir neçə xəstəliyimlə əlaqədar təqaüddə olan rəssam. Füzuli demişkən:
Ömrüm nə mənasız, nə hədər keçdi,
Sənətdən hələ çox bixəbər keçdi,
Ömrüm keçdisə də "əfsus" demirəm,
Əfsus o ömrə ki, bisəmər keçdi.
-Vətəndən uzaq olan sənətkar, yəqin ki, yaradıcılıqdan uzaq deyil...
-Böyük türk şairi Nəcib Fazil Qısakürəyin aforizmi var: "Könlüm uçmaq dilərkən səmavi ölkələrə, ayaqlarım takılıyor yerdəki kölgələrə". Mən xəstəxanada, hətta əməliyyatdan çıxandan sonra da, infarktdan yatanda da əlim karandaşa, fırçaya "takılıb". Yanıma gələnlərə zarafatca deyirəm ki, hər biri çox vaxt ölüm ilə nəticələnə biləcək xəstəliklərdən çıxmağıma səbəb sənətim olub. Əzrayıl hər gələndə görür ki, əlimdə işim var, deyir, işini qurtarsın, sonra aparım. Tərslikdən, iş də qurtarmır.
-Avropada yaşayırsız və yəqin ki, avropa təsirli, Azərbaycan ruhlu yeni işləriniz olur. Bəs o işlərinizdən ibarət sərgi düşünmüsünüzmü?
-İstər-istəməz həmişə yaradıcılığında axtarışda olan, yeni ab-havasız yaşaya bilməyən, daim işləyən sənətkar sənətdə heç vaxt bir yerdə dayanmır, dayanırsa, deməli, tükənib. F.Qoca "Şairlər cavan qalmağın sirrini bilir, şairlər çox gec qocalır, Bəlkə də heç qocalmır, cavan olur" deyib. Rəssamlar və bütün yerində təpik vurmayan yaradıcı insanlar daim axtarışda olurlar. Mən deyərdim, insanlar ağır xəstəliklərə də düçar olsalar, zaman və məkana uyğun əsərlər yaradırlar. Bir də sənət aləmində başlıca meyar nə gənclikdir, nə də qocalıq. İstedad və idrakdır.
-Hal-hazırda ürəyinizdən nə keçir?
-Zər qədrini bilən zərgərlərlə bir yerdə olmaq, görüşmək, ikincisi, Abşeronun, Xəzərin sahilləri, üçüncüsü Rəssamlıq Akademiyasındakı tələbələrimi, müəllim kollektivini görmək. Hamısından yüksək hörmət görmüşəm, yerim xüsusi idi. Bir maraqlı insan kimi, söhbətcil insan kimi, dostların ev qonaqlıqlarında çox dadlı yeməklər bişirən kimi, toy mərasimlərində, ad günlərində hamıdan fərqli sağlıq deyən kimi, ən əsas rəssam kimi öz millətimin məni sevənlərinin yanında olmaq ürəyimdən keçir.”
Rəssam 22 mart 2018-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.03.2026)


