İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sizə haqqında danışacağım heykəltaraş Görüş Babayevdir. Onu dost-tanışları həmişə emalatxanasında tapardı, bu deyim də ordan yaranıb - Görüşlə görüş yeri emalatxanadır.
Görüş Babayev 17 fevral 1943-cü ildə Bakıda, Nurəddin Babayevin ailəsində anadan olub. O, 12 nömrəli musiqi məktəbinin fortepiano sinfində oxuyub və 1959-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltaraşlıq şöbəsinə daxil olub. Məktəbi bitirdikdən sonra təhsilini Leninqradda Rəssamlıq Akademiyasının monumental heykəltaraşlıq fakültəsində davam etdirib.
Bakıya qayıtdıqdan sonra Ömər Eldarovun rəhbərliyi altında yaradıcılıq emalatxanasında heykəltaraşlıq sənətini öyrənməyə davam edib. Görüş Babayev həm Azərbaycanda, həm də digər ölkələrdə təşkil olunan müxtəlif sərgilərdə iştirak edib, beynəlxalq müsabiqələrin qalibi olub. Heykəltaraş pedaqoji fəaliyyətlə də məşğul olub. O, on il Türkiyədə müəllim kimi fəaliyyət göstərərək heykəltaraşlıqdan dərs deyib və "Türkiyə yuxuları" silsiləsindən əsərlərini işləyib
Onun əsərləri sırasına 1981-ci ildə Mirzə Şəfi Vazehə Gəncədə ucaldılmış abidə, Türkiyənin Ərzurum şəhərində "Arfa çalan qız", Sumqayıtda "Nizami Gəncəvi", "20 Yanvar şəhidlərinə abidə" və başqaları daxildir. Heykəltaraşın əsas işləri Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin heykəli və Bakıdakı "Dədə Qorqud" abidəsinin hesab olunur.
"Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülüb
“Ədəbiyyat və incəsənət”
(17.02.2026)


