İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Xalq rəssamı adını almaq böyük yüksəkliyi fəth etmək deməkdir. Xüsusən, dahi rəssamlar yetişdirən Azərbaycanda rəssamlığın önündə qərarlaşmaq çətindir...
Altay Hacıyev 2 aprel 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. 1962–1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb.
1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunmuşdur. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsü olub. Rəssamın bir neçə fərdi sərgisi təşkil olunub. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri keçirilib.
Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır. "Azərnəşr"də işlədiyi müddətdə dövrün tanınan yazıçıları, şairləri ilə tanış olub, onların yaradıcılığını öyrənib. O, bir tərəfdən qələm sahibləri, digər tərəfdən də tanınan rəssamlar arasında uzun müddət vaxt keçirib. Beləliklə, sənət aləmində özünəməxsus yer tutub, imzasını tanıtdırıb.
Altay Hacıyevin yaradıcılığı bir sıra özünəməxsus cəhətləri ilə diqqət çəkib. Ukraynada ali təhsil alan sənətkar klassik Avropa rəssamlıq ənənələrini dərindən öyrənib. Bununla yanaşı, öz yaradıcılığında hər zaman şərqli duyumuna malik olduğunu büruzə verib, Azərbaycan təsviri sənətinin zəngin ənənələrindən yaradıcılıqla faydalanıb. Belə ki, əsərlərinin mövzusu, ideya bədii məzmunu, orijinal üslubu, kompozisiya tərtibatı, kolorit həlli ilə yaradıcılığında iki istiqaməti paralel apardığını, bədii sintez etdiyini müşahidə etmək mümkündür.
Altay Hacıyev yaradıcılığının böyük bir dövrünü kitab qrafikasının inkişafına sərf edib. Neçə-neçə kitaba bədii tərtibat verib, bir çox əsərlərə illüstrasiyalar çəkib. Rəssam həm də bir çox silsilələr yaradıb. Ali təhsilini başa vurub Vətənə dönən rəssam 60-cı illərdə Bakıda gedən tikinti-quruculuq, əsaslı təmir-bərpa işlərini, Bakının inkişaf etmiş sənaye şəhərləri səviyyəsinə yüksəldiyini görüb və "Yeni Bakı" adlı ilk silsiləsini yaradır.
"Xəzər", "Dənizin iftixarı" və "Xəzərin sahibi" adlı yeni silsilələr rəssamın yaradıcılığının ilkin dövrünü təhlil etməyə imkan verib. Altay Hacıyev yalnız kitab qrafikası ilə kifayətlənməyib, rəngkarlıq sahəsində də fırçasını sınaqdan çıxarıb. Rəngkarlıq əsərlərinin ana xəttini isə şanlı keçmişimiz, tarixi şəxsiyyətlərimiz və zəngin mənəviyyat xəzinəmizin tərənnümü təşkil edir.
"Xalqımızın ulduzları" silsiləsindən olan "Tomris", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Xurşudbanu Natəvan", "Tuti Bikə", "Aşıq Pəri", "Ağa Bəyim Ağa" və b. əsərləri diqqətəlayiq əsərlərdir. 5-ci siniflər üçün "Azərbaycan tarixi" dərsliyinin üz qabığı üçün çəkdiyi Dədə Qorqudun rəsmi müzakirələrə səbəb olub
Mükafatları
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı
- Azərbaycan SSR əməkdar rəssamı
- Azərbaycan Respublikasının xalq rəssamı
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- "Füzuli Dünyası-500". "Humay" mükafatı
Ünlü rəssam 12 fevral 2019-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.02.2026)


