Sosializm realizminin palitrası və sonra azad rəssamlıq Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Biz sosializm realizmi deyəndə, gözümüz önünə dahi rəhbərlərdən,  partiyadan, kolxoz və sovxoz quruculuğundan, nəhəng tikinti meydanlarından, magistral kəmərlərdən və bu qəbildən olan digər nəsnələrdən bəhs edən bədii ədəbiyyatı gətiririk. Amma unuduruq ki, bu cərəyan mədəniyyətin bütün sahələriə siyarət etmişdi. O cümlədən də rəssamlığa.

 

Respublikanın Əməkdar rəssamı Əli Verdiyev 30 yanvar 1936-cı ildə Bakıda anadan olub. 1958-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra 10 il ərzində Sankt-Peterburqda təhsil alıb, İ. Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda, V. Muxina adına Leninqrad Ali Rəssamlıq və Sənaye Məktəbində oxuyub. Bu dövrdə rəssam yaradıçılığını daha çox sosializmin təbliğinə həsr edibdir. Amma yaradıcılığını tam aşa bildiyi dönəm də olubdur. Bu, ömrünün Türkiyə dönəmidir.

 

1995-ci ildə İstanbula köçən rəssam sonralar Kayseridə işləməyə başlayıb, Ərciyəs Universitetinin professoru olub. Rəssamın Türkiyədə yaşayıb-çalışdığı təxminən on il ərzində çəkdiyi əsərlərdən ibarət bir neçə kataloqu çap olunub, əsərləri auksionlarda yüksək qiymətə satılıb. Müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanmaqdadır.

Türkiyənin tarixindən bəhs edən əsərləri, Atatürk və silahdaşlarının təsvir olunduğu tabloları sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Yaradıcılıq fəaliyyəti dövründə müxtəlif mövzu və janrlara müraciət edib, onun yaradıcılığında dəqiq və aydın rəsmlər əsas yer tutub. Müxtəlif süjetli kompozisiyaların müəllifi olub.

 

Onun yaradıcılığının 1-ci dönəmində "Savadsızlığın ləğvi" (1969), "Gənclik" (1970), "Qızıl toy" (1971), "Cənnət və cəhənnəmə gedən yol" (1973), "Əmək qələbəsi" (1977), "Xatirələr" (1980), "Qocalıq" (1980), ikinci dönəmində isə "Həyəcanlı gün" (1995), "Dəniz gəzintisi" (1997), "Folklor" (1998), "Azıx mağarası" (2011) və başqa kompozisiyaları aktualdır.

Onun "Adilə", "Fatma" və qızı Zemfiranın portretləri yaşlarda fırçaya aldığı portretləri bu janrdakı əsərləri arasında xüsusi əhəmiyyətə malikdir. Rəssam elmi-metodiki fəaliyyətlə də məşğul olub. O, "Rəssam-pedaqoq", "Rəngkarlıqda rəngin təsir gücü", "Dəzgah rəngkarlığı" kimi metodik əsərlərin müəllifidir.

Rəssamın kətan üzərində çəkdiyi “Heydər Əliyevin portreti” onun yaradıcılığında xüsusi yer tutur. Sənətkar ulu öndərin portretini Qafqaz dağlarının fonunda əks etdirməklə zəngin, eyni zamanda sadə kompozisiya yaradıb. Professor Əli Verdiyevin bu əsəri 2014-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil olunan “Azərbaycan və azərbaycanlılar” adlı sərgidə nümayiş olunaraq maraqla qarşılanıb.

Rəssam ilk dəfə 1957-ci ildə Moskvada beynəlxalq sərgidə iştirak edib, sonrakı illərdə isə müxtəlif miqyaslı sərgilərə qatılıb. O, İtaliya, Yaponiya, Avstriya, Finlandiya, İsveç, Türkiyə, Lüksemburq, Çexoslovakiya, Bolqarıstan, ADR, AFR, Vyetnam və başqa ölkələrdəki sərgilərin iştirakçısı olub.

 

Təltif və mükafatları

- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı

- Azərbaycan SSR "Lenin komsomolu" mükafatı

- "Şərəf nişanı" ordeni

- "Əməkdə fərqlənməyə görə" medalı

 

8 may 2020-ci ildə vəfat edən Əməkdar rəssam Əli Verdiyev 50 ildən artıq dövrü əhatə edən yaradıcılığı ilə təsviri sənət tariximizə dəyərli töhfələr verib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.