İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Kino rəssamı olmaq çətin və şərəflidir. Çətindir, çünki adın kölgədə qalır. Şərəflidir, çünki gözəl filmlərin ərsəyə gəlməsində rol oynayırsan.
Azərbaycan kino tarixinin ən parlaq səhifələri tanınan kino rəssamı Məmmədağa Hüseynovun adı ilə bağlıdır. Milli kinomuzun Qızıl Fonduna daxil edilən “Ögey ana” (E.Rzaquliyevlə birlikdə), “Böyük dayaq”, “Əhməd hardadır?”, “Bizim Cəbiş müəllim”, “Sehrli xalat”, “Nəsimi” (M.Ağabəyovla birlikdə) kimi filmlər M.Hüseynovun eskizləri əsasında çəkilib.
Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, bitirdikdən sonra, kinematoqrafa olan maraq onu Moskvaya, Dövlət Kinematoqrafiya İnstitutunun kino rəssamı fakültəsinə gətirib. İnstitutut divarları arasında o, Boqorodski, Seqal, Şpinel kimi ustadlardan sənətin sirlərini öyrənib.
İlk növbədə, dekorasiya sənətinin incəliklərinə yiyələnib və səhnə texnikasına vaqif olub. 1955-ci ildə institutu bitirib Bakıya qayıdan M.Hüseynov, Moskvada təhsil alan ilk azərbaycanlı rəssamlardan biri olub.
“Kaspiy” qəzetində haqqında bəhs ediləb yazıda qeyd edilir ki, onun ilk işi Ə.İbrahimovla İ.Qurinin “Bir məhəlləli iki nəfər” (1957) filminin yaradılmasında iştirak olub. M.Hüseynov bu film üçün eskizləri E.Rzaquliyev və K.Nəcəfzadə ilə birlikdə işləyib. Filmdə hadisələr şərq ölkələrindən birində cərəyan edir. Konkret yer göstərilməyib, lakin rəssamların seçdikləri natura, onların eskizləri əsasında hazırlanan dekorasiya, interyer və digər məqamlar tamaşaçını hadisələrin xaricdə baş verdiyinə inandırıb.
Rejissor Həbib İsmayılovla kənd mövzusuna həsr olunmuş iki filmdə - “Ögey ana” və “Böyük dayaq” əsərlərində işləyib. Hər ikisində evin quruluşu, əşyaların yerləşməsi qəhrəmanların daxili aləmini açmağa, onlar arasında qarşılıqlı münasibəti işıqlandırmağa kömək etməklə yanaşı, mənəvi-əxlaqi problemlərinin mövcudluğunu vurğulayıb.
1955-ci ildə M.Hüseynov Mehdi Hüseynin “Səhər” romanı üzrə hazırladığı tərtibat eskizləri əsasında diplom işini uğurla müdafiə edərkən, heç ağlına da gəlməzdi ki, bir müddət sonra bu roman əsasında çəkiləcək bədii filmin tərtibatında iştirak edəcək.
Müharibə mövzusu Məmmədağa Hüseynovun həm kinematoqrafik, həm də şəxsi həyatından xüsusi yer tutub. Müəllifin ümumittifaq və respublika sərgilərində təqdim edilən rəngkarlıq nümunələrində, həm də bədii filmlərə çəkdiyi eskizlərdə onun hərbi dövrün obrazını maksimum dəqiqliklə və təbiiliklə əks etdirmək səyi özünü göstərib. Bu baxımdan məşhur “Bizim Cəbiş müəllim” filminə çəkilmiş eskizlər xüsusilə maraq doğurub.
Məmmədağa Hüseynov müxtəlif janrlarda qrafika və rəngkarlıq əsərlərinin müəllifidir. Azərbaycanın Xalq rəssamı, görkəmli rəssam Məmmədağa Hüseynov çətin, lakin parlaq ömür və yaradıcılıq yolu keçib, özündən sonra doğma Azərbaycan kinematoqrafında və rəngkarlığında silinməz iz qoyub.
Filmoqrafiya
- Asif, Vasif, Ağasif (film, 1983)
- Bahar rəqsləri (film, 1962)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Bizim Cəbiş müəllim (film, 1969)
- Bizim küçə (film, 1961)
- Böyük dayaq (film, 1962)
- Dağlarda döyüş (film, 1967)
- Əhməd haradadır? (film, 1963)
- Əlavə iz (film, 1981)
- Fəallıq (film, 1975)
Rəssam 20 yanvar 2002-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.01.2026)


