Bu gün Xalq rəssamı Nadir Əbdürrəhmanovun 100 illiyidir Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun müxtəlif janrlarda yaratdığı iriformatlı süjetli lövhələr qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Palitra əlvanlığı ilə diqqəti çəkən və geniş diapazona malik olan bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də digər muzeylərin və qalereyaların daimi ekspozisiyaları sırasında nümayiş etdirilib. Söhbət bu gün 100 iilik yubileyi qeyd edilən Azərbaycan Xalq Rəssamı Nadir Əbdürrəhmanovdan gedir.

 

O, 1925-ci il dekabrın 5-də Laçında anadan olub. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib. O, 1941–1944-cü illərdə burada, 1947–1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak edib. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs deyib, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışıb. Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olub.

Tanınan fırça ustası Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri və Azərbaycan Ali Sovetinin deputatı kimi də səmərəli ictimai fəaliyyət göstərib. Nadir Əbdürrəhmanovun yaradıcılığı daim diqqət mərkəzində olub və yüksək qiymətləndirilib. Müstəqil respublikamızın ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülməsi sənətkarın fəaliyyətinə və şəxsiyyətinə ehtiramın təzahürüdür.

 

Rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq rəssamı fəxri adlarını alıb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2008-ci il, iyulun 26-da vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.