Dəzgah və monumental heykəltəraşlığın tanınmış nümayəndəsi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Bu gün daha bir tanınmış sənətkarımızın anım günüdür. Söhbət rəssam Akif Əsgərovdan gedir.

 

Akif Əsgərov 1 may 1940-cı ildə Naxçıvan şəhərində anadan olub. O, 1958–1963-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1963–1969-cu illərdə indiki Leninqrad indiki Sankt-Peterburq şəhərində M. K. Anikuşinin emalatxanasında təhsil alıb. Onun 1978-ci ildə tuncdan tökülən "Su içərkən" adlı heykəl kompozisiyası Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb.

Akif Əsgərovun yaradıcılığının əsasını dəzgah və monumental heykəltəraşlıq təşkil edib.

 Akif Əsgərov "İblis", "Topal Teymur", "Şeyx Sənan", "Su içərkən", "Rəfiqələr"(1986), "Oturan qız"(1992), "Qız fikir dünyasında", "Oğlan uşaqları xalça üstündə"(1994), "Ayaq üstündə duran çılpaq qız" və s. dəzgah heykəllərinin yaradıcısı olub. Heykəltəraş "General şəhidlərə abidə" (1996, Urmiya), Yusif Məmmədəliyevin abidəsi (1998, Bakı), Bülbülün abidəsi(2012, Bakı), Nizami Gəncəvinin büstü (2001, Kişnyov), Əli Mərdan bəy Topçubaşovun Qəbirüstü abidəsi(2002, Paris) və.s heykəllərin müəllifi, "Xocalı"(2011, Berlin), "Dostluq" (2012, Qnezno) abidələrinin həmmüəllifidir.

Akif Əsgərov 1970–1972-ci illərdən SSRİ Rəssamlar İttifaqının üzvü, 2016-cı ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü olub. 1986-cı ildə Zaqafqaziya Respublikaları Biennalisində qızıl medala layiq görülüb. Heykəltaraşın işləri nəinki Azərbaycan muzeylərində, həmçinin müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyib. Əsərlərləri Fransa, Almaniya, ABŞ da, Türkiyədə, İngiltərədə şəxsi kolleksiyalarda saxlanılıb.

Bunlardan Volqoqrad İncəsənət muzeyində saxlanılan "Mənim qızım" və Moskvada Tretyakov qalereyasında saxlanılan "Hüseyn Cavid" heykəllərinin adını çəkmək olar.  Bakı şəhərində yerləşən akademik Yusif Məmmədəliyevin abidəsinin müəllifi olan Akif Əskərovun heykəlləri İranda və Türkiyədə də (Balerina, Səhnə) yerləşir.

 

Müxtəlif sərgilərdə iştirak edən heykəltaraşın şəxsi sərgisi 1997-ci ildə Bakıda keçirilib. Ekspozisiyada rəssamın "Balerina", "Bahar" əsərləri nümayiş etdirilib. Akif Əsgərov 18 noyabr 2023-cü ildə 83 yaşında vəfat edib.

 

Mükafatları

- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

- Azərbaycan Respublikasının xalq rəssamı

- Azərbaycan Respublikasının 2-ci dərəcəli Əmək ordeni

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.