Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 noyabr Konstitusiya Günündə Konstitusiyamızın 30 illiyinə həsr olunmuş gənc istedadlar müsabiqəsinin qalibi – gənc rəssamın yeni fərdi sərgisi açılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.
Sərgidə 2025-ci ildə Londonda keçirilən gənc istedadların “Golden Time Talent” Festivalında 15-17 yaşlılar arasında 2-ci yerə layiq görülən “Xarıbülbül”, “Kəpənək ömürlü qız”, “İnsanla təbiətin harmoniyası”, “Sirius. Ölülük və dirilik ruhu” və s. rəsmlər nümayiş olunur.
Gənc rəssam Fatimə Babazadə 132-134 №-li Təhsil Kompleksinin 11-ci sinif şagirdidir. O, daha çox fələsəfi janrda şəkillər çəkir, insanla təbiətin harmoniyasını əks etdirir. Bir çox respublika və Beynəlxalq sərgilərdə iştirak edib.
Kitabxanada 1 ay davam edəcək sərgi “Gənclərin asudə vaxtının səmərəli təşkilinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(13.11.2025)


