İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Bu günlərdə tarixi abidələr diyarı olan Cəlilabad şəhərinin Qurtuluş küçəsində (Ələt-Astara Magistral yolu) Mişarçay (Həməşəraçay) üzərindən keçən hissəsinin sağ tərəfində xüsusi bir lövhənin yerə bərkidildiyini gördüm. Əraziyə yaxınlaşıb baxdıqda, onun Mədəniyyət Nazirliyi tərəfindən olduğu, həm də dünya əhəmiyyətli arxeoloji abidə olan Eneolit-İlk Dəmir dövrünə aid edilən "I-III Mişarçay Yaşayış Yeri" ilə bağlı bildiriş lövhəsi olduğunu gördüm və həqiqətən də sevindim.
Bu sevincimin əslində iki səbəbi var idi: Onlardan biri tarixi abidələrimizə Dövlət tərəfindən belə səviyyədə diqqət edilməsi, digəri isə dünya əhəmiyyətli olan belə bir tarixi abidəyə, həmçinin Dövlətimizin adına yaraşan səviyyədə gözəl və yaraşıqlı metal lövhənin ərazidə quraşdırılmasından ibarətdir. Çünki neçə il öncə qədim tarix-mədəniyyət abidələrimiz üçün üzərində səliqəsiz əlyazma olan nazik list dəmir parçalarından istifadə edilir və həmin list dəmir parçaları ya mismarla yaxınlıqda yerləşən ağaclara bərkidilir, yaxud da mal-qaranın otlaq yeri olan sahəyə balaca bir dirəklə basdırılırdı. Bununla bağlı illər öncə bir neçə dəfə narahatçılığımı bildirmiş və aidiyattı orqanlara rəsmi şəkildə müraciət də etmişdim. Lakin bu gün gördüyümüz mənzərə tam başqadır. Sözün həqiqi mənasında dəmir, həm də rənglənmiş dirək üzərində səviyyəli formada yazılar olan metal lövhələrin ərazidə bərkidilməsi həm bu tarixi abidələrə, həm də müzəffər Dövlətimizin adına layiqdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi dəyərlimiz Fariz Hüseynlidən əldə etdiyim məlumata görə, Dövlət Xidməti bunu cari ildən etibarən yeni bir layihə olaraq həyata keçirir və ölkə üzrə 1300-dən çox tarixi abidələrə xüsusi məlumat lövhələri quraşdırılır.
Bütün bunlara görə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə minnətdarlıq etmək hər birimizin borcudur. Əlbəttə, lövhələr üzərinə yazılan məlumatların dəqiqliyi də diqqət mərkəzində olmalı və tarixi-mədəniyyət abidələrinin adları və ya hansı dövrə aid olması ilə bağlı yanlışlıqlar aradan qaldırılmalıdır.
Şübhəsiz, bu layihə tarix-mədəniyyət abidələrimizin qorunması üçün ilk və zəruri, eyni halda dəyərli xidmətdir. Çünki bu qəbil lövhələr əsasən və bir-başa insanların maariflənməsinə xidmət göstərir. Vətəndaşlar tarix-mədəniyyət abidələrini tanımaqla onlara qarşı diqqətli olur və beləliklə də xalqımızın zəngin mədəni irsinin gələcək nəsillərə bütöv şəkildə çatdırılmasına şərait yaranmış olur.
Bundan sonrakı əsas vəzifə isə hər bir Azərbaycan vətəndaşının öz tarixi və mədəni abidələrinə öz şəxsiyyət vəsiqəsi gözü ilə baxması və yanaşmasıdır.
Bu arada Dövlət Xidmətinin müxtəlif rayonlar üzrə mühafizəçilərinin də üzərinə böyük vəzifələr düşür. Şəxsən mən 10 il ərzində idarə etdiyim "Həməşəra" Mətbu Orqanı vasitəsilə tarixi-mədəni abidələrimizlə bağlı maarifləndirici və bəzən tənqidi fikirlərimi yazıb paylaşıram. Bu qəbil yanaşmalar kiminsə xətrinə dəyməməlidir. Çünki mən bütün bunları yalnız tariximiz və mədəniyyətimizin qorunması naminə yazıram. Mənim heç kimlə şəxsi qərəzliyim yoxdur və ümumiyyətlə, qərəzli davranış mənim məramımda belə olmayıb və ola da bilməz. Şablon cavablar vasitəsilə məlumatsız halda özünü müdafiə edib təmizə çıxarmaq və hər tənqidi fikiri ayrı sahələrə yönəltməyə heç bir lüzum yoxdur. Vətəni, Dövləti və tarixini sevən hər bir vətəndaş əl-ələ verib bu sahədə çalışmağa və xidmət göstərməyə mükəlləfdir.
Mənə görə, tarixi və mədəni abidələrin mühafizəsi üçün işə alınan kadrlar hər şeydən öncə öz milli kimliyini tanıyan məsuliyyətli şəxslər, eyni halda qorumağa mükəlləf olduğu tarix-mədəniyyət abidələri barədə normal məlumata malik olan kadrlar olmalıdır. Şübhəsiz, belə olan təqdirdə tarixi və mədəni abidələrə yalnız hansısa bir portal və ya sosial şəbəkə üzərindən paylaşılan tənqidi yazıdan sonra baş çəkməyə ehtiyac qalmaz. Çünki milli kimliyini tanıyan və öz işində məsuliyyətli olan insanlar yazılan və deyilən tənqidlərdən öncə öz işinin başında olur və üzərinə düşən vəzifələrə layiqincə əməl etməyə çalışırlar...
“Ədəbiyyat və incəsənət”
(16.10.2025)