Teatr və kino rəssamlığı çox spesifik bir sahədir Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sirr deyil ki, Azərbaycan dünya incəsənətinə çox görkəmli rəssamlar bəxş etmişdir.

Ötən əsrdəki tanınmış rəssamlarımızdan daha biri barədə sizləri bu gün məlumatlandıracağam. Söhbət bu şənbə günü anım günü olan Azərbaycan SSR xalq rəssamı, teatr-kino rəssamı olmuş İsmayıl Axundovdan gedir.

 

Yaradıcılığına əsasən kitab illüstrasiyası ilə başlayan İsmayıl Hüseyn oğlu Axundov 15 aprel 1907-ci ildə Bakının Maştağa qəsəbəsində doğulub. Bakı Rəssamlıq Məktəbini bitirdikdən (1928) sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat şöbəsində təhsil alıb. 1932-ci ildə oranı qurtararaq təyinatla Bakıya göndərilib və "Azərnəşr"də rəssam işləyib. Rəssamlığın qrafika, karikatura və plakat janrları ilə məşğul olub. Uzun müddət "Kirpi" satirik jurnalında işləyib.

Teatra ilk dəfə 1937-ci ildə rejissor Ədil Isgəndərovdan dəvət alıb və Akademik Milli Dram Teatrında onun quruluş verdiyi Mirzə İbrahimovun "Həyat" pyesinin tamaşasında geyim eskizlərini çəkib. Bu teatrda İ938-ci ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (həmçinin 1940 və 1957-ci il quruluşlarında), Cabbar Məcnunbəyovun "Yanar dərə", Səməd Vurğunun "Vaqif", 1944-cü ildə Cəfər Cabbarlının "1905-ci ildə", 1955-ci ildə Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasının tamaşalarında geyim rəssamı olub. 1938-ci ildə rejissor Məcid Zeynalovun hazırladığı "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə) tamaşasında ilk tərtibatçı rəssam kimi addımını atıb.

 Bundan sonra AMDT-də 1939-cu ildə Onore de Balzakin "Ögey ana", Mehdi Hüseynin "Şöhrət", Cəlil Məmmədquluzadənin "Ölülər", 1943-cü ildə Aleksandr Ostrovskinin "Tufan", 1945-ci ildə Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz", 1948-ci il-də Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər", Mirzə Fə-təli Axundzadənin "Lənkəran xanının vəziri", 1949-cu ildə Sabit Rəhmanın "Aydınlıq", Cəfər Cabbarlının "Solğun Çiçəklər", Anatoli Boryanovun "O tayda", Tur qardaşlarının "Bir evin sirri", 1952-ci ildə Karlo Haldoninin "Mehmanxana sahibəsi", 1956-cı ildə Hüseyn Cavidin "Şeyx Sənan", 1961-ci ildə Sabit Rəhmanın "Əliqulu evlənir", Mehdi Hüseynin "Alov", 1966-cı ildə Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərlərinin tamaşalarına həm monumental-romantik, həm də realist səpkilərdə səhnə tərtibatları verib.

İsmayıl Axundov səhnə tərtibatlarında klassik üslubda işləməyə üstünlük verib. Yaradıcılığı rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi, tərtibat işləri dramaturq və rejissor fikri ilə poetik ahəngdarlıq yaratması baxımından səciyyəvidir.

İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə Krakovda vəfat edib.

 

Filmoqrafiya

1. Səbuhi

2. Arşın mal alan

3. Hədiyyə xalçası

4. Onun böyük ürəyi 

 

Təltif və mükafatları

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

2. "Azərbaycan SSR xalq rəssamı" fəxri adı

3. "Stalin" mükafatı (1-ci dərəcə) — 1950 (İ. Stalinin anadan olmasının 70 illiyinə (1949) həsr olunmuş xalçaya görə)

4. "Qırmızı əmək bayrağı" ordeni

5. "Şərəf nişanı" ordeni

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.