Qadın xalq rəssamımız Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Hansı rəssam qadınlarımızı tanıyırsınız? Bir neçə ad çəkəcəksiniz. Bəs hansı xalq rəssamı adını almış qadınlarımız var? Cavab çətinlik törədəcək əlbəttə.

Bu gün sizə Azərbaycan SSR xalq rəssamı Xalidə Səfərova barədə danışmaq istəyirəm. Bu gün onun anadan olmasının 99-cu ildönümüdür.

 

Xalidə Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olub. O, 1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949–1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.

ilk diplom işi "Cəbhədən gələn məktub" mövzusu olub. Onun ikinci diplom işi — Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilən illüstrasiyalar SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, eləcə də 1956-cı ildə Praqa və Paris şəhərlərində keçirilən kino festivalın çərçivəsində sərgilənib.

Yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutur. Onun güllərlə natürmort silsiləsində "Payızgülü" (1956), "Zinya çiçəyi" (1971), "Bahar çiçəkləri" (1971), "Monmartr gülləri" (1985),  ilk əsərləri olan "Gülabdan", "Qızılgül", "Çöl çiçəkləri", "Eyvanda", "Xrizantemlər", "Yasəmənlər", "Zanbaqlar", "Nərgizlər", "Nar çiçəyi" kimi əsərlərə rast gəlinir.

Rəssam Azərbaycanın bölgələrinə etdiyi səfərlərinin hesabatını Mahmud Tağıyev ilə 1947-ci ildə Bakıda keçirilən ilk birgə sərgidə verib. Həmin sərgidə o, 70-ə yaxın rəngkarlıq və qrafika əsərləri, 150-dən artıq etüd, peyzaj və natürmort əsərləri ilə iştirak edib. Təqdim edilən əsərlərin sırasına "Üç palıd", "Yağışdan əvvəl", "Bağda natürmort", "Üzümlükdə natürmort" kimi işlər də daxil edilib.

Rəssamın yaradıcılığında portret əsərləri də yer alıb. Bunların sırasına "Qapıçı", balet artisti "Leyla Vəkilovanın portreti", rəssam "Maral Rəhmanzadənin portreti", rəssam "Mahmud Tağıyevin portreti" və başqaları daxildir. O, 1960-cı illərdə idman mövzusunda da işləyib. Bu mövzu çərçivəsində futbol oyunları, velosipedçi yürüşü, avarçəkmə təsvirlərindən ibarət çoxfiqurlu kompozisiyalar çəkib. Onun "Gimnastlar", "Estafet", "Velosipedçi" (1969) "Futbolçular", "Çövkən" əsərləri bu istiqamətə nümunədir.

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Rəssam 23 dekabr 2005-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.