Bu gün Xalq rəssamı Mikayıl Abdullayevin anım günüdür Featured

 

İnci Məmmədzadə, "Ədəbiyyat və incəsənət"

 

Azərbaycan dünya incəsənət xəzinəsinə bir neçə görkəmli rəssam bəxş edib ki, onlardan da biri Xalq rəssamı Mikayıl Abdullayevdir. Bu 21 avqust günü onun anım günüdür. Xatırlayırıq, unutmuruq, gələcək nəsillərin də yaddaşına ötürürük.

 

Mikahyıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda ziyalı ailəsində doğulub. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirib, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənib.

Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilib. Sovetlər dönəminin elitar mədəniyyət xadimləri sırasında möhkəm yeri olubdur. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin (1–120019-cu çağırış) deputatı seçilib. Lenin ordeni və "Oktyabr inqilabı" ordeni ilə təltif edilib.

İstedadlı rəssam yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik təsvir xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun "Mingəçevir işıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində" triptixində, "Çəltik əkən qızlar" əsərində daha aydın görünür. Milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti, tipik mənəvi çalarların üzvi şəkildə müasirliklə vəhdətdə verilməsi Mikayıl Abdullayev yaradıcılığına xas xüsusiyyətdir.

"Qırx birin iyunu" triptixinin mərkəzi hissəsi xüsusilə diqqəti cəlb edir. 1941–45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər canlı povestdir. "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. İşlədiyi bir sıra tablolarda müasir qadın obrazı əks olunub. "Qarabağlı qızlar", "Lənkəranlı kolxozçu qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi" kimi əsərləri bu qəbildəndir.

Xalq şairi Səməd Vurğun, yüz yaşlı naxışçı usta Babayev, şair, mütəfəkkir Nəsimi və başqa portretlər qalereyası, Abşeron peyzajları, natürmortlar, Əfqanıstan və başqa ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayev yaradıcılıq diapazonunun genişliyinə şəhadət verir. Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik ümumiləşdirilməsi xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Müasirlərinin mənəvi aləmini, Azərbaycan təbiətinin gözəlliklərini, qurub-yaradan insanların fədakar əməyini tablolarında əks etdirən Mikayıl Abdullayev milli təsviri sənətimizə bədiilik gətirən rəssamlardan sayılır.

1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgidə "Axşam" əsəri ilə iştirak edib. Bu əsər gənc rəssama böyük uğur və tamaşaçı marağı gətirib. Beləliklə, 26 yaşlı Mikayılın sənət qələbələri bir-birini əvəz etməyə başlayıb. Rəssamın şöhrətinə yeni çalarlar gətirən "Mingəçevir işıqları" əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgilənib. Elə ilk fərdi sərgisi də Moskvada keçirilib.

"Çəltik becərənlər" tiptiki kənd mövzusunun romantikasının mərd azərbaycan qadınının əməksevərliyini inandırıcı tərzdə ifadəsinin bədii təcəssümüdür. Məhz bu xüsusiyyətinə görə "Çəltik becərənlər " əsəri 1974-cü Azərbaycan SSRİ Dövlət mükafatına layiq görülüb.

 

Filmoqrafiya

1. Bizim Azərbaycan

2. Mikayıl Abdullayev

3. Günəşlə dolu dünya

4. Qələbənin yolları

5. Salam, Zeynəb!

6. Şeirin xəzrisi

7. Mətbuat fədaisi

8. Rənglə yazılmış tarix

 

Mükafatları

- "SSRİ xalq rəssamı" fəxri adı

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- Beynəlxalq Nehru mükafatı

- "İstiqlal" ordeni

- Lenin ordeni

- "Oktyabr inqilabı" ordeni

- "Xalqlar dostluğu " ordeni

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Mikayıl Abdullayev 21 avqust 2002-ci ildə 80 yaşında Bakıda dünyadan köçüb. Düz 23 ildir ki, ölkənin mədəniyyət ictimaiyyəti bu gündə onun məzarını ziyarət edir, üstünə tər çiçəklər düzür.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.