"Küləyi çəkən rəssam" – 37 yaşında faciəli şəkildə dünyasını dəyişən Tofiq Cavadov Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın ilk neorealist rəssamı kim olub?

Cavabı inanıram ki, az adam biləcək. Cavab Tofiq Cavadovdur. Görkəmli rəssamlar yetişdirən Azərbaycanın bir rəssamı da Tofiq Cavadov olub. Fevralın 7-də onun 100 illik yubileyi baş tutdu. Bu gün isə anım günüdür. Təsəvvür edin ki, o, cəmi 37 il yaşayıb, faciəli şəkildə həlak olub.

 

Tofiq Cavadov 7 fevral 1925-ci ildə Bakı şəhərində anadan olub. 1945–1948-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub. 1948–1952-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsində təhsil alıb. Əyyub Məmmədov, Əbdül Xalıq, Əyyub Hüseynov və Baba Əliyev kimi Azərbaycan rəssamlarından dərs alıb.

1950-ci illərin ikinci yarısından etibarən Tofiq Cavadov yaradıcılığında yeni mərhələyə — neorealizm dövrünə başlayır. Neorealizm mərhələsi neft və ağır sənayeyə həsr olunmuş tabloların və fəhlə obrazlarının timsalında özünü büruzə verir. "Neftçilər", "Sənaye mənzərəsi", "Operator qız", "Neftçi", "Poladəridən sexdə", "Poladəridənin portreti" kimi əsərləri bu dövrün məhsuludur.

1955–1956-ci illərdən Tofiq Cavadovun yaradıcılığında "Buzovna" dövrü başlayıb. Bu dövrdə rəssam özünün "Buzovnada küçə", "Kənd mənzərəsi", "Buzovna aşırımı" və bu silsilədən olan digər Abşeron mənzərələrini yaradıb. 1959–1961-ci illərdə "Avtoportret" əsərini yaradıb. 1963-cü ildə Rasim Babayev və Fazil Nəcəfovla birlikdə "Göyərçin" uşaq jurnalının bədii tərtibatını edir. Sonuncu böyük əsəri olan "Külək" tablosunu 1963-cü ildə yaradıb.

 

Filmoqrafiya

 

- Üfüqü ötənlər

 

"Küləyi çəkən rəssam" - Tofiq Cavadovla bağlı qardaşı Cavad Mircavadovdan anasına xitabən:

"Oğlun çox böyük bir əsər yaradıb, elə bil, öz həyatına rekviem həsr edib"

Tofiq Cavadovdan bu əsər haqqında soruşulub:

 - Bu əsərdə nəyi təsvir etmisən?

Cavabında qeyd edib:

 - Bu küləkdir, məni aparır, bu, sonuncu əsərimdir.

 Külək onun ən ciddi əsəri olub. Bu əsər sonuncu əsəri olub və yarımçıq qalıb. Əsərdə Abşeron küləyindən qorunmaq və yıxılmamaq üçün bir-birinə qısılan qadınlar əks olunub.

 

“Bu küləkdir, məni aparır, bu, sonuncu əsərimdir” deyən rəssam sanki vaxtsız öləcəyini duyurmuş.

Rəssam ailəsi ilə Moskvaya gedibmiş.  20 avqust 1963-cü ildə Moskvadan Bakıya qayıdacağı günü 37 yaşlı rəssam Moskva–Serpuxov elektrik qatarının Çepelyova stansiyasında qatara gecikdiyi üçün, hərəkətdə olan qatarın qapılarından yapışır ki, onu saxlasın. Amma vaqonların arasına düşərək dünyasını dəyişir.

Ölümündən 50 il sonra, 2013-cü ildə rəssamın fərdi sərgisi keçirilib. Bu gün onun əsərləri  Müasir İncəsənət Mərkəzində nümayiş etdirilir.

 

Rekviem - katolik ənənəsində mərhumun xatirəsinə həsr olunan dini matəm messasıdır. Eyni zamanda, bu, bir çox bəstəkarın bu mərasim üçün yazdığı musiqi əsərlərinin də adıdır. Rekviyem, adətən, "Requiem aeternam dona eis, Domine" (Ey Allah, onlara əbədi rahatlıq ver) kəlmələri ilə başlayan latın dilindəki matəm duasının sözlərinə yazılır.

Bu əsər, katolik dini mərasimlərində ifa olunsa da, konsert salonlarında da ifa edilərək, geniş auditoriyaya çatdırılır.

Rekviyem janrının ən məşhur nümunələri arasında Motsartın Rekviyemi (Requiem d-Moll (KV 626)), Berliozun Rekviyemi, Verdidən Rekviyem və Brahmsın Rekviyemi var,

Tofiq Cavadovun anası, bu sözləri elə-belə deməyib ki: "Oğlun çox böyük bir əsər yaradıb, elə bil, öz həyatına rekviem həsr edib"

Allah rəhmət eləsin!

P.S. Portalımızın Rəsm Qalereyasında bu gün “Külək” tablosu nümayiş etdirilir. Buyurub baxa bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.