3-cü minilliyin intibah rəssamı SAKİT MƏMMƏDOV Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir"

 Görkəmli rus tənqidçisi Andrey Bajenov

 

Son dəfə onun çəkdiyi Atilla rəsminə baxdım və həqiqətən də valeh oldum. Söhbət Azərbaycan Respublikasının xalq rəssamı Sakit Məmmədovdan gedir, bu gün onun  doğum günüdür.

 

Sakit Məmmədov 1958-ci il avqust ayının 5-də Neftçala şəhərində anadan olub. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirib. Hərbi xidmətdən sonra S. Məmmədov 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinə daxil olub, 1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirib. Rus və Türk dillərini bilir. Ailəlidir, 3 övladı, 3 nəvəsi var. Övladları Nizar Məmmədov, Cəsar Məmmədov və Aynur Məmmədova da rəssamlıq fəalliyəti ilə məşğuldurlar.

 

Çox maraqlı rəsm manerası və təkrarolunmaz yaradıcılıq texnikasına malik olan Sakit Məmmədov 30 ildən çoxdur ki, bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olub. O, 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir. "Xatirə şəkli", "Oyun", "Məşq", "Falabaxanlar", "Ad günü", "Leninqrad xatirələri", "Yaşasın İstanbul", "Bayram", "Toy", "Metro", "13 nömrəli avtobus', "Həvəskar" və s. kimi əsərlərinin adlarını çəkmək olar. Rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür.

Sakit Məmmədov müsahibələrin birində deyib:

İnsan dünyaya necə gəlir? Bax əsər də beləcə yaranır. Əgər hər hansı bir rəssam deyirsə ki, mən ağ kətana boyaları yaxmaqla əsər yaratdım, bu fikir gülməlidir. Kompozisiya üçün beyin işləməlidir. İnsanın dünyaya gəlməsi təbii, Allah tərəfindən düşünülmüş bir şeydir. Qulaq yeganə insan orqanıdır ki, ana bətnində ilk olaraq tam formasını alır. Allah bunu məlumatını ötürmək üçün belə yaradıb. Rəssamlıqda da eynən bu cürdür. Kompozisiyada rəssam ilk olaraq nəyi görmək istəyirsə, əvvəlcə onun üzərində işləyir…

 

1983-cü ildən müxtəlif sərgilərdə iştirak edən Sakit Məmmədovun əsərləri dünyanın məşhur qalereyalarında nümayiş olunur. Onların sırasında Puşkin muzeyi, Avropa Parlamenti, Fransanın Opera qalereyası, Türkiyənin Dolmabağça sarayının qalereyaları, İspaniya, Portuqaliya, İtaliya, Roma, Böyük Britaniya, ABŞ və dünyanın digər mötəbər qalereyalarını qeyd etmək olar.

Görkəmli rus tənqidçisi Andrey Bajenov da rəssamın yaratdıqlarından heyrətlənərək, "Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir"- deyib.

Sənət haqqında Sakit Məmmədovun dediklərindən:

 "Rəssamlıq mənim aləmimdə böyük sənətdir. Məncə, bu sənətlə məşğul olmaq hər insanın işi deyil. Çünki bu, göz qabağında olan sənətdir. Deyərdim, incəsəntin ən çətin sahəsidir ki, tamaşaçı burada həm rəngi, həm obrazı, həm də hissələri görə bilir. Bu sənət insan kimi dünyaya gəlir, ömrünü yaşayır. Mən rəssamlığı qız övladına bənzədirəm. Kimsə rəsmi alıb aparırsa, məni onun taleyi maraqlandırır: o hansı evə düşəcək, onu orda nələr gözləyəcək? Rəssamların çoxuna elə gəlir ki, onlar nə vaxtsa yaşayıblar. Amma demək olmaz ki, yaradıcılıqları filan əsrə aiddir. Rəssam nəyi düşünürsə onu çəkməlidir. Təsəvvür edin, Allah neçə milyon illərdir ki, yer üzünü, insanları yaradıb, amma yenə də axtarışdadır. Axı bütün insanlarda göz, burun, ağız olduğu halda onlar yenə də bir-birinə bənzəmir. Eyni zamanda ümumi oxşarlıqlar var. Qəribə deyilmi? Bəzi rəssamlara elə gəlir ki, artıq hər şey çəkildiyi üçün təzə nə isə yaratmaq mümkün deyil. İntibah dövrünün rəssamlarından tutmuş bu günə kimi çərçivədən çıxmamaq şərtilə insanı olduğu kimi çəkirlər. Ona görə də ən böyük dahilik gündəlik gördüyün obrazlardan böyük bir əsər yaratmaqdır. Əsl sənətə xidmət edən yaradıcı insan üçün zaman anlayışı yoxdur.

Sakit Məmmədovun "Günaydın" əsəri Tumblr sosial şəbəkəsində günün fotosu seçilib.

 

"Opalizm və Sakit Məmmədov"

 

Opalizm akademik rəssam Sakit Məmmədov tərəfindən özülü qoyulan bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində "gözqamaşdıran", latın dilində "valehedici görünüş", sanskrit dilində "qiymətli daş" kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir ki insanların zövgünü oxşamaqdadır. Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun gənclik illərindən marağına səbəb olub. Daşda olan rəng oyununa onun demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Sakit Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur.

1987-ci ildən günümüzə qədər Sakit Məmmədovun bir sıra ölkələrdə sərgisi olmuşdur. Azərbaycanda, Türkiyədə, Rusiyada, Belorusiyada, İsveçdə, Ukraynada, Almaniyada, Fransada, Avstriyada, İtaliyada, Belçikada, Misirdə, Çində, Avstraliyada, İngiltərədə, Şotlandiyada, Gürcüstanda, Tatarıstan Respubilkasında, Sinqapurda, Portuqaliyada sərgiləri keçirilmişdir.

 

Sərgilərin xronoloji ardıcıllığı

1. Belarus - 1989-cu ildə Minsk şəhərində Gənclər sərgisi.

2. Türkiyə - 1991-ci ildə Ərzurum şəhərində azərbaycanlı rəssamların sərgisi.

3. Polşa - 1993-cü ildə Krakov şəhərində sərgi.

4. Türkiyə - 1994-cü ildə İstanbul şəhərində Art Fayr beynəlxalq sərgisi.

5. Türkiyə - 1994-cü ildə İstanbul şəhərində fərdi sərgi.

6. Türkiyə - 1995-ci ildə İstanbul şəhərində Taksimdə sərgi.

7. Rusiya - 1996-cı ildə Moskva şəhərində sərgi.

8. Türkiyə - 1996-cı ildə İstanbul şəhərində "Kış Müzayedesi" sərgisi.İsveç 1997-ci ildə Stokholm şəhərində fərdi sərgi.

9. Ukrayna - 1998-ci ildə Kiyev şəhərində azərbaycanlı rəssamların sərgisi.

10. Almaniya - 1999-cu ildə Berlin şəhərində azərbaycanlı rəssamların sərgisi.

11. Avstraliya - 2000-ci ildə Sidney şəhərində Olimpiadaya həsr olunmuş sərgi.

12. Fransa - 2001-ci ildə Strasburq şəhərində Avropa Şurasının Binasında azərbaycanlı rəssamların sərgisi.

13. Belçika - 2001-ci ildə Brüssel şəhərində Kunstbeurs sərgisi.

14. Azərbaycan -  2002-ci ildə Bakı şəhərində fərdi sərgi.

15. Rusiya - 2002-ci ildə Moskva şəhərində "Na Salyanke" sərgi salonunda fərdi sərgi.

 

Dünyada məşhur əsərləri

-  Klounlar

- Səhnə arxası

- Mən də ordayam

 

Mükafatları

-  Azərbaycan Respublikasının əməkdar rəssamı

-  Azərbaycan Respublikasının xalq rəssamı

- YUNESKO (UNESCO) və Azərbaycan Rəssamlar İttifaqının fəal üzvü

-  Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü

-  Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru

- Rusiya İncəsənət Akademiyasının fəxri üzvü

-  Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü

-  Dünya İncəsənət Akademiyasının həqiqi üzvü

-  Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü

-  Dünya İncəsənət Akademiyasının qızıl ordeni

-  "Türk Dünyası" Akademiyasının həqiqi üzvü

-  Beynəlxalq "Atatürk" medalı laureatı

-  "Qızıl Ulduz" Türk medalının qalibi

-  Serbiya Kral Akademiyasının mükafatı "Gran pri" və "Qızıl Mələk" medalı laureatı

-  Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçının sahibi

-  "Vətən övladı" qızıl ordeni

-  Beynəlxalq "Dədə Qorqud" mükafatı

-  Leonardo da Vinçi medalı

-  "Şpitsveq" medalı

-  "Müqəddəs Qiorqi" medalı

-  "Qızıl Tac" ordeni

-  "Avropanın şərəfi" ordeni

-  "Böyük Cəngavər Qızıl Ulduzu" ordeni

-  Xidmətlərinə görə "İmperator I Aleksandr" ordeni.

 

Biz görkəmli rəssamı doğum günü münasibətilə təbrik edir, ona sağlamlıq, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.