Karikatura çəkmək, elə bilirsiniz, asandır? Featured

"Portretin əsas xarakterik cizgisini tapmaq rəssam Buludun məharətidir"

                                                                                          Şair Tofiq Mahmud

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Karikatura rəssamlığın ən dahiyanə, ağır sahəsidir. Sözsüz, səssiz, bir şəkillə gülüş yarada bilmək qabiliyyəti hər kəsdə olmur. Gəlin Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü Bulud Qasımovu tanıyaq. Bu gün onun doğum günüdür.

 

Bulud Qasımov 1 iyul 1947-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. Texniki Rəssamlıq Məktəbini saxsı qablar üzrə rəssam ixtisası üzrə bitirib. Qara dəniz sahilindəki Gəlincik şəhərində sovet ordusu sıralarında rəssam kimi xidmət edib. 1972–1977-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. 1981-ci ildən "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq edib.

Bulud Qasımov 1987-ci ildən 2012-ci ilə qədər Bakı şəhəri Zakir Yusifov adına 194 saylı tam orta məktəbində təsviri-incəsənət müəllimi işləyib. 2005-ci ildən "Mozalan" satirik jurnalının bədii redaktoru və baş rəssamı işləyib. "Molla Nəsrəddin XXI əsrdə" jurnalında rəssam işləyir.

Bulud Qasımov Azərbaycan dövrü mətbuatında, o cümlədən "Sovet kəndi", "Kommunist", "Ədəbəyyat və incəsənət", "Mədəniyyət", "Dan ulduzu", "Bütöv Azərbaycan", "Kaspi", "Kredo", "Savalan", "Güzgü" qəzetlərində "Kirpi", "Mozalan", "Günəş", "Bahar", "Molla Nəsrəddin XXI əsrdə" jurnallarında çalışıb. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. Həmçinin FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Bir çox respublika, Beynəlxalq sərgilərində və müsabiqələrində iştirak edib. Bulud Qasımov Türkiyədə keçirilən "Aydın Doğan Uluslararası Karikatür Yarışması"nda hər il iştirak edir və əsərləri orada sərgilənir.

 

Kitabları

1. Rəssam Bulud Qasımov — Məni tanıyanlar.

2. Bulud Əlişoğlu. "Şəhid yuxusu"

3. Bulud Əlişoğlu. "İmana inam" (bir ömrün salnaməsi)

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.