İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Daha bir Xalq rəssamımızı xatırlayacağıq.
Azərbaycan SSR xalq rəssamı Tağı Tağıyevi.
Bu gün onun anım günüdür.
Tağı Tağıyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə Moskva Rəssamlıq İnstitutunda oxuyub. O, əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir.
Tağıyev portret ustası kimi daha məşhurdur. Yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri, əmək adamlarının obrazı və əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. "Koroğlu dəsgahı", "Poladəridən", "Qaynaqçı", "Göy-göl", "Qarlı yollar" kimi əsərlərini qeyd etmək olar.
Rəssamın ən yaxşı əsərləri "Uşaqlıq xatirələri", "Abşeron silsiləsi", "El gözəli", "Qarayanız qız" və bir çox digər rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. şəhərlərdə, "Qara Qarayev" və "Səttar Bəhlulzadə" tabloları dünyanın bütün böyük sərgi salonlarında uğurla nümayiş olunub.
O, 1954-cü ildə Avropa, Afrika ölkələrinə səyahətə getmiş, dinindən, dilindən asılı olmayaraq insanları, onların ideyalarını, arzularını bədii boyalarla təsvir etmişdi. Həmin səfərdən sonra yaratdığı "Afrikalı qız" və "Salam, yeni dünya" əsərlərinə bu gün də maraqla baxılır. Bu əsərlərdə zülmə, tabeçiliyə, əsarətə dözməyənlərin duyğuları ustalıqla təsvir olunub
Tağı Tağıyevin əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə saxlanılır.
Mükafatları
- "Şərəf nişanı" ordeni
- "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR Xalq rəssamı" fəxri adı
Tağı Tağıyev 27 iyun 1993-cü ildə Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)