30 ildə Qarabağda ermənilərin dağıtmadıqları tək heykəl kimindir? Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Qarabağın gözəl guşələrindən biri olan Cəbrayıl rayonunun Sirik kəndi təkcə mənzərəsi, zəhmətkeş insanları ilə deyil, həm də köklü, dərin mənəvi irsi ilə seçilir. Bu kəndin tarixi, onun yetirdiyi ziyalılar və mənəviyyat daşıyıcıları içərisində xüsusi çəkisi olan adlardan biri Fatimə Çələbi – Alı Çələbi qızıdır. O, sadəcə bir insan, bir soyun nümayəndəsi olmaqla yanaşı, bütöv bir kəndin vətənpərvərlik və mənəvi dirəniş simvoludur.

 

Ermənilərin Qarabağda törətdiyi işğal və dağıntılar zamanı minlərlə abidə, tarixi iz, məzar və insan yaddaşı yox edildiyi halda, Sirik kəndində Fatimə Çələbiyəyə aid heykəlin salamat qalması özü bir möcüzədir. Bu heykəl sanki zamanın içindən boylanaraq, bir xalqın kökünə və mənəviyyatına vurulan hörmətin simvoluna çevrilmişdir. Deyilənə görə, Fatimə Çələbinin peyğəmbər nəslindən olması və onun mənəvi ucalığına ermənilərin belə sayğı göstərməsi bu abidəni dağıntıdan qorumuşdur. Bu, tarix boyu düşmənin belə etiraf etdiyi bir dəyərin göstəricisidir.

 

Fatimə Çələbinin adı Sirik kəndinin bütöv bir irs xəttinə bağlıdır – Qaraman ocağına, Şeyx Alının oğlu Hacı Qasıma, ondan Alı Çələbiyə, Teyfur, Yəhya, Şahlıq və Əli Çələbilərə qədər uzanan nəsil silsiləsinə. Bu soy təkcə qanla yox, ruhla ötürülən bir irsi yaşatmış, bir kəndin kimliyini, bir elin mənəviyyatını formalaşdırmışdır.

 

Sirik camaatı hər zaman birliyi, köməkliyi və milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilmişdir. Bu kənddə sənətə və sənətkara hörmət xalqın qanına işləyib. Vaxtilə Azərbaycanın böyük sənətkarları – Arif Babayev, Səxavət Məmmədov, Məmmədbağır Bağırzadə, Həsrət Hüseynov, Ələffəz Şəkili və başqaları bu kəndin toylarında iştirak ediblər. Bu isə təsadüfi deyil. Çünki Sirik camaatı sənətkarı başa düşən, onu ucaldan və dəyərləndirən bir camaatdır. Onlar üçün toy təkcə şadlıq yox, milli ruhun yaşadıldığı, sənətin səsləndiyi bir mərasimdir.

 

Bu gün də Sirik kəndinin insanları harada yaşamalarından asılı olmayaraq, bu mənəvi köklərə sadiqdirlər. Onlar Cəbrayıllı adını, sirikli şərəfini yaşadır, çələbilərin ruhuna sadiq qalaraq irəliləyirlər.

 

Və bu milli ruh, bu mənəvi kök, bu birlik bizi zəfərə aparan yolun mayası oldu. Artıq Azərbaycanın qüdrətli nizami ordusu var. Şəhidlərin qanı ilə yazılmış tariximiz, üçrəngli bayrağımız altında daha da birləşərək, torpaqlarımıza qayıdışın şahidi oluruq. Sirikdəki Fatimə Çələbinin heykəli isə bu dönüşün susmayan şahididir – həm tarixə, həm gələcəyə körpü olan bir məbəd kimi.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.