“Ədəbiyyat və incəsənət” portalı Asif Şəfəqqətovun növbəti maraqlı araşdırma yazısını təqdim edir.
Neftçilər prospektində, Bakı funikulyorunun yaxınlığında “Bəhram Gur” adlı abidə yerləşir. Abidə uzaq 1959-cu ildə qoyulub. Onun müəllifləri gənc və istedadlı heykəltəraşlar Qorxmaz Sücəddinov, Albert Mustafayev və Aslan Rüstəmov, memar V.Şulqindir.
“Bəhram Gur” dekorativ fəvvarəsi, şəksiz ki, Bakının simvollarından biridir. O, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bir süjeti təsvir edir. Bəhram Gur tarixi şəxsiyyətdir və Sasani sülaləsinin 14-cü şahı olub. O, cəsurluğu və ədaləti ilə fərqlənmişdi. 439-cu ildə saray çevrilişi zamanı əyanlar tərəfindən öldürülmüşdür. Onun həyatı uzun müddət əfsanələr mövzusu olub.
Bir neçə əsr sonra, XII əsrdə böyük Azərbaycan şairi Nizami Bəhram Guru özünün “Yeddi gözəl” poemasının (“Bəhramnamə” kimi də tanınır) qəhrəmanı etdi. Ayaqlarına dolaşmış ilanabənzər əjdahanı qılıncla öldürən əfsanəvi qəhrəmanın heykəli fəvvarənin mərkəzində qoyulub.
Belə alleqorik kompozisiyanın Bakıda peyda olması böyük çətinliklərlə müşayiət olunmuşdu. Yalnız o vaxt Bakı şəhərinin meri Əliş Ləmbəranskinin sayəsində “Bəhram Gur” şəhərin layiqli bəzəyinə çevrildi.
Bu abidənin yaranmasının maraqlı tarixçəsi var. Necəsə respublikamızdan kənarda təhsil alan 3 heykəltəraş tələbə – Qorxmaz Sücəddinov, Albert Mustafayev və Aslan Rüstəmov Bakıda Alimlər evinin qarşısında yeni salınmış meydanda abidə qoyulması üzrə müsabiqədə iştirak etmək qərarına gəlirlər. Vaxt azlığından və naturaçıya verməyə vəsait çatmadığından model kimi müəlliflər Albert Mustafayevdən istifadə etmişdilər. Onlar müsabiqəyə öz layihələrini təqdim etsələr də uğur qazanacaqları haqda heç düşünmürdülər. Gözlənilmədən onların layihəsi bəyənilir. 4,6 metrlik abidəni bürüncdən hazırlayırlar.
Abidə o vaxt şəhərdəki digər abidələrdən öz dinamikası ilə fərqlənirdi. Abidə Bakı üçün qeyri-adi idi:
• O, Bakıda bürüncdən hazırlanan ilk abidələrdən biri oldu.
• O, Bakıda ədəbi qəhrəmana qoyulan ilk abidə oldu.
1997-ci ildə Azərbaycanda bu abidənin təsvirləri əks olunmuş poçt markaları seriyası buraxılmışdır.
2007-ci ildə abidə restavrasiya olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)