ABİDƏLƏRİMİZ – Xocavənddə Katarovəng monastırı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi - Katarovəng monastırı barədə danışacağıq bu gün. Düşmən istila vaxtı “qədim erməni abidəsi” deyib car çəkirdi, halbuki, bu abidənin ermənilərlə heç bir əlaqəsi yoxdur, ola da bilməzdi. Bu, bir qədim alban məbədidir.

 

Monastrın adı mənbələrdə Qafqaz Albaniyasında IV əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir.  

Moisey Kalankatlı “Alban ölkəsinin tarixi”ndə Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, xristianlığı təbliğ etməsi Massaget çarı Sanesanın xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər dənizi sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir. Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə Müqəddəsin cəsədini götürərək Alban Katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Saneasan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır.

Qaçqın xristianlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətində sığınırlar. Ter Abbasın Alban Həvari Kilsəsinin katolikos taxtına seçilməsindən əvvəl qaçqınları izləyən massaget ordusu Saneasın rəhbərliyində Haband vilayətinə kimi irəliləyərək qaçqınların gizləndiyi Katarovəng monastırını oda verir.

V əsrdə yaşamış erməni tarixçisi Favstos Buzand eyni hadisələri təsvir edərkən, onları massagetlərin Ermənistana yürüşü ilə əlaqələndirir. Bəli, saxtakarlıq qonşularımızda bütün əsrlərdə olub və onlar öz tarixlərini zorla Qafqaza sırıyaraq buranın aborogen xalqı olduqlarını isbatlamağa çalışıblar.

 

Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. Kilsə divarlarının birnövlü hörgüsünü kiçik və dar pəncərə yerləri pozur. Kilsənin qərbdə yerləşən yeganə qapısı yaxşı yonulmuş daşlardan hazırlanmış çərçivə və kitabəli plitə istisna olmaqla bütün dekor elementlərindən məhrumdur. Şimal divarı yarıya qədər yerin altındadır, cənub divarı isə çılpaq qaya üzərində tikilmişdir.

2015-2016-cı illərdə abidədə ermənilər tərəfindən təmir işləri aparılmış, dam örtüyü tamamilə yeni və müasir materiallarla qurulmuşdur. Halbuki bu, tarixiliyə kobud müdaxilə idi.

İkinci Qarabağ müharibəsi zamanı Katarovəng monastırının yerləşdiyi ərazi işğaldan azad edilmişdir. Tək bura da yox, bütün Azərbaycan torpaqları murdar düşmən ayaqlarından qurtulmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.