İnsanın əsl cəhənnəmi anlaşılmamasıdır Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

İnsan bəzən elə bir mənəvi tənhalıq yaşayır ki, ətrafında nə qədər adam olsa da, özünü dünyanın ən kimsəsiz insanı hesab edir. Çünki tənhalıq həmişə yanında heç kimin olmaması demək deyil. Bəzən insanın ətrafı doğmaları, dostları, tanışları ilə dolu olur, amma onun düşüncələrini, duyğularını, ağrılarını və susqunluğunun arxasında gizlənən həqiqətləri anlayan bir nəfər belə tapılmır. Məhz belə anlarda insan özünü görünməz, eşidilməz və anlaşılmaz hiss edir. Böyük ehtimalla Həllac-ı Mənsura aid edilən bir fikir var: “Cəhənnəmi məhşərdə aramayın, onu kimsənin sizi anlamadığı yerdə bulacaqsınız!”  Bu fikir insanın mənəvi dünyasına toxunan, düşündürən və həyatın görünməyən həqiqətlərindən birini üzə çıxaran fəlsəfi bir yanaşmadır. Burada cəhənnəm dini mənada deyil, insanın daxilində yaşadığı mənəvi əzabın, tənhalığın və anlaşılmamağın rəmzi kimi təqdim olunur.

 

İnsan üçün ən ağır hisslərdən biri özünü ifadə edə bilməmək, daha doğrusu, ifadə etdiklərinin qarşı tərəfdə doğru anlaşılmamasıdır. Bəzən bir söz deyirsən, amma səni dinləyənlər başqa məna çıxarırlar. Bəzən susursan, susmağını laqeydlik hesab edirlər. Bəzən yaxşılıq edirsən, niyyətini başqa cür yozurlar. Bəzən də heç kimə pislik etmədiyin halda, özünü kimlərəsə nəyisə sübut etmək məcburiyyətində görürsən. İnsanın ən ağır dərdlərindən biri danışa bilməmək deyil, danışdığı halda anlaşılmamaqdır. Bəzən insanın söyləməyə sözü, bölüşməyə fikri, anlatmağa duyğuları olur, amma qarşısındakı onu eşitsə də, anlaya bilmir. Sözlər qulağa çatır, lakin mənaya çevrilmir; cümlələr eşidilir, amma hisslər duyulmur. Elə bu zaman insanın daxilində izahı çətin olan bir tənhalıq başlayır.

Anlaşılmaq insanın ən böyük ehtiyaclarından biridir. Çünki anlaşılmaq qəbul edilməkdən də dərin bir mənəvi ehtiyacdır. Səni anlayan insan hər zaman səninlə razılaşmaya bilər, düşüncələrini bölüşməyə də bilər. Ancaq o, səni dinləməyi, niyyətini duymağı və sözlərinin arxasında dayanan həqiqəti görməyi bacarmalıdır. Qarşı tərəf məhz belə münasibətdə özünü rahat və güvəndə hiss edir.

İnsanın anlaşılmaq ehtiyacı əslində hörmət görmək, qəbul olunmaq və mənəvi yaxınlıq duymaq ehtiyacıdır. Bəzən bir insanın bizdən gözlədiyi heç bir məsləhət, təsəlli və ya həll yolu olmur. Sadəcə, onun hisslərini kiçiltmədən dinləməyimizi istəyir. Ona xaladəri “səni başa düşürəm” deməyimizdən daha vacibi, həqiqətən başa düşməyə çalışdığımızı hiss etdirməyimizdir.

Təəssüf ki, cəmiyyətimizdə çox vaxt insanın nə demək istədiyindən daha çox, necə göründüyünə, hansı mövqedə dayandığına və kimlərlə münasibətdə olduğuna diqqət yetirilir. Adamların daxili aləminə varmaq, onların düşüncələrini anlamağa çalışmaq əvəzinə, tələsik mühakimələr yürüdülür. Bir cümlədən bütöv xarakter, bir hadisədən insanın bütün həyatı haqqında hökm çıxarılır. Belə münasibət isə fərdlər arasında mənəvi məsafəni daha da artırır.

 Anlaşılmamaq bəzən insanı öz daxilinə çəkilməyə məcbur edir. O, getdikcə az danışır, fikirlərini bölüşməkdən çəkinir, hətta ən yaxın bildiyi insanlarla belə arasına görünməz bir sədd çəkir. Çünki hər dəfə özünü izah etməyə çalışmaq, lakin yenə də yanlış anlaşılmaq insanı mənəvi cəhətdən yorur. Bir müddət sonra o başa düşür ki, hər kəsə özünü anlatmaq mümkün deyil. Hər qulaq eşitdiyini dərk etmir, hər göz gördüyünün mahiyyətinə varmır, hər ürək başqasının ağrısını hiss edə bilmir.

Amma burada mühüm bir həqiqət də var: insan yalnız başqaları tərəfindən anlaşılmağı gözləməməli, özü də başqalarını anlamağı bacarmalıdır. Çünki anlaşılmaq istəyən hər kəs ilk növbədə anlamağın məsuliyyətini dərk etməlidir. Qarşımızdakı insanın davranışına hökm verməzdən əvvəl onun hansı həyat şəraitindən keçdiyini, hansı duyğuların təsiri altında olduğunu düşünməliyik. Bəzən sərt görünən insanın daxilində kövrək bir ürək, susqun insanın düşüncələrində isə böyük bir dünya gizlənir.

İnsan münasibətlərinin ən böyük faciəsi bir-birini eşitməməkdən daha çox, eşitdiyini anlamaq istəməməkdir. Çünki dinləmək qulağın, anlamaq isə qəlbin işidir. Qəlbində başqasının duyğularına yer olmayan insan nə qədər danışsa da, qarşısındakını anlaya bilməz.

Unutmayaq ki, insanı yaşadan yalnız çörək, su və nəfəs deyil. Onu yaşadan həm də mənəvi yaxınlıq, səmimi münasibət, etibar və anlaşılmaq duyğusudur. Bir insanın həyatında onu mühakimə etmədən dinləyən, sevincinə şərik olan, kədərini duyan və susqunluğunun dilini bilən bir nəfərin varlığı bəzən böyük bir dünyanın varlığından daha qiymətlidir.

Bəlkə də, bu fikrin ən böyük fəlsəfi mənası elə bundadır: insanın cəhənnəmi həmişə od-alovdan ibarət deyil. O bəzən soyuq münasibətlərdə, laqeyd baxışlarda, qarşılıqsız gözləntilərdə, yarımçıq söhbətlərdə və anlaşılmayan duyğularda gizlənir. İnsan fiziki olaraq insanların arasında yaşaya, lakin mənəvi baxımdan onlardan çox uzaqda qala bilər. Anlaşılmamaq dərdi – insanın içindəki səssiz tənhalıqdır.

İnsan bəzən bir kəlmə eşitmək üçün deyil, bircə dəfə doğru anlaşılmaq üçün illərlə gözləyir. Ən böyük tənhalıq isə ətrafında insanların olmadığı zaman deyil, səni əhatə edən insanların arasında özünü heç kimə anlada bilmədiyin zamandır. İnsan bəzən bir ömür boyu danışır, amma bircə dəfə, bircə insan tərəfindən həqiqətən anlaşılmaq istəyir. Ən böyük xoşbəxtlik isə səni hamının tanıması deyil, heç kimin görmədiyi tərəflərini belə anlayan bir insanın varlığıdır.

Bununla belə, anlaşılmamaq insanı ümidsizliyə sürükləməməli, özündən uzaqlaşdırmamalıdır. Həyatda hər kəsin bizi anlamasını gözləmək nə mümkündür, nə də zəruridir. İnsanın düşüncəsinə, xarakterinə, dünyagörüşünə uyğun gəlməyən insanlar həmişə olacaq. Əsas məsələ öz həqiqətini başqalarının təsdiqindən asılı vəziyyətə salmamaqdır Öz mənəvi bütövlüyümüzü qorumaq, düşüncələrimizə və dəyərlərimizə sadiq qalmaqdır. Bəzən insanın ən böyük rahatlığı özünü hər kəsə izah etmək ehtiyacından azad olmasıdır. Çünki həqiqi dəyərimizi hər kəsin bizi necə anlaması müəyyən etmir.

  Bəzən insan tək qalmağı, susmağı, bəzi fikirlərini hər kəslə bölüşməməyi də bacarmalıdır. Bu, məğlubiyyət deyil, mənəvi sərhədləri qorumaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2026)

 

                                                                  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.