Mən dəliyəm... Featured

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Uşaq vaxtı elə bilirdim ki, dəlilər öz-özünə danışırlar. Kəndimizdə bir nəfər vardı. Tez-tez öz-özünə nəsə danışar, bəzən gülər, bəzən də kiməsə cavab verirmiş kimi dayanıb susardı. Cəmiyyət ona dəli deyirdi. Mən də uşaq ağlımla düşünürdüm ki, yəqin insanın öz-özü ilə danışması dəliliyin əlamətidir.

 

Sonra böyüdüm. Həyatın içindən keçdikcə, insanları tanıdıqca, özümə daha çox qulaq asdıqca anladım ki, yox, bəzən ən ağıllı söhbətlər insanın öz-özü ilə etdiyi söhbətlər imiş...

İnsan öz-özü ilə danışanda suallarını rahatlıqla qura bilir. Nə verdiyi sualdan qorxur, nə də alacağı cavabdan. Özünə qarşı nəzakət göstərmək məcburiyyətində deyil. Nə sözünü yumşaltmağa ehtiyac duyur, nə də fikrini kiminsə qəbul edə biləcəyi şəklə salmağa. Hətta özünü mühakimə edir, ittiham edir, sonra yenə özünə bəraət qazandırır. Bəzən özünün ən amansız hakimi, bəzən də ən mərhəmətli vəkilinə çevrilir.

Bir tərəfdən sorğu-sual edir, o biri tərəfdən cavab verir. Özünü təkzib edir, özünə etiraz edir, bəzən də öz düşüncələri ilə razılaşmır. Hətta elə məqamlar olur ki, daxilindəki bir səs digərinə qalib gəlir. Amma bütün bunların heç birini kənardan eşidən yoxdur. Çünki insan içində qopan mübahisəni həmişə çölə çıxara bilmir. Hayqırmaq istəyir, amma hayqıra bilmir. Və beləcə, üzünə ağıllı adam ifadəsi taxıb cəmiyyətin arasında dolaşmağa davam edir.

Çünki...

Çünki səbəblər çoxdur. Yox, əslində, səbəblər də çox deyil. Cəmiyyətin sənə verəcəyi bir ad var: dəli!

Bəs insanın öz daxilində qurduğu dünya nə qədər qəribə ola bilər? Sən göyə baxıb buludların arasında bir rəsm görə bilərsən. Bir yarpağın ağacdan qopub yerə enməsini sadəcə düşmək deyil, rəqs etmək kimi təsəvvür edə bilərsən. Meyvənin budaqdan ayrılmasını zərbə, küləyin pəncərəyə toxunuşunu bir xəbər, yağışın səsini isə kiminsə yarımçıq qalmış etirafı kimi eşidə bilərsən.

Bunları kiməsə danışsan, bəlkə də güləcəklər. Bəlkə də sənə qəribə baxacaqlar. Çünki cəmiyyət hadisələrin özünü görməyə öyrəşib, onların içində gizlənən mənaları deyil. Yarpaq düşür, vəssalam! Bulud göydədir, vəssalam! Meyvə yerə düşür, vəssalam!

Hə, bəlkə də cəmiyyət öz meyarları ilə haqlıdır. Axı ağıllı insanlar belə söhbət etmirlər. Onlar gördüklərini olduğu kimi adlandırır, eşitdiklərini olduğu kimi qəbul edir, düşündüklərini isə münasib hesab etdikləri qədər söyləyirlər. Onlar üçün yarpaq sadəcə yarpaqdır. Mənim üçünsə bəzən bir ayrılığın son rəqsidir.

Amma bir sual var: insan özünü dinlədiyi kimi, başqa biri də onu dinləyərmi?

Sən içindəki qarışıqlığı danışanda qarşındakı səni anlamağa çalışacaq, yoxsa dediklərinə bir diaqnoz qoyacaq? Sözlərinin arxasında gizlənən duyğunu görəcək, yoxsa səni öz ağlının ölçüləri ilə mühakimə edəcək? Bəlkə də insanları susmağa məcbur edən elə budur. Danışmaqdan yox, anlaşılmamaqdan qorxmaq...

Bəzən düşünürəm ki, biz ağıllı görünmək naminə özümüzün ən maraqlı tərəflərini gizlədirik. Uşaqlıqda sərbəst buraxdığımız təxəyyülümüzü böyüdükcə həbs edirik. Bir vaxtlar buludlara ad verən, kölgələrlə söhbət edən, oyuncaqlarına sirdaş gözü ilə baxan uşaq böyüyür və bir gün öz düşüncələrindən utanmağa başlayır. Çünki ona öyrədirlər ki, hər şeyin bir adı, bir qaydası, bir izahı olmalıdır. İzah edə bilmədiyin şeylərə isə inanma, haqqında danışma, hətta düşünmə!

Bəs insanın daxilindəki o sərhədsiz dünya hara gedir? Biz onu itiririk, yoxsa sadəcə başqalarının görə bilməyəcəyi bir yerə köçürürük?

İndi o kənddəki adamı xatırlayıram. Görəsən, o, həqiqətən öz-özünə danışırdı, yoxsa bizim eşidə bilmədiyimiz bir dünyanın söhbətini edirdi? Bəlkə də özünə suallar verir, özünə cavablar tapır, bizim heç vaxt cəsarət etmədiyimiz mühakimələri öz içində aparırdı. Biz isə onun sözlərini anlamadan ona bir ad vermişdik.

İnsan bəzən özünü başqalarına izah edə bilmədiyi üçün susur. Bəzən susduğu üçün anlaşılmır. Bəzən də anlaşılmamaqdan qorxduğu üçün öz daxilindəki bütün səsləri bir otağa yığır, qapısını bağlayır və orada onlarla söhbət edir.

Mən də bəzən özümlə danışıram. Özümə suallar verir, cavablarımı dinləyir, özümü ittiham edir, sonra yenə özümə haqq qazandırıram. Bəzən buludlarda rəsm görür, yarpaqların rəqsini izləyir, həyatın ən adi hadisələrində heç kimin görmədiyi mənalar axtarıram.

Bəlkə də bunların hamısı qəribədir. Bəlkə də ağıllı adam belə düşünməz. Bəlkə də cəmiyyətin öz hökmü var.

Amma artıq bir şeyi bilirəm: insanın hər kəsə göstərdiyi üzü ilə özü-özünə göstərdiyi üzü eyni deyil. Və bəzən insanın ən həqiqi söhbəti heç kimin eşitmədiyi söhbətdir.

Ona görə də bu dəfə özümü izah etməyəcəyəm. Nə mühakimədən qorxacağam, nə də veriləcək addan.

Mən dəliyəm...

Ən azından, cəmiyyətin ağıllı olmaq üçün müəyyən etdiyi sərhədlərin içində yaşamağa razı olmayan biriyəm.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.