“Gələcək planlarım arasında uşaqlar və valideynlər üçün stolüstü psixologiya kitabı yazmaq da var” Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Bugünkü müsahibim dəyərli psixoloq Sədaqət Soltanova xanımdır. O, Ucar şəhər 1 nömrəli məktəb-liseydə çalışır.

Gəlin, onu daha yaxından tanıyaq, peşəkar fəaliyyəti, psixologiyaya olan marağı və gələcək planları haqqında söhbət edək.

 

1. İlk olaraq özünüz haqqında oxucularımıza ətraflı məlumat verə bilərsinizmi?

 

Mən, Soltanova Sədaqət Sədi qızı, 1975-ci ildə Ucar rayonunun Lək kəndində anadan olmuşam. Lək kənd 2 nömrəli tam orta məktəbi bitirmişəm. İki ali təhsilim var: psixologiya və tarix ixtisasları üzrə.

 

2. Psixologiya sahəsində təhsil almağınıza səbəb nə oldu? Bu peşəni seçməyinizə hansı amillər təsir göstərdi?

 

1990-cı ildə orta məktəbdə “Ailə Həyatının Etika və Psixologiyası” adlı dərslikdən dərs keçməyimiz məndə psixologiya elminə böyük maraq və sevgi yaratdı. Test üsulu ilə qəbul imtahanlarını ilk dəfə 1992-ci ilin buraxılış sinifləri verdi. Şansım gətirdi, ilk olaraq tarix ixtisası üzrə ali təhsil aldım. 1996-cı ildə isə psixologiya ixtisası üzrə yenidən ali məktəbə qəbul olundum.

 

3. Sizcə, uğurlu və insanlara təsir göstərən psixoloq hansı şəxsi və peşəkar xüsusiyyətlərə malik olmalıdır?

 

Peşəkar psixoloq olmaq üçün insan daim öz üzərində çalışmalı, bilik və bacarıqlarını inkişaf etdirməlidir. Hədəflərinə çatmaq yolunda qarşılaşdığın mübarizələr səni yorub ruhdan salmamalı, əksinə, daha da gücləndirməlidir.

 

 

4. Psixoloq kimi gündəlik iş rejiminiz necə keçir? Gününüzü necə planlaşdırırsınız?

 

Psixoloq kimi iş rejimim səhər saat 08:00-dan 16:00-dək davam edir. Bu müddət ərzində iş yerində olur və fəaliyyətimi həyata keçirirəm.

 

5. Psixoloq kimi fəaliyyətiniz və bu sahədə qazandığınız təcrübə haqqında danışa bilərsinizmi?

 

Psixoloq kimi məktəb-liseydə çalışmaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də işinin keyfiyyətinə, peşəkarlığına və insanlara yanaşmasına diqqət tələb edir. Artıq 26 ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Təcrübəli psixoloq kimi rayon ictimaiyyətində, o cümlədən Ucar Rayon Təhsil Sektorunda, Ucar Rayon İcra Hakimiyyətində və Mərkəzi Aran Regional Təhsil İdarəsində tanınıram.

Risk qrupuna daxil olan uşaqlarla iş, çətin tərbiyə olunan şagirdlərlə fərdi yanaşma, birinci sinfə qəbul prosesinin psixoloji qiymətləndirilməsi, beşinci sinif şagirdlərinin adaptasiya dövrünün müşayiəti və digər istiqamətlərdə əldə etdiyim nəticələr peşəkar fəaliyyətim boyunca qazandığım mühüm uğurlar sırasındadır.

 

6. Məktəb psixoloqu kimi fəaliyyət göstərməyə sizi nə ilhamlandırdı? Bu sahəni seçməyinizin xüsusi səbəbi varmı?

 

Əvvəldə də qeyd etdiyim kimi, 9-cu sinifdə tədris olunan “Ailə Həyatının Etika və Psixologiyası” dərsliyi məni bu sahəyə yönəltdi, psixologiyaya olan marağımı və sevgimi daha da artırdı. Çox xoşbəxtəm ki, Azərbaycanın tanınmış psixoloqları Əbdül Əlizadə və Muxtar Həmzəyevin, eləcə də görkəmli pedaqoqlar Yəhya Kərimov və Ağarəhim Rəhimovun tələbəsi olmuşam. Onların bilik və təcrübəsindən bəhrələnmək mənim peşəkar inkişafımda mühüm rol oynayıb.

 

7. Sizcə, şagirdlərin məktəb psixoloquna rahatlıqla müraciət edə bilməsi nə üçün vacibdir? Bu, onların psixoloji inkişafına və təhsil həyatına necə təsir göstərir?

 

Şagirdlərin məktəb psixoloquna müraciəti artıq gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilib. Çalışıram ki, hər bir şagirdi fərdi şəkildə dinləyim, onun yaşadığı çətinlikləri anlamağa və problemlərinin həllində dəstək olmağa çalışım.

Şagirdlərimiz bəzən məktəb və ailə ilə bağlı müxtəlif problemlərlə üzləşirlər. Belə hallarda onların psixoloji vəziyyətini diqqətdə saxlayır, ehtiyac yarandıqda ailələri ilə də əlaqə qurur, hətta şagirdlərimizin evlərinə baş çəkirik. Əsas məqsədimiz şagirdlərin təhsildən yayınmasının qarşısını almaq, onların məktəbə bağlılığını artırmaq, psixoloji rifahını qorumaq və sağlam inkişafına dəstək olmaqdır.

 

8. Davranış problemləri, emosional çətinlikləri və ya fərqli psixoloji ehtiyacları olan şagirdlərlə işləyərkən hansı müdaxilə və dəstək üsullarından istifadə edirsiniz?

 

Artıq respublikanın bütün məktəblərində Şagird Davranış Qaydalarının tətbiq olunması psixoloqların fəaliyyətinə də müsbət təsir göstərir. Şagirdlərin yaş xüsusiyyətlərini, xüsusilə keçid dövründə yaşadıqları psixoloji və fizioloji dəyişiklikləri nəzərə alaraq, bu istiqamətdə müxtəlif tədbirlər keçirir, monitorinqlər aparır və müvafiq təlimatlandırmalar həyata keçiririk.

Keçid dövrünün şagirdlərin həyatında mühüm mərhələ olduğunu nəzərə alaraq, valideynlərlə əməkdaşlığa da xüsusi diqqət yetiririk. Bu məqsədlə valideyn iclaslarının sayını artırır, valideynləri övladlarının yaş xüsusiyyətləri, davranış dəyişiklikləri və psixoloji ehtiyacları barədə maarifləndirməyə çalışırıq.

 

9. Şagirdlərə özünüinkişaf məqsədləri müəyyənləşdirmək, gələcək planlarını qurmaq və öz potensiallarını kəşf etmək istiqamətində necə kömək edirsiniz?

 

Şagirdlərin özünüinkişaf məqsədlərini müəyyənləşdirmək, onların maraq və potensialını üzə çıxarmaq üçün fərdi söhbətlər aparır, müxtəlif sorğular keçiririk. Bu istiqamətdə əsasən optant anket-sorğusundan istifadə edirik. Həmin sorğu vasitəsilə şagirdlərin maraq dairəsini, meyillərini və peşə seçimlərinə uyğun xüsusiyyətlərini müəyyənləşdirərək gələcək ixtisas və peşə seçimində onlara psixoloji dəstək göstəririk.

 

10. Psixoloq fəaliyyətinin sizin üçün ən asan və ən çətin tərəfləri hansılardır?

 

Psixoloq fəaliyyətimin ən asan tərəfi şagirdlərin sevgisini və etimadını qazanmağım, onlarla səmimi münasibət qurmağı bacarmağımdır. İşimin çətin tərəflərindən biri isə əvvəllər risk qrupuna daxil olan şagirdlərlə işləmək idi. Sevindirici haldır ki, hazırda məktəbimizdə risk qrupuna daxil olan şagirdlər yoxdur.

Bununla yanaşı, çətin tərbiyə olunan şagirdlərimiz də olur. Onlarla fərdi söhbətlər aparır, davranışlarının səbəblərini araşdırır, valideynləri ilə əməkdaşlıq edirik. Birgə səylərimiz, düzgün yanaşma və davamlı psixoloji dəstək nəticəsində müsbət dəyişikliklərə nail oluruq.

 

11. Peşəkar fəaliyyətiniz zamanı sizi ən çox düşündürən, təsirləndirən və ya yaddaşınızda iz qoyan hadisə olubmu?

 

Bu sahədə fəaliyyət göstərdiyim müddət ərzində yaddaşımda iz qoyan çoxsaylı hadisələr olub. Bəzən işdən evə gedərkən yolda keçmiş şagirdlərimlə qarşılaşıram. Onlarla söhbət etmək, illər əvvəl yaşananları xatırlamaq məni xoş xatirələrə qaytarır.

Elə olur ki, keçmiş şagirdlərim mənə belə deyirlər: “Sizin söhbətlərinizdən sonra mən özümü kəşf etdim, sanki yuxudan ayıldım. Yaxşı ki, sizin kimi psixoloqla problemlərimi bölüşdüm, düzgün istiqamət aldım.”

Bir psixoloq üçün insanın həyatına müsbət təsir göstərmək, onun özünü tanımasına, doğru yolu seçməsinə və çətinlikləri aşmasına dəstək olmaq ən böyük mənəvi mükafatdır. Mənim üçün bundan böyük uğur ola bilməz.

 

12. İşdən kənar vaxtlarınızı necə keçirirsiniz? Hobbiləriniz və maraq dairəniz nələrdir?

 

İşdənkənar vaxtlarımda təbiəti seyr etməyi, onun gözəlliklərindən zövq almağı sevirəm. Maraq dairəmin əsasını mütaliə təşkil edir. Kitab oxumaq mənə həm yeni biliklər qazandırır, həm də dünyagörüşümü zənginləşdirir. Hobbilərim arasında yürüş etmək və səhərlər idmanla məşğul olmaq da var. Bu məşğuliyyətlər mənə ruhən və fiziki cəhətdən gümrah qalmağa kömək edir.

 

13. Müasir ədəbiyyatı və ümumiyyətlə, ədəbi dünyanı izləyirsinizmi? Kitab oxumaq həyatınızda hansı yeri tutur?

 

Bəli, mütaliə həyatımın ayrılmaz hissəsidir. Kitab oxumağı sevdiyim kimi, şagirdlərimizi də mütaliəyə təşviq edir, onları məktəb kitabxanasına cəlb etməyə çalışırıq. Düşünürəm ki, kitab insanın dünyagörüşünü genişləndirən, düşüncə tərzini zənginləşdirən ən dəyərli vasitələrdən biridir. Dünya ədəbiyyatı isə hər zaman xüsusi maraq dairəmdə olub.

 

14. Gələcək fəaliyyətinizlə bağlı hansı planlarınız, hədəfləriniz və arzularınız var?

 

Gələcək planlarım arasında uşaqlar və valideynlər üçün stolüstü psixologiya kitabı yazmaq da var. İstəyirəm ki, bu kitab həm uşaqların özünü tanımasına, emosiyalarını düzgün ifadə etməsinə, həm də valideynlərin övladlarının psixoloji dünyasını daha dərindən anlamasına kömək etsin. Ən böyük arzularımdan biri isə ölkəmizdə psixologiya elminə marağın daha da artması, insanların psixoloji sağlamlığın əhəmiyyətini dərk etməsi və bu sahəyə daha həssas yanaşmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2026)

 

\

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.