Məktubunu götürməyə də ərinən cəmiyyət Featured

“Biz niyə beləyik” seriyasından

 

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bir neçə gün əvvəl anamın adına bir təşkilatdan məktub gəlmişdi. Məktubu götürmək üçün poçta getdim. Sənədi alıb çıxmaq istəyərkən poçt əməkdaşı mənə təşəkkür etdi. Səbəbini soruşanda bildirdi ki, bəzən məktublar gəlir, amma insanlar onları götürməyə belə gəlmirlər.

 

Açığı, bu cavab məni təəccübləndirdi. Bir məktubu götürməyə gələn insana niyə təşəkkür edilməlidir? Məgər bu, bizim adi məsuliyyətimiz deyil? Ünvanımıza məktub göndərilibsə, heç olmasa onunla maraqlanmaq lazım deyilmi?

Deyilənə görə, əvvəllər poçt insanların ən çox yolunu gözlədiyi yerlərdən biri olub. Kimisi uzaqda yaşayan övladından, kimisi əsgərlikdəki qardaşından, kimisi də doğmalarından, sevdiyindən xəbər gözləyib. Bir məktubun gəlməsi insanları sevindirib. Zərflər açılıb, məktublar dəfələrlə oxunub, bəzən illərlə saxlanılıb. İndi isə hər şey başqadır.Telefonlarımızdan bir an belə ayrılmırıq. Gün ərzində onlarla, bəlkə də yüzlərlə mesaj alırıq. Sosial şəbəkələrdə saatlarla vaxt keçiririk. Amma poçtdan gələn məktubu götürmək üçün vaxt ayırmırıq. Bəziləri üçün poçt sanki artıq mövcud olmayan bir qurumdur. 

Bəli, zaman dəyişib. Elektron poçt, mesajlaşma proqramları, sosial şəbəkələr, instagram "direct" həyatımızı asanlaşdırıb. Amma texnologiyanın inkişaf etməsi məsuliyyətsizliyə bəraət qazandırmır. Axı hər məktub reklam vərəqəsi deyil. Bəzən orada vacib məlumat, rəsmi bildiriş, insanın bilməli olduğu bir xəbər olur. Onu görməzdən gəlmək heç də düzgün davranış deyil.

Onu da deyim ki, insanlar bəzən telefonlarına gələn mənasız bildirişləri belə yoxlamağa tələsirlər,  amma öz adlarına göndərilmiş məktubun taleyi ilə maraqlanmırlar. Bir neçə dəqiqəlik diqqət ayırmaq bu qədər çətindir?

 

Biz təkcə məktubları deyil, bir çox vərdişimizi də itirmişik. Gözləməyi, səbir etməyi, yazılan sözə dəyər verməyi... Hər şeyin bir toxunuşla əldə olunduğu dünyada kağız üzərində gələn bir xəbərə marağımız qalmayıb.

Məncə, poçtun qapısından içəri girib məktub götürmək böyük bir iş deyil. Amma bir insanın öz adına gələn məktuba belə laqeyd yanaşması düşündürücüdür. Çünki həmin məktubu göndərən tərəfdə də bir zəhmət, bir məsuliyyət var. Məsələn, mənə bir məktub gəlsə idi tez gedib götürərdim. Çünki, maraqlıdır, kim nə yazıb?

Poçt əməkdaşının mənə təşəkkür etməsi onlar üçün normal idi.Yəgin hər məsuliyyətliyə bu sözü deyirlər. Amma bu cümlə mənə bir sual verdi: Görəsən, biz nə vaxtdan özümüzə aid olan bir məsuliyyəti yerinə yetirəndə belə təşəkkürə layiq görüləcək qədər laqeyd olmuşuq?

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.