Harun Soltanov,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Sivilizasiya kosmosa qədər genişlənib, insanın daxilində isə bəzi otaqlar hələ də daş dövrünün qorxuları ilə idarə olunur.
Bütün bu absurdluğun ən mükəmməl səhnəsi, məncə, bir dövlət idarəsinin dəhlizində qurula bilər. Uzun, soyuq bir dəhliz. Divarlarda qaydalar, elanlar, müxtəlif möhürlər və insanlara xidmət göstərildiyini bildirən rəsmi lövhələr. Dəhlizin sonunda bir qapı var. Qapının arxasında insanların həyatına dair qərarlar qəbul edilir. Hər kəs əlində nömrə talonu gözləyir. Birinin xoşbəxtlik üçün, digərinin uğur üçün, başqa birinin azadlıq, sevgi və ya öz həyatına qovuşmaq üçün növbəsi var. Hamı səbirli görünməyə çalışır. Arada kimsə etiraz edir, amma digərləri ona sakit olmağı məsləhət görür. Çünki qayda belədir. Burada hamı gözləyir, heç kim isə gözləməyin nə üçün lazım olduğunu dəqiq bilmir. Bu dəhlizdə illər keçir. Bəziləri növbəsini gözləyərkən qocalır, bəziləri ailə qurur, bəziləri arzularından imtina edir, bəziləri isə artıq nə üçün gəldiyini unudur. Vaxtilə həyatın böyük planları olan gənc adam indi əlindəki kağızı qatlayıb cibinə qoyur. Bir vaxtlar dünyanı dəyişəcəyini düşünən qadın artıq növbədə özündən əvvəl dayananların yerini qorumaqla məşğuldur. Onlar həyatlarını qapının açılacağı günə uyğunlaşdırırlar. Kimsə deyir ki, hələ tezdir, kimsə deyir ki, növbə çatanda hər şey düzələcək, başqa biri isə bu sistemin çoxdan belə işlədiyini izah edir. Dəhlizdəki ən yaşlı adam hamıdan sakitdir. O, artıq qapının açılacağına inanmır, amma yerindən də qalxmır. Çünki illərdir gözlədiyi növbəni itirmək fikri ona qapının heç vaxt açılmayacağı ehtimalından daha qorxulu gəlir. İşin tragikomik tərəfi odur ki, həmin dəhlizdə heç kim özünü əsir hesab etmir. Hər kəs könüllü gəldiyini düşünür. Bəziləri hətta gözləməyi həyatın təbii qaydası kimi müdafiə edir. Bir nəfər qapının arxasında həqiqətən kimsənin olub-olmadığını soruşanda digərləri ona qəribə baxırlar. Axı bu qədər insan boş yerə gözləyə bilməz. Bu qədər adamın inandığı bir şey mütləq həqiqət olmalıdır. Kollektiv inamın ən təhlükəli tərəfi də budur: insan bəzən həqiqəti araşdırmaq əvəzinə, başqalarının da onunla birlikdə yanılmasına ehtiyac duyur. Beləcə, mənasızlıq çoxluğun təsdiqini aldıqdan sonra ənənəyə çevrilir. Bəlkə də biz həmin dəhlizin müxtəlif otaqlarında yaşayırıq. Birimiz cəmiyyətin qəbul etdiyi yaşda evlənmək, digəri müəyyən maddi səviyyəyə çatmaq, başqası ailəsinin gözləntilərini doğrultmaq, bir başqası isə nəhayət özünü xoşbəxt hiss etmək üçün gözləyir. Hər kəs həyatının başlanmasını hansısa gələcək hadisəyə bağlayır. Diplom alandan sonra yaşayacaq, yaxşı iş tapandan sonra nəfəs alacaq, borclarını ödəyəndən sonra sevinəcək, ev alandan sonra özünü azad hiss edəcək, müəyyən yaşa çatandan sonra isə nəhayət, özünə icazə verəcək. Həyatın özü isə bu hazırlıqların arasında sakitcə keçib gedir. İnsan yaşamaq üçün hazırlıq görərkən yaşamağı unudur. Bir gün geriyə baxanda görür ki, bütün ömrünü gələcəkdə baş verəcək bir hadisənin gözləmə otağında keçirib.
Bununla belə, insanın özünü itirməsi həmişə yalnız cəmiyyətin günahı deyil. Bəzən o, öz seçimlərinin məsuliyyətindən qaçmaq üçün başqalarının hökmünü bəhanəyə çevirir. Bəzən azadlıq istəyir, amma azadlığın gətirdiyi qeyri-müəyyənliyi qəbul etmək istəmir. Bəzən öz həyatını seçməkdən çox, seçimin nəticələrinə görə məsuliyyət daşımamaq istəyir. Çünki hazır qaydalar insana yalnız məhdudiyyət vermir, həm də rahatlıq təklif edir. Əgər hamı belə yaşayırsa, deməli, mənim də başqa cür yaşamağa ehtiyacım yoxdur. Əgər ailəm belə istəyirsə, deməli, qərarımın məsuliyyəti yalnız mənə aid deyil. Əgər cəmiyyət bunu normal hesab edirsə, deməli, mənim şübhələrim əsassızdır. İnsan bəzən öz həbsxanasının açarını azadlıq adı ilə başqasına verir.
Axşam evə qayıdıram. Pəncərədən şəhərə baxıram. İşıqlar yanır, avtomobillər hərəkət edir, insanlar tələsir. Hər kəsin harasa çatmağa çalışdığı bu şəhərdə heç kimin hara getdiyini soruşmağa vaxtı yoxdur. Masamın üstündə köhnə bir nömrə talonu təsəvvür edirəm. Üzərində neçə yazıldığını bilmirəm. Bəlkə də çoxdan mənim növbəm çatıb, sadəcə, öz adımı eşitmədiyim üçün yerimdən qalxmamışam. Bəlkə də qapının arxasında heç kim yoxdur. Bəlkə də illərdir gözlədiyimiz şey, sadəcə, bizə həyatımızı təxirə salmaq üçün verilmiş inandırıcı bir bəhanədir.
Güzgüyə son dəfə baxıram. Orada yenə tanış bir adam dayanıb. Bu dəfə onun kim olduğunu müəyyənləşdirməyə çalışmıram. Çünki bəzən insan özünü tanımaq üçün əvvəlcə başqalarının ona verdiyi adlardan imtina etməlidir. Amma bunun üçün də gec ola bilər. İllərlə uyğunlaşdığın, susduğun, gözlədiyin və təxirə saldığın həyatın içindən çıxmaq üçün sadəcə qapını açmaq kifayət etmir. Bəzən insan qapının açarını belə itirdiyini xatırlamır. Şəhər isə sabah yenə oyanacaq. Hamı işə gedəcək, hamı normal olacaq, hamı öz həyatından razı görünəcək. Bir nəfər yenə nəyinsə yanlış olduğunu hiss edəcək. Onu da müayinəyə aparacaqlar. Həkimlər əvvəlki diaqnozu təsdiqləyəcəklər. Çünki sistemin sağlamlığı üçün həqiqəti görən gözlərdən daha təhlükəli heç nə yoxdur.
Və bəlkə də insanın bu dünyada ən böyük faciəsi yanlış həyat yaşaması deyil. Öz həyatını heç vaxt yaşamamış olduğunu anladığı gün belə, başqalarının növbəsini pozmamaq üçün yerində oturmağa davam etməsidir...
“Ədəbiyyat və incəsənət”
(11.11.2026)


