Tolstoyla görüşmüş və məktublaşmış şəkili Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Məşhur rus yazıçısı L.N.Tolstoyun 90 cildlik akademik külliyyatının 82-ci cildində (səh:116) 149 nömrəli məktub var. Məktub 23 avqust 1910-cu ildə yazılıb. Akademik nəşrdə bu məktubun mətninin Tolstoyun əlyazma qaralaması ilə tutuşdurulmuş surətinin əsasında dərc edildiyi göstərilir.  

 

Redaksiya qeydi açıq şəkildə məktubun Azərbaycandan – Nuxa (Şəki) şəhərindən olan Qasım Bayramov adlı şəxsin göndərdiyi 20 avqust 1910-cu il tarixli məktuba (Q.Bayramovun səyyar tacir olduğu və onun məktubunun Moskvadakı L.Tolstoy Dövlət Muzeyinin Əlyazmalar şöbəsində saxlanıldığı ehtimal olunur) cavab olduğunu  bildirir. Rəsmi elektron nəşrdə onun adı rus dilində “Касум Байрамов” kimi göstərilir.  

Sənəddə həmçinin Qasım Bayramovun 28 may 1902-ci ildə Krımın Qasprə qəsəbəsində Tolstoyla görüşdüyü də qeyd olunur. Deməli, söhbət yalnız yazışmadan deyil, şəxsi tanışlıqdan da gedir. Bu məlumatlar Q.Bayramovun sadəcə məktub müəllifi olmadığını, Tolstoyla şəxsən görüşmüş bir insan olduğunu göstərir.  

Redaksiya qeydindən və 23 avqust 1910-cu ildə yazılmış cavab məktubundan belə məlum olur ki, bu qısamüddətli görüşün – ünsiyyətin təsiri ilə, tarixçi-diplomat V.Quliyevin də yazdığı kimi, Q.Bayramovun bəzi vərdiş və xasiyyətlərində xeyli dəyişikliklər baş verib. Tolstoyun sadə həyat fəlsəfəsi, insanpərvərliyi və nəsihətləri ona o qədər güclü təsir göstərib ki, hətta sonralar vegetarian olub, siqaret və içkidən imtina edib.  

Q.Bayramovun Tolstoyla müzakirə etdiyi mövzular da diqqətəlayiqdir. O, öz məktubunda Tolstoya babizm haqqında məlumat verib. (Babizm XIX əsrdə İranda meydana gəlmiş dini-ictimai hərəkat idi.) Tolstoy bu mövzuya maraq göstərirdi. O, müxtəlif dini təlimlərin insanın mənəvi həyatına təsirini öyrənirdi. Ona görə də cavab məktubunda Bayramovdan babizm barədə daha ətraflı yazmağı xahiş edirdi.

Q.Bayramovun Tolstoyla babaizm mövzusunda fikir mübadiləsi aparması onun dini-fəlsəfi məsələlərlə maraqlandığını göstərir. (Sonralar babizmdən uzaqlaşıb.) Onun daha sonra hansı dini icmaya mənsub olduğu və ya hansı ictimai təşkilatda iştirak etdiyi barədə isə redaksiya qeydində və 149 saylı məktubda heç bir  məlumat yoxdur.

Məktubda Qasım Bayramovun Nuxadan olduğu təsdiqlənsə də, əsli-nəsli, ailəsi, məşğuliyyəti və ictimai fəaliyyəti haqqında da həmin qeyddə heç bir məlumat verilmir. Lakin onun L.Tolstoy kimi bir dünya dahisinin həyatının son aylarında onunla “qardaşcasına” məktublaşacaq qədər təmiz qəlbli, maarifpərvər bir Şəki sakini olduğu bu məktubla tarixə həkk olunub. (Onun Şəkiyə XIX əsrin II yarısında Cənubi Azərbaycandan gəldiyi güman olunur.)

 Tolstoyun 23 avqust 1910-cu il tarixli cavab məktubunun Azərbaycan dilinə tərcüməsi təxminən belədir: “Məktubunuz məni çox sevindirdi. Fikirlərinizlə tamamilə razıyam. Məktubunuzda bəyənmədiyim yeganə cəhət məni layiq olmadığım qədər tərifləməyinizdir. Sevgi fəzilətində kamilləşməyinizə Allah kömək olsun. Siz də düzgün qeyd edirsiniz ki, həyatın əsas işi məhz budur. Babizm haqqında verdiyiniz məlumatlar məni maraqlandırır. Onlar barədə daha ətraflı yazın, minnətdar olaram. Sizi sevən qardaşınız, Lev Tolstoy”. (https://upload.wikimedia.org/wikipedia/commons/8/88/L._N._Tolstoy._All_in_90_volumes._Volume_82.pdf?utm_source=chatgpt.com)

L.N.Tolstoyun cavab məktubunun sonundakı imza əvəzi “Sizi sevən qardaşınız” ifadəsi isə onların arasındakı səmimi münasibətdən xəbər verir.

Düzdür, böyük yazıçı ilə görüşən və məktublaşan azərbaycanlı ziyalılar az olmayıb. Haqqında söhbət açdığımız yazışma isə göstərir ki, onların arasında digər Şəki tanınmışları kimi Q.Bayramov da olub.

Bu mövzu həm Azərbaycan-Rusiya ədəbi əlaqələrinin, həm də Şəkinin ədəbi-mədəni tarixinin öyrənilməsi baxımından unikal detallardan biridir və ayrıca araşdırılmağa layiqdir.

Q.Bayramovun Tolstoyla əlaqəsi isə həm də onun özünün Şəkinin maarifçilik və intellektual mühitindəki mövqeyini müəyyənləşdirmək cəhətdən maraqlı olardı. Bəlkə, 1910-cu ildə Tolstoyun vəfatı münasibəti ilə Nuxada (Şəkidə) keçirilmiş matəm mərasimi də elə Q.Bayramovun yaxından iştirakı və təşkilatçılığı ilə baş tutubmuş. Hər halda araşdırmaqda fayda var.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2026)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.