İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bəşəriyyətin yaranışından bu günə qədər yer üzündən milyardlarla insan gəlib keçmişdir. İlk baxışda hamımız eyni anatomik quruluşa, oxşar bioloji ehtiyaclara və ümumi insani duyğulara sahibik. Lakin əl izlərimizin təkrarolunmazlığı kimi, yaşadığımız həyatın fəlsəfəsi və daxili dünyamız da yalnız bizə məxsusdur. Hər bir insan özü ilə birlikdə tamamlanmamış bir roman, yazılmaqda olan bir dastan və ya kainatda yalnız bir dəfə ifa olunan unikal bir simfoniya gətirir. “Hər insanın hekayəsi fərqlidir” fikri yalnız romantik bir deyim deyil; bu, insan varlığının, kimliyinin və mənəvi mövcudluğunun təməl fəlsəfəsidir.
Bu fərqlilik və unikal dəst-xətt öz köklərini ilk növbədə insanın ayaq basdığı torpaqdan, doğulduğu coğrafiyadan alır. Dağ kəndinin sakitliyində, təbiətlə iç-içə boy-başa çatan bir insanın dünyagörüşü ilə metropolun gurultulu küçələrində böyüyən insanın baxış bucağı eyni ola bilməz.
Lakin doğulduğumuz torpaq bizə dil, mədəniyyət və həyata baxış çərçivəsi bəxş etsə də, məkan yalnız bir səhnədir. Həmin səhnədə hansı rolu oynayacağımızı, eyni küçədə və ya eyni dam altında böyüsək belə, hansı cığırı seçəcəyimizi öz daxili dünyamız müəyyənləşdirir. Çünki insanı formalaşdıran yalnız gördüyü mənzərə deyil, həmin mənzərəyə yüklədiyi mənadır.
Torpağın və mühitin verdiyi bünövrə üzərində zamanla insanın həqiqi simasını cilalayan sınaqlar və daxili mübarizələr boy göstərir. Hər bir insanın hekayəsində görünən və görünməyən tərəflər vardır. Biz çox vaxt insanları xarici uğurları və ya sosial statusları ilə qiymətləndiririk. Lakin insanın həqiqi hekayəsi onun təkbaşına qaldığı zaman keçirdiyi hiss-həyəcanlarda, səssizcə apardığı daxili döyüşlərdə və heç kimə danışa bilmədiyi sınaqlarda gizlənir. Yaşanan bir itkinin buraxdığı kədər, məğlubiyyətdən sonra yenidən ayağa qalxmaq cəsarəti və ya kiməsə bəlli etmədən çəkilən ağrılar insan obrazına dərinlik qatır. Xaricdən sakit görünən dənizin dərinliklərində nə kimi fırtınaların qopduğunu və hansı gəmilərin batdığını yalnız o dənizi yaşayan bilər. Məhz bu daxili vulkanlar və gilə-gilə toplanan təcrübələr insanın hekayəsini başqalarından fərqləndirən əsas mənəvi sütundur.
Bu sınaqlar qarşısında bizi taleyin axarına buraxmayan, hekayəmizin süjetini dəyişdirən ən qüdrətli qüvvə isə iradəmiz və seçimlərimizdir. Həyat bizə müəyyən şərtlər təqdim edir, lakin o şərtlər daxilində hansı yolu tutacağımız tamamilə öz əlimizdədir. İki insan eyni acını yaşaya bilsə də, birinin bu təcrübədən kin və nifrət, digərinin isə mərhəmət və müdriklik çıxarması onların daxili seçiminin nəticəsidir. Oxuduğumuz hər bir kitab, dinlədiyimiz hər bir musiqi, əməyə, sənətə və insanlara verdiyimiz dəyər hekayəmizdə yeni bir fəsil açır. Bəzən kiçik və əhəmiyyətsiz görünən bir qərar bütün ömür xəritəmizin istiqamətini dəyişməyə qadir olur.
Məhz hər bir insanın özünəməxsus kədərlərdən, sınaqlardan və seçim pillələrindən keçdiyini anlamaq insana ən ali mənəvi keyfiyyəti — empatiyanı bəxş edir. Başqalarının hekayəsinə hörmətlə yanaşmaq bizi ön mühakimələrdən azad edir, insanları zahiri görünüşünə görə mühakimə etməyin yanlışlığını göstərir. Hər kəsin öz daxili cəbhəsində böyük bir mübarizə apardığını dərk etmək cəmiyyətdə mərhəmət, səbir və anlayış işığını artırır. Heç kimin hekayəsini tam bilmədən onun haqqında qəti hökm çıxarmaq mümkün deyil, çünki hər kəs öz ömür səhnəsində unikal bir qəhrəmandır.
Nəticə olaraq, hər insanın hekayəsinin fərqli olması dünyanı rəngarəng və mənalı edən ən böyük möcüzədir. Həyat bizə bəxş edilmiş məhdud bir zaman kəsiyidir və bu zaman ərzində başqalarının hekayəsini təkrarlamağa çalışmaq öz varlığımıza qarşı haqsızlıq olardı. Əsas məsələ hekayənin nə qədər uzun yazılması değil, onun nə dərəcədə dürüst, ləyaqətli və mənalı olmasıdır. Yaxşılıqla, zəhmətlə, mənəvi ucalıqla və sevgi ilə yazılan hər bir hekayə yalnız bir fərdin ömür yolu olaraq qalmır, həm də gələcək nəsillər üçün bir işıq, bir təcrübə mənbəyinə çevrilir.
Öz unikal hekayəmizi ləyaqətlə yazmaq və başqalarının hekayəsinə hörmətlə yanaşmaq insan olmağın ən ali məqsədidir.
“Ədəbiyyat və incəsənət”
(29.10.2026)


