Dilək ağacları – fanatizm, yoxsa qədimi mərasim? Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Dilək ağacı – insanların öz arzu və diləklərinin həyata keçəcəyinə inanaraq müəyyən ağaclara parça, sap, lent bağladıqları, ağacın yanında dua etdikləri və niyyət tutduqları ənənəvi inanc məkanıdır.

 

Bu cür dilək ənənələri İslamdan çox-çox əvvəlki dövrlərə – Şamanizm və qədim türk tayfalarının Ağac kultuna gedib çıxır. Qədim inanclara görə, uca və qocaman ağaclar yerlə göyü birləşdirən vasitəçidir – Həyat ağacıdır. O, həyatın, ömrün davamlılığının, təbiətin yenilənməsinin və görünməyən qüvvələrlə əlaqənin rəmzi sayılırdı. Və onların xüsusi qoruyucu ruhları (onqonları) varmış. Ona görə də insanlar bu ağacların başına dolanaraq və ya budaqlarına rəngli parçalar bağlayaraq arzularının çin olacağına hələ də inanırlar.

Ağaclara dilək bağlamaq mədəniyyəti Azərbaycana qədim Şamanizm köklərindən gəlmiş və sonradan yerli İslami inanclarla sintez olunaraq qorunub indiyə kimi saxlanmışdır.

Bu yazıda niyyətimiz heç də prosesin tarixindən uzun-uzadı bəhs etmək deyil. Əsas məqsədimiz Azərbaycanın digər bölgələrində olduğu kimi Oğuzda da həmin adətin müqəddəs sayılan ağacların, pir və ziyarətgahların ətrafında indiyə kimi yaşamasına diqqəti cəlb etməkdir.  

Oğuz sakinləri ilə aparılan sorğular da bu ənənənin davam etdiyini sübut edir. Həmin sorğuların nəticəsinə görə, rayonun əksər kəndlərində (Xaçmaz, Filfilli, Zərrab, Xalxal, Muxas, Kərimli, Sincan, Qarabaldır, Bucaq, Tərkeş, Padar, Qarabulaq, Bayan və s.) hələ də dilək ağacları var və əhali vaxtaşırı bu məkanları ziyarət edir.

Maraqlıdır ki, bu ağacların çoxu uzunömürlü çinar, palıd, dağdağan, çökə, cağan və digər ağaclardır. Həm də əksəriyyəti ziyarətgahların və ya müqəddəs şəxslərin qəbirlərinin yaxınlığında bitən ağaclardır.

Bəzi ağaclar pir, ziyarətgah və müqəddəs şəxslərlə bağlı rəvayətlərə görə, xüsusi ehtiram qazanır. Məsələn, rayonun Qumlaq kəndindən Xalxal kəndinə gedən yolun kənarındakı palıd ağacı burada dəfn olunan müqəddəslərə (Mikayıl və Cəbrayıl əfəndilərə), Qarabaldır kəndinin yuxarı hissəsindəki palıd ağacı burada dəfn olunmuş bir şeyxin, Sincanda türk əsgərinin məzarının başındakı çinar ağacı Tahir əfəndi adlı həmin igid əsgərin sayəsində daha da müqəddəs olmuşdur.

Bəs bu ağaclara parça, sap, lent bağlanması nə anlama gəlir? Bəri başdan deyək ki, bu adətin arxasında sadəcə bir parça bağlamaq hərəkəti deyil, minilliklər ərzində formalaşmış mürəkkəb inanclar, təbiətə münasibət və insanın ümid axtarışı dayanır. İnsan ağacın budağına bir parça bağlayarkən ürəyindəki arzusunu ifadə edir, onun gerçəkləşəcəyinə ümid bəsləyir. Bağlanmış parça, sap, lent bu halda insanın diləyini maddi şəkildə ifadə edən bir nişanəyə çevrilir.

Bu adət-ənənə dini ayin deyil. Bunu fetişizm hesab etmək də düz olmaz. Ağaca parça bağlayıb, nə isə diləməyi Allaha şərik qoşmaq adlandırmaq da doğru deyil.  

Bu, əsasən müəyyən bölgələrdə yaşadılan xalq adətidir, həm də müxtəlif xalqlarda müşahidə olunur. Onun mənası yerli inanclardan və ənənələrdən asılıdır. Əski bağlama adətini insanın təbiət qarşısında özünü, qorxularını və ümidlərini ifadə etməsinin qədim formalarından biri kimi qiymətləndirmək daha doğrudur.

Sorğuda iştirak edən Oğuz sakinləri  öz müşahidələrinə əsasən bildirirlər ki, insanlar ağaclara parçaları əsasən şəfa və sağlamlıq arzusu ilə bağlayırlar. Xəstələr və onların yaxınları müqəddəs sayılan ağaclara müraciət edir, şəfa diləyirlər. Beləliklə, xalq təsəvvüründə ağaca bağlanan parça ilk növbədə xəstəlikdən qurtulmaq ümidini təmsil edir.

Bəziləri isə bunu övlad arzusu ilə edirlər. Övladı olmayan qadınlar da pir-ağacları ziyarət edib, dua söyləyir və ağacların budaqlarına əski bağlayırlar. Bu ənənənin arxasında isə ağacın doğum, artım və nəslin davamı ilə əlaqələndirilməsi dayanır.

Niyyət və nəzir edənlər də diləklərinin həyata keçməsi üçün əhd edir, müqəddəs sayılan yerə parça bağlayır, arzusuna çatdıqdan sonra isə verdiyi sözü yerinə yetirməyi öhdəsinə götürür.

Beləliklə, budaqda yellənən kiçik və rəngli əskilər bəzən dilə gətirilməyən dərdin, bəzən bir ailənin övlad həsrətinin, bəzən də xəstə yaxınının sağalacağına dair ümidin nişanəsi olur.

Burada mühüm bir məqam da var: əski bağlamaqla arzunun gerçəkləşməsi arasında elmi cəhətdən sübut edilmiş səbəb-nəticə əlaqəsi yoxdur. Lakin bu, həmin adətin xalqın mənəvi tarixindəki və mədəni yaddaşındakı əhəmiyyətini azaltmır. Çünki bu işlər ən azından insana psixoloji və mənəvi rahatlıq gətirir.

Müasir psixologiyada bu tür rituallar xurafat kimi qiymətləndirilmir, bunlara həm də psixoloji rahatlama (katarsis) mexanizmi kimi baxılır. Ümid vizuallaşır. İnsan daxili narahatlığını, arzularını və ya çarəsizliyini bir fəaliyyətə yönəldəndə qismən də olsa, rahatlaşır. Parçanı bağlamaq "mən öz addımımı atdım" hissi yaradıb, təskinlik gətirir.

Stress azalır. Təbiət qoynunda gəzinti zamanı edilən bu ritual insanı gündəlik qayğılardan uzaqlaşdırır, daxili dinclik bəxş edir.

Meşədə və ya bir ziyarətgahda başqalarının bağladığı parçaları görmək onda yalnız olmadığını, başqa insanların da oxşar ümidlər, arzular və çətinliklərlə yaşadığını xatırladır. Bu, isə bir növ gizli kollektiv həmrəylik duyğusu yaradır.

Dilək ağacları insanoğlunun səmimi ümidlərinin, dualarının və təbiətlə bölünməz birliyinin meşələrdə və ziyarətgahlarda ucalan səssiz şahididir.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.