”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
İnsan başqalarına çatmağa çalışarkən özündən nə vaxt uzaqlaşır? Hər kəsin gözləntilərini qarşılamaq, heç kimi incitməmək, yarımçıq qalan işləri tamamlamaq, sabaha ümidlə baxmaq və dünənin ağrılarını bu günə daşımamaq üçün mübarizə apararkən öz həyatını yaşamağı nə vaxt unudur? Bəlkə də insanın ən böyük faciəsi yaşadığı illərin azlığı deyil, həmin illərin içində özünə nə qədər az yer ayırmasıdır.
Bəzən günlər keçir, aylar dəyişir, illər bir-birini əvəz edir. İnsan böyüyür, təcrübə qazanır, daha səbirli olmağı, susmağı, bəzi şeyləri görməzlikdən gəlməyi öyrənir. Kənardan baxanda hər şey öz qaydasındadır. İşinə gedir, məsuliyyətlərini yerinə yetirir, insanlarla danışır, gülümsəyir, gələcək haqqında planlar qurur. Amma bir gün qəfil dayanıb özündən soruşur: Mən bu həyatın harasındayam? Bu qədər yaşadığım halda niyə bəzən öz həyatımın içində deyilmişəm kimi hiss edirəm?
Bəlkə də çoxdan təxirə saldığımız arzuların bir gün bizə yadlaşmasındandır bu hiss. Vaxtilə ürəyimizi həyəcanlandıran şeylərə artıq əvvəlki həvəslə baxmırıq. Bir vaxtlar uğrunda gecələr yatmadığımız xəyalların yerini gündəlik qayğılar tutur. Özümüzə deyirik ki, bir az da səbir edək, bir az da gözləyək, şərait düzəlsin, işlər qaydasına düşsün, insanlar bizi anlasın, həyat bir qədər asanlaşsın. Sonra başlayarıq yaşamağa... Ancaq həyat heç vaxt bütün şərtlərin eyni anda bizim xeyrimizə dəyişdiyi mükəmməl bir gün vəd etməyib.
İnsan bəzən xoşbəxtliyi gələcəyə köçürür. Bu gün yorulur ki, sabah rahat yaşasın. Bu gün susur ki, sabah münasibətləri pozulmasın. Bu gün öz istəklərindən keçir ki, sabah sevdikləri xoşbəxt olsun. Beləcə, sabahlar çoxalır, amma insanın özünə ayırdığı zaman azalır. Bir də baxır ki, başqalarının həyatında mühüm yer tutduğu halda, öz həyatında özünə qonaq kimi yanaşır.
Ən qəribəsi budur ki, insan çox vaxt bu itkinin fərqinə varanda belə özünü günahlandırır. Niyə daha cəsarətli olmadım? Niyə istədiyim halda getmədim? Niyə məni incidən insanlara dəfələrlə fürsət verdim? Niyə ürəyimdən keçənləri söyləmək əvəzinə başqalarının məndən nə gözlədiyini düşünürdüm? Halbuki insanın keçmişdəki özünə bu qədər sərt davranmağa haqqı yoxdur. O vaxtkı sən indiki bildiklərini bilmirdin. O vaxtkı qorxuların, ümidlərin, ehtiyacların və inancların vardı. Bəzən qalmağın səbəbi sevgiydi, bəzən getməyə gücünün çatmaması, bəzən də hər şeyin düzələcəyinə inanmaq istəyin. İnsanın hər gecikməsi qorxaqlıqdan, hər susması zəiflikdən doğmur. Bəzi gecikmələr yaşamaq üçün öyrəndiyimiz müdafiə üsullarıdır.
Amma özümüzü anlamaqla özümüzü ömürlük eyni yerdə saxlamaq arasında incə bir sərhəd var. Keçmişdə niyə belə davrandığımızı başa düşmək vacibdir, lakin bu anlayışı gələcəyimizi də həmin səbəblərə məhkum etmək üçün istifadə etmək olmaz. Bir vaxtlar bizi qoruyan qorxular sonradan qarşımızı kəsə bilər. Bir vaxtlar itirməkdən çəkindiyimiz insanlar üçün susduğumuz sözlər, illər sonra özümüzə qarşı etdiyimiz haqsızlığa çevrilə bilər. Hər şeyə dözməyi öyrənmək həyatın bütün ağırlıqlarına dözməli olduğumuz anlamına gəlmir.
Bəs insan öz həyatına necə qayıdır? Bəlkə də böyük qərarlardan deyil, uzun müddət özündən əsirgədiyi kiçik həqiqətlərdən başlayır. İstəmədiyi bir şeyə nəhayət “yox” deməklə, yorulduğunu etiraf etməklə, başqalarının razılığını gözləmədən bir arzusunun arxasınca getməklə... Bəzən bir insanın həyatını dəyişən hadisə deyil, özünə verdiyi ilk dürüst cavab olur. “Mən əslində nə istəyirəm?” sualı isə insanın özünə qayıtmasının başlanğıcına çevrilir.
Bu sualın cavabı həmişə asan olmur. Çünki illərlə başqalarının istəklərinə uyğun yaşadıqda insan öz səsini belə tanımaqda çətinlik çəkir. Nəyi həqiqətən sevdiyini, nəyin onu incitdiyini, hansı münasibətdə özünü rahat hiss etdiyini, hansı arzunun ona, hansının isə cəmiyyətin gözləntilərinə aid olduğunu ayırd edə bilmir. Bəzən istəklərimiz sandığımız şeylər əslində qəbul olunmaq ehtiyacımızın başqa adıdır. Bəzən uğur dediyimiz şey kiməsə nəyəsə qadir olduğumuzu sübut etmək cəhdidir. Bəzən də sevilmək arzusu bizi sevilmədiyimiz yerdə qalmağa inandırır.
İnsan özünə qayıtmaq üçün yalnız nə istədiyini deyil, niyə istədiyini də anlamalıdır. Çünki hər arzu azadlıqdan doğmur, hər seçim də insanı özünə yaxınlaşdırmır. Bəzən başqalarından qaçmaq üçün dəyişirik, bəzən kiməsə nəyisə sübut etmək üçün uğur qazanırıq, bəzən də bizi vaxtilə yaralayanların qarşısında güclü görünmək naminə özümüzü yoruruq. Halbuki həqiqi azadlıq kiməsə nəyisə sübut etmək məcburiyyətindən qurtulmaqdır. Heç kimin görmədiyi, heç kimin alqışlamadığı bir anda da öz həyatını mənalı hiss edə bilməkdir.
İllər keçdikcə insan bir həqiqəti daha dərindən anlayır: hər şeyə çatmaq mümkün deyil. Hər kəsi razı salmaq, bütün fürsətləri dəyərləndirmək, bütün arzuları həyata keçirmək, heç bir peşmanlıq yaşamamaq mümkün deyil. Həyat seçimlərdən ibarətdir və hər seçim bir ehtimaldan vaz keçmək deməkdir. Buna görə də insanın özünü hər itirilmiş fürsətə görə cəzalandırması ədalətli deyil. Bəzən seçmədiyimiz yol da bizi formalaşdırır, yaşamadığımız ehtimal da bizə nəyisə öyrədir. Əsas məsələ bütün mümkün həyatları yaşamaq deyil, seçdiyimiz həyatın içində özümüzü itirməməkdir.
Bununla belə, insanın içində qəribə bir qorxu yaşayır: gecikmiş olmaq qorxusu. Elə bil hər şeyin bir vaxtı var və o vaxt keçəndən sonra qapılar həmişəlik bağlanır. Müəyyən yaşda sevməli, müəyyən yaşda ailə qurmalı, müəyyən yaşda uğur qazanmalı, müəyyən yaşda hər şeyi yoluna qoymalıyıq. Cəmiyyətin görünməz saatı insanın daxilində işləməyə başlayır. Başqalarının həyatına baxdıqca öz yolumuzu ölçür, öz addımlarımızı onların addımları ilə müqayisə edirik. Unuduruq ki, eyni yaşda olan insanların eyni başlanğıcı, eyni imkanları, eyni itkiləri və eyni mübarizələri olmayıb.
Kiminin yolu erkən açılır, kimininki uzun gözləntilərdən sonra. Kimi gəncliyində rahatlıq tapır, kimi illər sonra özünü tanımağa başlayır. Kimi bir dəfə sevir və ömür boyu həmin sevginin içində yaşayır, kimi isə bir neçə dəfə yanılaraq sevginin nə olmadığını öyrənir. Bunların heç biri insanın dəyərini müəyyənləşdirmir. Həyat yarış deyil ki, hamı eyni finiş xəttinə eyni vaxtda çatsın. Bəzən insan gecikdiyini düşündüyü yaşda ilk dəfə özünə uyğun yaşamağa başlayır
Bəlkə də gecikmək dediyimiz şeyin bir hissəsi başqalarının müəyyən etdiyi vaxtda yaşaya bilməməyimizdir. Bizə öyrədilib ki, həyatın mərhələləri var və hər biri müəyyən yaşda tamamlanmalıdır. Amma insanın ruhu təqvimlə böyümür. Bəzən bir həqiqəti anlamaq üçün illər lazımdır, bəzən bir ayrılıq insanı bir neçə ayda dəyişdirir, bəzən də uzun müddət heç nə dəyişmirmiş kimi görünən həyatın içində insan səssizcə yetişir. Kənardan hərəkətsizlik kimi görünən bəzi dövrlər daxilimizdə böyük dəyişikliklərin baş verdiyi zamanlardır.
Yenə də bütün gecikmələri taleyin adı ilə izah etmək olmaz. Bəzən qorxuruq, bəzən qərar verməyi təxirə salırıq, bəzən də dəyişmək üçün ilk addımı atmaq əvəzinə həyatın bizim yerimizə qərar verməsini gözləyirik. Özümüzü aldatmadan bunu da etiraf etməliyik. Çünki insanın həyatında elə qapılar var ki, onların açılmasını gözləmək kifayət etmir; dəstəyi öz əlimizlə basmalıyıq. Bəzi yolların başlanğıcında cəsarət, bəzilərinin sonunda isə vidalaşmaq dayanır. Hər ikisi çətindir, amma çətin olması onların mümkünsüz olduğu demək deyil.
Bəzən insanı yerində saxlayan keçmiş deyil, gələcək haqqında qurduğu xəyalların özüdür. Bir gün hər şeyin dəyişəcəyinə, kimsənin gəlib onu anlayacağına, bir fürsətin bütün yorğunluğunu unutduracağına inanır. Bu ümidlər insana yaşamaq gücü də verə bilər. Lakin insan bütün həyatını baş verməmiş bir hadisənin üzərinə quranda indiki zaman əlindən sürüşüb gedir. Gözləmək də bir seçimdir, ancaq gözlədiyimiz şeyin heç vaxt baş verməməsi ehtimalını düşünmədən yaşamaq özümüzə qarşı haqsızlıqdır.
Bəlkə də yetkinlik həyatın bizə borclu olmadığını anlamaqdır. Heç kim bizim bütün arzularımızı gerçəkləşdirməyə, çəkdiyimiz əziyyətin əvəzini ödəməyə, göstərdiyimiz sevgini eyni şəkildə qaytarmağa borclu deyil. Həyat həmişə ədalətli davranmır. Yaxşı insanlar da itirir, səbirli insanlar da yorulur, çox sevən insanlar da tək qalır. Bunu qəbul etmək ümidsizliyə qapılmaq deyil. Əksinə, insanı öz həyatının məsuliyyətini başqalarının davranışlarından geri almağa çağırır. Çünki başqasının nə edəcəyini idarə edə bilməsək də, özümüzə bundan sonra necə davranacağımızı müəyyənləşdirmək imkanımız var.
Öz həyatına qayıtmaq hər şeyi geridə qoyub yenidən başlamaq demək deyil. Bəzən insanın ailəsi, məsuliyyətləri, qayğıları və dəyişdirə bilmədiyi reallıqları olur. Hər kəsin uzaqlaşmaq, hər şeyi buraxmaq, başqa şəhərə getmək və ya həyatını sıfırdan qurmaq imkanı yoxdur. Ancaq özünə qayıtmaq üçün mütləq bütün həyatını dəyişmək də lazım deyil. Bəzən dəyişməli olan həyatın özü deyil, həmin həyatın içində özümüzə münasibətimizdir. Başqalarına göstərdiyimiz anlayışın bir hissəsini özümüzə ayırmaq, yorulduğumuz zaman dincəlməyə icazə vermək, səhvlərimizə görə özümüzü ömürlük mühakimə etməmək də bir başlanğıcdır.
İnsan bəzən özünə qarşı o qədər tələbkar olur ki, yaşamaq üçün belə əvvəlcə hər şeyi qaydasına salmalı olduğunu düşünür. Sanki xoşbəxt olmaq üçün bütün problemləri həll etməli, sevilmək üçün bütün çatışmazlıqlarından qurtulmalı, rahat nəfəs almaq üçün keçmişlə tamamilə barışmalıdır. Halbuki həyat heç vaxt tamamilə hazır olduğumuz bir vəziyyətə çevrilmir. Həmişə həll edilməli bir məsələ, düşünülməli bir qərar, qayğı göstərilməli bir insan olacaq. Bütün bunların arasında özümüzə yer ayırmağı bacarmasaq, yaşamağı həyatın sonrakı mərhələsinə qədər təxirə salacağıq.
Bəlkə də insanın özünə verə biləcəyi ən vacib sual budur: Mən bu gün yaşadığım həyatı sabah xatırlayanda onun hansı anlarını özümə aid biləcəyəm? Başqalarının məndən gözlədiklərini etdiyim günləri, hamını razı salmaq üçün susduğum söhbətləri, qorxduğum üçün təxirə saldığım qərarları, yoxsa bütün çətinliklərə baxmayaraq özümə sadiq qala bildiyim kiçik anları?
Bu sualın cavabı böyük uğurlarda gizlənməyə də bilər. Bəzən insanın özünə aid olan an bir fincan çayla pəncərənin qarşısında sakitcə oturduğu dəqiqədir. Bəzən uzun müddət içində saxladığı fikri nəhayət dilə gətirməsidir. Bəzən onu incidən bir münasibətdən uzaqlaşmaq, bəzən də özünü günahlandırmadan kimisə bağışlamaqdır. Bəzən heç bir xüsusi səbəb olmadan gülümsəmək, bəzən ağlamaqdan utanmamaqdır. İnsan öz həyatını yalnız böyük hadisələrlə yaşamır; bəzən həyat dediyimiz şey heç kimin diqqət etmədiyi xırda anların içində özünü göstərir.
İllər geri qayıtmır. Bunu bilirik. Keçmişdə verilməyən qərarları bu gün dəyişmək, itirilmiş insanlarla hər şeyi yenidən yaşamaq, söylənilməmiş sözləri vaxtında söyləmək mümkün deyil. Bəzi qapılar həqiqətən bağlanır və insan nə qədər istəsə də, onların arxasında qalan həyata geri dönə bilmir. Amma keçmişin dəyişməməsi gələcəyin də əvvəlcədən müəyyənləşdirildiyi anlamına gəlmir. Bu gün hələ yaşamadığımız günlərin başlanğıcıdır. Bəlkə də insanın ümid etməsi üçün ən ciddi səbəb elə budur: dünəni dəyişə bilməsə də, sabaha necə daxil olacağını seçə bilər.
Məncə, insanın ən böyük gecikməsi müəyyən yaşa qədər istədiklərinə çatmaması deyil. Ən böyük gecikmə özünü anlamaq üçün heç vaxt dayanmaması, öz səsini eşitməkdən həmişə qaçması, başqalarının həyatında yer tutmaq uğrunda öz daxilindəki yerini itirməsidir. Çünki bir gün bütün gözləntilər susanda, alqışlar bitəndə, hamı öz yoluna gedəndə insan yenə özü ilə qalacaq. O zaman özünə yad bir insanla qarşılaşmamaq üçün bu gündən özünə yaxınlaşmağa başlamalıdır.
Bəlkə də biz həyata gecikməmişik. Bəlkə sadəcə çox uzun müddət başqalarının saatına baxmışıq. Özümüzə aid olmayan yolları getmiş, özümüzə aid olmayan gözləntiləri daşımış, bəzən sevilmək naminə öz həqiqətimizdən vaz keçmişik. İndi isə ilk dəfə dayanıb öz yolumuzun haradan başladığını anlamağa çalışırıq.
Və bəlkə də hər şeyin gec olduğu düşünülən bir yaşda insanın qarşısında ən mühüm başlanğıc dayanır: özünü başqalarının gözündə necə görünməsi ilə deyil, öz daxilində necə hiss etməsi ilə tanımaq.
Çünki həyat yalnız bizdən alınan illərin cəmi deyil. Həyat o illərin içində özümüzə nə qədər yaxın ola bildiyimizdir. İnsan bəzən çox şeyə gecikir, bəzən bir fürsəti itirir, bəzən bir sevgidən əliboş ayrılır. Ancaq özünə qayıtmaq üçün atdığı addımın mənasını heç bir təqvim müəyyənləşdirə bilməz.
Bəlkə də bu gün özümüzə deməli olduğumuz ən vacib cümlə budur: Mən keçmişdə yaşaya bilmədiyim həyatın yasını tutmaqla qalan ömrümü də əlimdən almaq istəmirəm. Mən hər şeyi düzəldə bilmərəm, amma bundan sonra özümü hər şeyin sonunda qoymamağı öyrənə bilərəm. Mən itirdiyim vaxtı geri qaytara bilmərəm, amma qarşıdakı vaxtı yalnız gözləməklə keçirməməyə çalışa bilərəm.
Və bir gün geriyə baxanda hər şeyə çatdığımız üçün deyil, nəhayət özümüzə çatdığımız üçün sakitcə gülümsəyə bilərik.
Bəlkə də insanın həyatında əslində gecikdiyi bir an yoxdur. Sadəcə özünə qayıtmağa hazır olduğu bir an var. O anın hansı yaşda gələcəyini heç kim bilmir. Amma gələndə insan anlayır ki, həyat onu çoxdan gözləyirmiş.
Özünü.
“Ədəbiyyat və incəsənət”
(27.10.2026)


