​Gəl sənə bu cəmiyyətin anatomiyasını tam səmimi təsvir edim, dostum Featured

Harun Soltanov,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Təsəvvür et ki, səs-küylü, boğucu bir qonaqlıq masası arxasında əyləşmisən. Hər kəs nəyisə çeynəyir, həm masadakı loxmaları, həm də bir-birinin həyatını, namusunu, seçimlərini. Və sən qəfildən hiss edirsən ki, köpək dişin qopub düşüb. Bəli, o ən kəsici, səni xarici təhlükələrdən qoruya biləcək yeganə bioloji silahın yoxdur. O amansız kütlənin ortasında tamamilə müdafiəsiz, aciz qalmısan. Bax, bu cəmiyyət hər bir fərdi məhz o vəziyyətdə, köpək dişi çıxarılmış halda görmək istəyir.

 

Onlar istəyirlər ki, sən heç vaxt müqavimət göstərə bilməyəsən, onların yaratdığı bu iyrənc, standartlaşdırılmış qaydalara dişini qıcadasan. İstər hicabı sənin başına zorla keçirmək istəsinlər, istərsə də səni zorla soyunduraraq "azad etdiklərini" iddia etsinlər. Heç birinin dərdi sənə cənnət və ya azadlıq bəxş etmək deyil. Tək məqsəd sənin o köpək dişini kəlbətinlə çəkib çıxarmaq, səni sadəcə sürüdəki itaətkar, dişsiz bir qoyuna çevirməkdir. ​

Biz o qədər mənasız və küy dolu problemlər içində boğuluruq ki, yeraltında olan o xəstəhal qəhrəmanlar belə bizim cəmiyyətə baxıb öz nevrozlarına min şükür edərdi. Kimsə küçədə başını açdı, kimsə bağladı deyə bir-birinin qanını içməyə hazır olan bu kütlə, əslində öz tənhalığından öd qoparan qorxaqların yığnağıdır. Gecə yarı otağında tək qalanda, tavana baxıb öz gözləri ilə üzləşməyə cəsarət etməyən adamlar, gündüzlər sosial şəbəkələrdə başqalarının əxlaqını "skaner"dən keçirirlər. Çünki başqasını mühakimə etməsələr, içlərindəki o zəhərli kimsəsizlik onları yeyib bitirəcək.

Təsəvvür edin, bəşəriyyət artıq ulduzlararası səyahətlərin xəritəsini cızır, laboratoriyalarda həyatın ən gizli kodlarını yenidən yazır, süni intellekt isə insan şüurunun sərhədlərini aşaraq fəlsəfənin əsrlər boyu cavab axtardığı suallara saniyələr içində cavab tapır. Amma biz - sanki inkişafın bütün zirvələrini fəth etmiş kimi lovğalanan bu cəmiyyət, gəlib çıxmışıq sərt, tozlu və kor bir darvazanın ağzına. Və bu qlobal tərəqqinin ortasında tək bir problemi həll edə bilməmişik. Bir qadının başındakı o kiçik parçanın, bir neçə santimetrlik örtüyün cəmiyyətin "müasirlik" və ya "əxlaq" tərəzisində necə dəhşətli bir təhlükə yaratdığı absurdluluğunu.

 Məbəd saydığımız, insan zəkasını qanadlandırmalı, fikri və düşüncəni azad etməli olan o təhsil ocaqları qəflətən qəddar bir gömrük məntəqəsinə, daxili dünyanın deyil, yalnız xarici qabığın yoxlandığı totalitar bir nəzarət postuna çevrilib. Sən illərlə kitablar oxuyursan, beynini bəşəriyyətin intellektual xəzinəsi ilə doldurursan, elmin, fəlsəfənin dərinliklərinə baş vurursan. Amma o ağır dəmir darvazanın ağzında dayanan, gözlərində əlifbanın işığı, ürəyində öyrətmək eşqi olan müəllimin və ya şagirdin bütün varlığı bir anda silinib gedir. Niyə? Çünki sistemin cızdığı o kor, mənasız qəlibə, o standartlaşdırılmış boz formaya sığmırsan. Əgər bu mənzərəni Mirzə Cəlil yazsaydı, ortada nə Qərbdən gəlmə yad bir sima, nə də mücərrəd bir qəhrəman olar idi. O, məktəb darvazasında koridorunda dayanaraq baş verənlərə baxar, bunu "Danabaş kəndi"nin növbəti səhnəsi kimi qələmə alardı. ​Gənc bir insan hansısa hüquqi müəmmanın deyil, məhz yerli cəhalətin, "yuxarıdan qulağımızı burarlar" deyə titrəyən qorxaq müdiriyyətin və quru formalizmin qurbanı olardı. O, təhsil ocağının qapısından sadəcə "sistemin təsdiqləmədiyi" üçün deyil, rəhbəri acıqlandırmamaq, başa bəla açmamaq üçün geri qaytarılar, gələcəyi isə bir neçə saxta intizam bəndinə qurban verilərdi. ​Bu, sadəcə darvazanın bağlı olması deyil, min illik qorxunun, nadanlığın və şəxsiyyətsizliyin canlı insanın üzünə qapını həmişəlik çırpmasıdır.  Bu, zəkanın formaya, məzmunun isə bürokratik qorxaqlığa məğlub olduğu o mənəvi iflasın pik nöqtəsidir.

 İndi bu mənzərəyə kənardan baxın. Bu, bizim o illərdir səhnələşdirdiyimiz məşhur "toy-yas teatrımızın" yeni, daha ikiüzlü, daha modern bəzədilmiş VIP səhnəsidir. Hər kəs kürsülərə çıxıb azadlıqdan, insan hüquqlarından, maariflənmədən dəm vurur. Amma əslində bu cəmiyyətin tələb etdiyi azad təfəkkür deyil, kor-koranə itaətkarlıqdır. Onlar sənin fərd olmağına, öz seçimlərinlə var olmağına dözə bilmirlər. Səndən tələb olunan sadəcə o kütlənin yartdığı xəttin içində addımlamaqdır. Bir insanın gözlərindəki o oxumaq, anlamaq atəşini görməzdən gəlib, onu sırf zahiri görünüşünə görə cəmiyyətdən təcrid etmək hansı vicdana sığır? O məktəb darvazası önündə başıaşağı geri qayıdan qadının yaşadığı o dərindən yadlaşma, o boğucu təcrid hissi... və bu faciəyə laqeyd, hətta məmnuniyyətlə tamaşa edən o kar kütlə. Kütlə məhz bunu istəyir. Səni o qapı arxasında çarəsiz, boynu bükük görmək. Necə ki, bir müddət əvvəl bəhs etdiyimiz həmin o köpək dişi çıxarılmış, müdafiəsiz qalmış bədbəxt kimi... İstəyirlər ki, sənin içindəki o müqavimət, fərqli düşünmək əzmi tamamilə sökülüb atılsın və sən sürüdəki başqalaşmış, səssiz bir obyektə çevriləsən. İkili standartların bataqlığında üzən bu cəmiyyət üçün nə hicaba məcburi məna yükləyənlərin dərdi səmimidir, nə də "azadlıq" adı altında insanları qandallayanların. İkisinin də tək bir məqsədi var. Sənin fərdi bütövlüyünü parça-parça etmək.

 Hər kəsin fərqli bir əxlaq maskası taxdığı, gündüzlər sosial şəbəkələrdə başqalarının həyatını "skaner"dən keçirib gecələr öz səssizliyindən qorxan bu nəhəng karnavalda əslində hər gün bir dəyər qətlə yetirilir. Otağımın qatı səssizliyində oturub pəncərədən bu şəhərin məhkəmə maşınına çevrilmiş küçələrinə, amansız hökmlər verən o yorulmaz kütləyə baxıram. Adamın içindən yenə o tanış, yorğun pıçıltı qopur...

"Deyəsən, hazır deyiləm."

 Bəli, insanın ruhunu qandallayan, zəkanı inkar edib formaya sitayiş edən, fərdin öz inancı və ya seçimi ilə azad yaşamaq haqqını ayaqlar altına alan bu cəhənnəm ssenarisində aktyor olmağa hazır deyiləm. Çünki o məktəb darvazasının önündə qətlə yetirilən sadəcə təhsil hüququ deyil. Qətlə yetirilən insanın özü olmaq, mühakimə olunmadan, toxunulmaz və bütöv şəkildə bu dünyada nəfəs almaq haqqıdır.

 

“Ədəbiyyat və incəsənət”

 

(26.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.