Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Köhnə fotoalbomların arasında, telefonda qəribə şəkillərə rast gəlmək mümkündür. Bir vaxtlar bir neçə insanın birlikdə çəkdirdiyi fotoşəkildə onlardan biri yoxdur. Daha doğrusu, olub, amma kimsə onu oradan çıxarıb. Kağızın kənarında kəsik görünür, yan-yana dayanan insanların arasında anlaşılmaz bir boşluq qalır. Şəklin arxasında tarix yazılıb, bəlkə də kiminsə xətti ilə bir neçə söz qeyd edilib. Ancaq həmin insanın niyə kəsilib çıxarıldığını çox vaxt anlamırlar.
Belə şəkillər haqqında düşünəndə adamın ağlına ilk gələn sual budur ki, nə baş verib, bir vaxtlar bu insanların yanında dayanmış adam sonradan həmin görüntüdə belə arzuolunmaz olub? Onlar bir-birinə kim olublar? Aralarında hansı münasibət yaşanıb? Şəkli kəsən insan həmin qərarı verəndə nə düşünüb? Hər şəklin arxasında öz hekayəsi var. Lakin kəsilmiş fotoşəkillərdə bir detal diqqəti xüsusilə cəlb edir: insanı oradan çıxarmaq üçün kiminsə vaxt ayırması, şəkli əlinə alması və keçmişin müəyyən hissəsini dəyişdirmək qərarına gəlməsi lazım olub.
Ailə albomlarını vərəqləyəndə gördüyümüz insanların hamısının bu gün də bir-biri ilə münasibətinin necə olduğunu bilmirik. Uşaqlıqda çəkilmiş şəkillərdə bir-birinə sarılan bacı-qardaşlar illər sonra danışmaya bilərlər. Toyda yanaşı dayanan iki insanın yolları ayrıla bilər. Bir vaxtlar evin ən əziz qonağı olan adam sonradan həmin qapıdan içəri buraxılmaya bilər. Fotoşəkil isə çəkildiyi günü qoruyur. Oradakı insanların gələcəkdə bir-birinə yadlaşacağından xəbəri yoxdur. Kamera qarşısında dayanan heç kim həmin anın illər sonra ailə daxilində mübahisə mövzusuna çevriləcəyini, birinin üzünün şəkildən kəsiləcəyini düşünmür.
Münasibətlər dəyişəndə köhnə əşyaların mənası da dəyişir. Bir vaxtlar sevinclə saxlanılan fotoşəkil sonradan insanın görmək istəmədiyi xatirəyə çevrilə bilər. Onu albomdan çıxarıb siyirməyə qoymaq, başqalarının görmədiyi yerdə saxlamaq mümkündür. Şəkli cırmaq və ya kəsmək də insanın öz seçimidir.
Bəlkə insan bir üzə baxmağa dözə bilmir. Bəlkə həmin adamla bağlı yaşadıqları hələ də onu incidir. Başqa bir halda isə məqsəd şəxsi ağrıdan qurtulmaq yox, ailənin keçmişini başqalarına fərqli göstərməkdir. Bunlar eyni şey deyil. Şəkildən çıxarılan insanın kim olduğunu bilmədən belə, onun bir vaxtlar həmin kadrda dayandığını görmək mümkündür. Kəsilmiş kənarlar, qeyri-təbii boşluq və şəklin pozulmuş quruluşu baş vermiş müdaxiləni üzə çıxarır. Şəkil əvvəlki görünüşünü itirir, amma onun necə dəyişdirildiyi də hekayənin bir hissəsinə çevrilir.
Təsəvvür edin ki, bir qadın illər əvvəl çəkilmiş toy şəklini əlinə alır. Şəkildə keçmiş həyat yoldaşı da var. Onlar vaxtilə bir-birinə yaxın olublar, gələcək üçün planlar qurublar, həmin günün xatirəsini qorumaq istəyiblər. İndi isə münasibət bitib. Qadın şəkli görəndə yaşadıqlarını xatırlayır və onu saxlamaq istəmir. Bu vəziyyətdə həmin insanın qərarını kənardan mühakimə etmək asan deyil. Hər kəsin ağrısı və onunla mübarizə üsulu fərqlidir. Kimisi köhnə şəkilləri qoruyub saxlamaqla keçmişini qəbul edir, kimisi onları gözünün qabağından götürərək həyatına davam etməyə çalışır.
Köhnə şəkillərdə təkcə başqalarını görmürük. Özümüzün əvvəlki halımızı da görürük. Bir vaxtlar inandığımız insanları, qurduğumuz planları, gələcəklə bağlı gözləntilərimizi xatırlayırıq. İllər sonra həmin münasibət dağılanda fotoşəkildəki təbəssüm belə qəribə görünə bilər. İnsan öz-özünə düşünə bilər: görəsən, o vaxt hər şeyin belə dəyişəcəyini bilsəydim, yenə həmin şəkli çəkdirərdimmi? Bu sualın cavabı hər kəs üçün eyni deyil. Keçmişdə yaşanan münasibətin sonradan bitməsi həmin dövrdəki bütün hisslərin saxta olduğunu göstərmir. İnsan bir vaxtlar kimisə sevə, ona güvənə, onunla gələcək planlaşdıra bilər. Sonradan yaşananlar isə həmin münasibətə başqa gözlə baxmasına səbəb olar.
Amma bəzən...
Bəzən yaşlı biri ilə şəkil çəkdirməyə can atırıq.
Ondan bir xatirə qalsın deyə.
Bəzən də dostlarla yığışırıq.
Onlardan bir xatirə saxlayaq deyə...
“Ədəbiyyat və incəsənət”
(20.10.2026)


