“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Çörək sadəcə bir qida deyil. Çörək bərəkətdir, ruzi-bərəkətin rəmzidir, zəhmətin bəhrəsidir, süfrəmizin şahıdır. Xalqımız çörəyi həmişə müqəddəs bilib, ona böyük hörmət və ehtiramla yanaşıb. Elə-belə deməyiblər: “Çörək bol olarsa, basılmaz Vətən!”
Bu gün gündəlik həyatımızda bəzən fərqinə varmadan sahib olduğumuz nemətlərin qədrini bilməliyik. Mağazalara daxil olarkən müxtəlif növ çörəklərin, təndir çörəyinin, təzə bişmiş isti çörəklərin, müxtəlif çeşidli un məmulatlarının bolluğunu görürük. Hər kəs öz zövqünə, istəyinə və imkanına uyğun seçim edə bilir. Çörək almaq üçün uzun növbələrdə gözləməmək, evimizə rahatlıqla çörək aparmaq, süfrəmizi bu müqəddəs nemətlə bəzəmək də həyatımızın dəyərini bilməli olduğumuz məqamlarındandır.
Bəzən insan sahib olduğu nemətlərin böyüklüyünü yalnız onların yoxluğunu gördükdə anlayır. Dünyanın müxtəlif yerlərində insanların gündəlik çörəyə möhtac qaldığı, bir tikə çörək üçün çətinliklərlə üzləşdiyi bir zamanda bizim süfrəmizdəki bolluğun qədrini bilmək, bu nemətə görə Allaha şükür etmək hər birimizin mənəvi borcudur.
Şükürlər olsun ki, bu gün ölkəmizdə çörəyin çeşidi çox, seçim imkanları genişdir. Süfrələrimizdə çörəyimiz, ocaqlarımızda yeməyimiz, ailələrimizdə ruzi-bərəkətimiz olsun. Allah torpağımızı bərəkətli, əkinçimizin zəhmətini bol, çörəyimizi daim bol etsin!
Bu bolluğun arxasında torpağı əkən fermerin, taxılı biçən zəhmətkeşin, unu hazırlayan insanların, gecə-gündüz çalışan çörəkçilərin və ərzağın istehlakçıya çatdırılmasında əməyi olan minlərlə insanın zəhməti dayanır. Onların hər birinə təşəkkür düşür. Eyni zamanda ərzaq təminatının davamlılığı, bazarlarda sabitliyin qorunması və insanların gündəlik tələbatının ödənilməsi istiqamətində məsuliyyət daşıyan dövlət qurumlarının və ölkə rəhbərliyinin də üzərinə böyük vəzifə düşür. Bu məsələlərə göstərilən diqqətə və görülən işlərə görə minnətdarlığımızı ifadə etmək, əldə etdiyimiz imkanların qədrini bilmək və daha yaxşı gələcəyə ümidlə baxmaq vacibdir.
Vətən yalnız sərhədlərdən, dağlardan, çaylardan ibarət deyil. Vətən həm də ananın bişirdiyi çörəyin ətridir, uşağın rahatlıqla yediyi tikədir, zəhmətkeş insanın halal qazancıdır, ailənin ətrafında toplandığı isti süfrədir. Vətənin gücü həm də xalqının birliyində, zəhmətində, torpağına bağlılığında və bir-birinə dayaq olmasındadır.
Çörək bol olarsa, süfrələrimiz bərəkətli olar. Süfrələrimiz bərəkətli olarsa, ailələrimiz rahatlıq tapar. İnsanların əməyi qiymətləndirilər, ölkədə əmin-amanlıq və sabitlik qorunar, hər kəs halal zəhmətinin bəhrəsini görərsə, Vətən daha da möhkəmlənər.
Gəlin çörəyimizi israf etməyək, hər tikənin qədrini bilək, əlimizdə olan nemətlərə şükür edək. Bolluğu adi hal kimi qəbul etməyək, onun arxasındakı zəhməti unutmayaq. Ölkəmizin rifahı, xalqımızın firavanlığı və gələcək nəsillərin xoşbəxtliyi üçün hər birimiz öz əməyimizlə töhfə verək.
Allah Azərbaycanımızı qorusun! Süfrələrimizdən çörək, evlərimizdən ruzi-bərəkət, yurdumuzdan əmin-amanlıq əskik olmasın. Dövlətimizə, xalqımıza firavanlıq, zəhmətkeş insanlara bol ruzi nəsib olsun!
Çörəyimiz bol, süfrəmiz bərəkətli, xalqımız bir, Vətənimiz daim var olsun! Çünki çörək bol olarsa, basılmaz Vətən!
Şəkildə: otən əsrdə SSRİ-də çörək növbəsi
“Ədəbiyyat və incəsənət”
(16.10.2026)


