Rəqsanə Babayeva
"Ədəbiyyat və İncəsənət" Beyləqan,İmişli təmsilçisi,
Bəzən insan həyatının hansısa yerində dayanıb geriyə baxır və öz-özünə qəribə bir sual verir: “Mən nə vaxt bu qədər yoruldum?” Cavabını isə tapa bilmir. Çünki yorğunluğun konkret bir günü, konkret bir saatı olmur. İnsan bir gündə yorulmur. Bir az susmaqdan, bir az gözləməkdən, bir az özünü anlatmağa çalışmaqdan, bir az başqalarını anlamaqdan, bir az da özünü hər dəfə ikinci plana atmaqdan yorulur. Sonra bir gün səhər yuxudan oyanır və əvvəlki kimi heç nəyə tələsmədiyini görür. Nə isə dəyişib. Həyat əvvəlki həyatdır, insanlar əvvəlki insanlardır, küçələr yenə eyni küçələrdir, telefon yenə zəng çalır, işlər yenə görülməlidir. Amma insanın içindəki səs əvvəlki kimi deyil.
Bəlkə də biz həyatın ən böyük səhvini burada edirik: özümüzü yalnız bədənimizlə ölçürük. Yorulanda dincəlməli olduğumuzu bilirik, amma ruhumuz yorulanda nə edəcəyimizi bilmirik. Bir neçə saat yatırıq, səhər qalxırıq, yenə işimizin arxasınca gedirik. Halbuki bəzi yorğunluqlar yuxu ilə keçmir. Bəzi yorğunluqlar insanın içində illərlə yığdığı sözlərdən yaranır. Deyə bilmədiyi “yox”lardan, udduğu göz yaşlarından, bağışladığı, amma unuda bilmədiyi adamlardan, bitmiş münasibətlərin içində saxladığı ümidlərdən, özünü məcbur etdiyi gülümsəmələrdən yaranır.
İnsan bəzən hamıya çatır, amma özünə yox. Kiminsə telefonuna vaxtında cavab verir, kiminsə problemini dinləyir, kiminsə dərdini öz dərdi kimi daşıyır, kiminsə işi düşəndə əlindən gələn köməyi edir. Hamı onun yaxşı olduğunu düşünür. Çünki o, “yaxşıyam” deməyi çoxdan öyrənib. Bəlkə də ən çətin cümlələrdən biridir bu: “Mən yaxşı deyiləm.” Çünki bu cümləni deyəndə insan sanki illərlə qurduğu güclü obrazı dağıdır. Hamının güvəndiyi, hamının arxalandığı, hər şeyin öhdəsindən gələn insan birdən etiraf edir ki, onun da içində yorulan, qorxan, darıxan, bəzən heç nə etmək istəməyən bir tərəfi var.
Amma niyə özümüzdən bunu gizlədirik? Niyə başqalarına ağlamağa icazə veririk, özümüz ağlayanda isə utanırıq? Niyə başqasının yorğunluğunu anlayışla qarşılayırıq, öz yorğunluğumuza isə “keçər” deyib keçirik? Niyə kiminsə ürəyi qırılanda onu təsəlli edirik, amma öz ürəyimiz qırılanda susuruq? Bəlkə də insan özünə qarşı ən sərt hakimdir. Başqasının səhvinə bəhanə tapır, öz səhvini isə illərlə bağışlamır. Başqasına “sən əlindən gələni etdin” deyir, özünə isə “daha çox edə bilərdin” deyir.
Beləcə, insan öz içində səssiz bir müharibə aparmağa başlayır. Heç kim bilmir. Heç kim görmür. Gün ərzində danışır, gülür, işləyir, insanlarla görüşür. Hətta bəzən ən çox güldüyü günlər onun ən çox yorulduğu günlər olur. Çünki gülmək həmişə xoşbəxtlikdən doğmur. Bəzən insan ətrafındakıların onun içindəki fırtınanı görməməsi üçün gülür.
Bəlkə də bunagörə bəziinsanlargecələrisevir. Gecə heç kim səndən heç nə istəmir. Telefon susur, qapılar bağlanır, küçələr sakitləşir. İnsan nəhayət öz səsini eşidir. Gün ərzində başqalarının səsləri arasında itib gedən düşüncələr gecənin sakitliyində bir-bir üzə çıxır. Keçmişdən bir üz, yarımçıq qalmış bir söhbət, vaxtında deyilməmiş bir cümlə, artıq yanında olmayan bir insan, cavabsız qalmış bir sual... Hamısı gecə insanın qarşısında dayanır. Sanki gündüz həyatın səs-küyü ilə üstünü örtdüyümüz hər şey gecə “mən hələ buradayam” deyir.
İnsan özündən uzaqlaşanda bunu dərhal hiss etmir. Bu, yavaş-yavaş baş verir. Əvvəlcə sevdiyi bir şeyi təxirə salır. Sonra başqa bir şeyi. “İşim çoxdur”, “indi vaxt deyil”, “sonra edərəm” deyir. Sonra o “sonra”lar illərə çevrilir. Bir gün anlayır ki, vaxtilə qurduğu arzuların çoxunu xatırlamır. Nə vaxtsa etmək istədiyi şeylər artıq yad gəlir. Çünki insan uzun müddət öz istəyini yox, həyatın ondan tələb etdiyini yaşayanda öz səsini də unutmağa başlayır.
Bəzən bizi ən çox yoran işlərin çoxluğu deyil, hər şeyə cavabdeh olduğumuzu düşünməyimizdir. Hamını xilas edə bilmərik. Hamının problemini həll edə bilmərik. Hamının həyatında doğru insan ola bilmərik. Bəzən bir insanın həyatında qalmaq istəyirik, amma o insan getməyi seçir. Bəzən kimisə nə qədər sevsək də, onun ürəyində bizə yer olmur. Bəzən bütün səmimiyyətimizə baxmayaraq, qarşımızdakı bizi anlamır. Və ən ağrılısı da budur: insan nə qədər yaxşı niyyətli olsa da, hər nəticəni öz davranışı ilə müəyyən edə bilmir.
Bunu qəbul etmək çətindir. Çünki biz çox vaxt hər şeyi düzəltmək istəyirik. Münasibəti, dostluğu, ailəni, keçmişi, insanları... Hətta bəzən gedən bir insanın arxasınca o qədər çox qaçırıq ki, özümüzün harada qaldığını unuduruq. Halbuki bəzi qapılar döyülmək üçün deyil, bağlanmaq üçün var. Bəzi insanlar həyatımıza qalmaq üçün yox, bizə nəyisə öyrətmək üçün gəlir. Bəzi münasibətlər ömürlük olmur. Bəzən bir insanın həyatımızdan çıxması məğlubiyyət deyil, özümüzə qayıtmağın başlanğıcıdır.
Amma bunu həmin anda başa düşmürük. Ayrılığın ilk günlərində insan yalnız boşluğu görür. Bir vaxtlar hər gün danışdığın adamın səsini eşitməmək, bir vaxtlar bölüşdüyün xəbərləri artıq heç kimə deməmək, hər hansı bir yerdə onunla bağlı bir xatirəyə rast gəlmək... Bunların hər biri insanın içində görünməyən bir ağrı yaradır. Sonra zaman keçir. Ağrı tamamilə yox olmur, amma formasını dəyişir. Bir gün həmin insanı xatırlayanda əvvəlki kimi nəfəsin kəsilmir. Sadəcə anlayırsan ki, bəzi insanlar həyatımızdan çıxsa da, bizdə iz qoyaraq gedirlər.
İnsan itirdiklərinin hamısını geri qaytara bilmir. Bəzən ölüm aparır, bəzən həyat, bəzən seçimlər, bəzən də insanların özləri. Ən ağır itkilərin bəzilərində heç vidalaşmağa belə imkan olmur. İnsan “kaş”larla yaşayır. Kaş bir az daha çox danışaydım. Kaş son dəfə sarılsaydım. Kaş o sözü deməsəydim. Kaş başqa cür davransaydım. Amma həyat “kaş”larla geri qayıtmır. Ona görə də bəlkə insanın özünə borcu keçmişi dəyişmək yox, keçmişin içində ilişib qalmamaqdır.
Biz çox vaxt özümüzü günahlandıraraq keçmişə qayıdırıq. Halbuki həmin vaxt əlimizdə olan ağıl, imkan və hisslərlə qərar vermişik. İndiki ağlımızla dünənki özümüzü mühakimə etmək asandır. Amma dünənki insan bu günkü insan deyildi. O, bilmədiklərini bilmirdi. Görmədiklərini görmürdü. İnsan zaman keçdikcə dəyişir. Bəzən həyatın ən böyük dərsləri də məhz yaşadıqlarımızdan sonra gəlir.
Bəlkə də insan böyüdükcə özünə daha mərhəmətli olmağı öyrənməlidir. Hər şeyi mükəmməl etmədiyinə görə özünü cəzalandırmamalıdır. Hamının xoşuna gəlməyin mümkün olmadığını qəbul etməlidir. Hər kəs tərəfindən anlaşılmağın da mümkün olmadığını bilməlidir. Çünki insan nə qədər dürüst olsa da, onu öz dünyasının pəncərəsindən görənlər olacaq. Sənin niyyətini bilməyən biri davranışına başqa məna verə bilər. Sənin susmağını zəiflik, səbrini acizlik, yaxşılığını borc, sevgini isə ehtiyac kimi qəbul edə bilər.
Və bir gün insan bundan yorulur. Hər kəsə özünü izah etməkdən yorulur. “Mən əslində belə demək istəməmişdim” cümləsini dəfələrlə təkrarlamaqdan yorulur. Öz yaxşı niyyətini sübut etməkdən yorulur. Onda anlayır ki, hər kəsin onu doğru anlaması onun məsuliyyəti deyil. İnsan öz niyyətinə sahib çıxa bilər, amma başqasının düşüncəsinə nəzarət edə bilməz.
Bəlkə də azadlığın bir tərəfi budur: özünü hər kəsə izah etmək məcburiyyətindən qurtulmaq.
Çünki insan bir müddət sonra anlayır ki, onu həqiqətən tanıyanlar üçün uzun izahlara ehtiyac yoxdur. Səni sevən insan sükutundan da nəsə anlayar. Səni həqiqətən tanıyan insan bir günkü davranışına görə illərlə tanıdığı səni silməz. Səni dəyərləndirən insan yalnız ehtiyacı olanda səni xatırlamaz. Münasibətlərdə ən böyük rahatlıq da budur: yanında özünü sübut etməyə ehtiyac duymadığın insanlar.
Amma həyat bizə həmişə belə insanlar vermir. Bəzən yanlış insanları doğru yerə qoyuruq. Onlara ürəyimizin ən həssas tərəflərini göstəririk. Sonra həmin həssaslığımızdan yaralandığımız üçün peşman oluruq. Halbuki səmimi olmaq səhv deyil. Sevmək səhv deyil. Güvənmək də səhv deyil. Səhv olan, qarşındakı insanın sənin verdiyin dəyəri vermədiyini gördüyün halda özünü orada saxlamaqdır.
İnsan özünü seçməyi də öyrənməlidir.
Bu, eqoist olmaq demək deyil. Özünü seçmək başqalarını sevməmək deyil. Əksinə, insan özünü tanıdıqca münasibətlərində də daha sağlam olur. Çünki özünü itirən insan sevgidə də itir. Qarşısındakının hər istəyinə uyğunlaşır, öz fikrindən vaz keçir, öz ehtiyaclarını gizlədir, yalnız münasibət dağılmasın deyə susur. Sonra münasibət qalsa belə, içində özü yoxdursa, bunun nə mənası var?
Bəzən insan bir münasibəti qorumaq üçün özündən çox şey verir. Vaxtını, rahatlığını, qürurunu, arzularını... Sonra bir gün güzgüdə özünə baxıb soruşur: “Mən bu münasibətin içində haradayam?” Bu sualın cavabı yoxdursa, deməli insan çoxdan özündən uzaqlaşıb.
Hamıya çatmaq gözəl xüsusiyyətdir. İnsanların yanında olmaq, kömək etmək, yaxşılıq etmək, kiminsə çətin günündə əlindən tutmaq həyatın ən qiymətli tərəflərindəndir. Amma bunun bir həddi olmalıdır. Çünki sən hər kəs üçün yanarkən öz içində sönürsənsə, bir gün heç kimə işıq verə bilməyəcək hala gələ bilərsən.
Ona görə də bəzən “yox” demək lazımdır. Gecikmək lazımdır. Telefonu açmamaq, bir görüşə getməmək, heç kimlə danışmadan bir gün keçirmək, özünü dinləmək lazımdır. Bəzən insanın heç kimə cavab verməməyə də haqqı var. Hər zəngə, hər mesaja, hər gözləntiyə cavab vermək məcburiyyətində deyilik. İnsan olmaq hər an əlçatan olmaq demək deyil.
Bəlkə də özümüzə qayıtmaq elə bu kiçik “yox”larla başlayır.
“Bu dəfə bacarmayacağam.”
“Bu mənim üçün uyğun deyil.”
“İndi danışmaq istəmirəm.”
“Bunu etmək məni xoşbəxt etmir.”
“Bu münasibətdə özümü yaxşı hiss etmirəm.”
“Artıq özümü izah etmək istəmirəm.”
Bu cümlələr əvvəlcə ağır gəlir. Çünki biz illərlə başqalarını məmnun etməyə öyrəşmişik. Amma insan sərhədlərini tanıdıqca içində qəribə bir rahatlıq yaranır. Hər kəsi razı salmaq mümkün deyil. Bunu qəbul etdiyin gün öz həyatının məsuliyyətini bir az da geri alırsan.
Məncə, insanın özünə qayıtması həm də keçmişdəki özünü bağışlamasından keçir. O vaxt çox inandığın üçün özünü qınama. Çox sevdiyin üçün utanma. Birinə ikinci, üçüncü, hətta onuncu şansı verdiyin üçün özünü alçaltma. Bəzən insanın ürəyi ağlından daha uzun müddət ümid edir. Bu, zəiflik deyil. Sadəcə ürəyin öz həqiqətini qorumağa çalışır.
Amma bir yerdə ümidlə israrın arasındakı fərqi görmək lazımdır. Ümid insanı yaşadır. İfrat israr isə insanı tükədir. Hər qapını sonsuzadək döymək lazım deyil. Bəzən cavabsızlıq da cavabdır. Bəzən susmaq da seçimdir. Bəzən gedən insanın arxasınca qaçmamaq özünə göstərdiyin ən böyük hörmətdir.
İnsan həyatında elə günlər də olur ki, heç nə etmək istəmir. Nə yazmaq, nə danışmaq, nə görüşmək, nə də izah etmək. Belə günlərdən qorxmaq lazım deyil. Hər gün məhsuldar olmaq, hər gün güclü görünmək, hər gün gülümsəmək mümkün deyil. Təbiətdə belə hər gün bahar olmur. Ağac da bəzən yarpağını tökür. Torpaq da bəzən qışa çəkilir. Bu, həyatın bitməsi deyil. Sadəcə başqa bir dövrün başlanmasıdır.
İnsan da belədir.
Bəzən geri çəkilmək lazımdır ki, içində yenidən nəsə böyüsün.
Bəlkə biz özümüzdən çox şey gözləyirik. Hər şeyi vaxtında etməliyik, uğurlu olmalıyıq, güclü olmalıyıq, ailəmizə dayaq olmalıyıq, işimizi yaxşı görməliyik, münasibətlərimizi qorumalıyıq, hamıya yaxşı görünməliyik. Bu qədər “olmalıyıq” arasında “nə istəyirəm?” sualı itib gedir.
Halbuki insanın həyatında ən vacib suallardan biri budur: “Mən nə istəyirəm?”
Nəyi sevirəm?
Nə məni sakitləşdirir?
Kimlə danışanda özüm oluram?
Hansı yerdə nəfəsim açılır?
Nəyi artıq daşımaq istəmirəm?
Kimə görə deyil, özüm üçün nə etmək istəyirəm?
Bu sualların cavabını tapmaq bəzən illər çəkir. Amma gec deyil. İnsan neçə yaşında olursa-olsun, özünə qayıda bilər. Çünki özünə qayıtmağın təqvimi yoxdur.
Bəlkə də həyatın ən gözəl tərəfi budur: insanın qarşısında həmişə yeni bir səhər qalır. Dünən nə qədər ağır keçibsə-keçsin, səhər pəncərədən içəri düşən işıq həyatın hələ bitmədiyini xatırladır. Bəzən böyük dəyişikliklər də belə başlayır. İnsan bir səhər oyanır və qərar verir ki, daha özünü yarı yolda qoymayacaq.
Bu qərarın böyük sözlərə ehtiyacı yoxdur. Sadəcə özünə bir az daha yaxşı davranmaq kifayətdir. Özünü günahlandırmaq əvəzinə dinləmək. Yorulanda dayanmaq. Sevmədiyin yerdən uzaqlaşmaq. Sevdiklərinə sevgini vaxtında demək. Daxilində qalan sözləri mümkün qədər gecikdirməmək. Həyatı daim sabaha saxlamamaq.
Çünki “sonra” həmişə gəlmir.
Bəzi insanlar bunu çox gec anlayır. Bir insanın səsini son dəfə nə vaxt eşitdiyimizi əvvəlcədən bilmirik. Bir yerə son dəfə nə vaxt getdiyimizi də. Bir insanla son görüşümüzün son görüş olduğunu bilmirik. Ona görə də həyatın bizə verdiyi adi günlər əslində düşündüyümüzdən daha qiymətlidir.
Bəlkə də bu gün kiməsə “səni sevirəm” demək lazımdır. Kimdənsə üzr istəmək. Kimisə bağışlamaq. Kiminsə əlindən tutmaq. Ya da sadəcə özünə “mən səni daha çox yormayacağam” demək.
Çünki insanın özünə də bir borcu var.
İllər boyu hamının yanında olmaqdan sonra öz yanında olmaq borcu.
Hamının dərdini dinlədikdən sonra öz ürəyini dinləmək borcu.
Hamını bağışladıqdan sonra özünü bağışlamaq borcu.
Hamıya yol göstərdikdən sonra öz yolunu seçmək borcu.
Və bəlkə də ən əsası, hamıya çatmağa çalışdığın bu uzun həyat yolunda bir dəfə də olsun özünü gözlətməmək borcu.
Bəzən özümüzə gecikmişik. Çox gecikmişik. Amma hələ gec deyil.
Çünki insanın özünə qayıtması üçün yol heç vaxt tam bağlanmır.
Nə qədər uzağa getmisənsə, get. Nə qədər yorulmusansa, yorul. Nə qədər səhv etmisənsə, et. Nə qədər itirmisənsə, itir. Bir gün dayanıb özünə tərəf dönə bilərsən.
Və bəlkə o gün ilk dəfə anlayarsan ki, bütün bu illər ərzində axtardığın insan heç vaxt uzaqda olmayıb.
O, sənin içində imiş.
Sadəcə sən hamıya çatmağa çalışarkən özünə çatmağa vaxt tapmamısan.
İndi isə bir az dayan.
Telefonu susdur.
Dünyanın səndən tələb etdiyi hər şeyi bir neçə dəqiqəlik kənara qoy.
Pəncərədən bax.
Dərindən nəfəs al.
Və özündən soruş:
“Necəsən?”
Bu dəfə “yaxşıyam” deməyə tələsmə.
Cavabı gözlə.
Bəlkə ilk dəfə öz səsini eşidəcəksən.
Bəlkə ağlayacaqsan.
Bəlkə susacaqsan.
Bəlkə uzun illərdir içində saxladığın bir cümlə çıxacaq ağzından.
Qoy çıxsın.
Çünki insanın özünə qayıtması bəzən bir cümlə ilə başlayır:
“Mən də varam.”
Bəli, sən də varsan.
Sənin də yorulmağa haqqın var.
Sənin də sevilməyə, anlaşılmağa, qorunmağa, dinlənilməyə haqqın var.
Sənin də heç kimə izah etmədən sadəcə özün ola biləcəyin bir yerə ehtiyacın var.
Və bütün bunları istəmək çox şey istəmək deyil.
Bəlkə də həyatın bizdən istədiyi ən böyük şey özümüzü itirmədən yaşamaqdır. Çünki insan hər şeyi qazanıb özünü itiribsə, əslində çox şey itirib. Əksinə, bəzən hər şeyini itirmiş kimi görünən insan özünü yenidən tapanda həyatına yenidən başlamaq gücü qazanır.
Ona görə bu dəfə hamıya çatmağa çalışma.
Bir az özünə çat.
Bir az özün üçün yaşa
Bir az ürəyinin səsini dinlə.
Bir az gecikmiş arzularının qapısını döy.
Bir az əvvəlki özünü qucaqla.
Və illərdir başqalarına verdiyin anlayışın bir hissəsini özünə də ver.
Çünki həyat boyu yanında qalacaq ən uzunmüddətli insan yenə özünsən.
İnsanlar gələcək, gedəcək. Bəziləri söz verəcək, bəziləri sözünü tutmayacaq. Bəziləri sevəcək, bəziləri yaralayacaq. Bəziləri qalacaq, bəziləri heç vidalaşmadan çıxıb gedəcək. Həyat dəyişəcək, şəhərlər dəyişəcək, münasibətlər dəyişəcək, hətta sən özün də dəyişəcəksən.
Amma bütün bu dəyişikliklərin içində özünü itirməmək sənin əlindədir.
Bəlkə də bundan sonra özümüzə verəcəyimiz ən böyük söz budur:
Kim gəlirsə gəlsin, kim gedirsə getsin, mən özümü tərk etməyəcəyəm.
Çünki hamıya çatmaq mümkün deyil.
Hamını xoşbəxt etmək də.
Hər şeyi düzəltmək də.
Amma özünə çatmaq mümkündür.
Özünü dinləmək mümkündür.
Özünü bağışlamaq mümkündür.
Özünə yenidən başlamaq mümkündür.
Və bəzən insanın bütün həyatını dəyişmək üçün başqa bir şəhərə, başqa bir insana, başqa bir həyata ehtiyacı yoxdur.
Sadəcə bir gün özünə dönməsi kifayətdir
Bəlkə də mənim, sənin, hamımızın ən uzun yolumuz elə budur:
Başqalarına çatmaqdan özümüzə qayıtmağa gedən yol.
Və nə qədər gecikmiş olsaq da, bu yolun sonu hələ var.
Çünki insan özünə qayıtdığı gün həyatın da ona başqa cür baxmağa başladığı gündür.
O gün insan anlayır:
Mən hamıya çatdım.
Hamının yanında oldum.
Hamının dərdinə şərik oldum.
Hamının yarasını sarımağa çalışdım.
Amma ən çox ehtiyacı olan insanı — özümü — çoxdan gözlətmişəm.
İndi isə növbə mənimdir.
Bu dəfə özümə çatacağam.
“Ədəbiyyat və incəsənət”
(02.10.2026)


