O qapının o biri tərəfində kimin dayandığını hələ heç birimiz bilmirik Featured

Harun Soltanov,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Bir neçə aydır bu portal üçün yazmıram. Bəlkə də yazmağa mövzu yox idi, bəlkə də bəzi mövzuların adamı tapması üçün susmaq lazım idi. Sonra qarşıma bir ad çıxdı.

İdris...

 

Quranda adı cəmi bir neçə ayədə keçən, amma haqqında "doğru danışan bir peyğəmbər" deyilən və Allahın onu uca bir məqama yüksəltdiyi bildirilən İdris.

Sonra həmin adın başqa bir dünyadakı izinə rast gəldim. "Enoch". Və qarşıma qəribə bir kitab çıxdı. Bir kitab ki, içində göydən yerə enən mələklər, insanlara öyrədilən gizli biliklər, nəhənglər, Azazəl, göylərin qapıları, ölülərin məkanları və dünyanın sonundakı hökm var.

Bir anlıq dayanıb düşündüm.İnsan minilliklər əvvəl niyə belə bir hekayə danışmaq ehtiyacı hiss edib? Daha qəribəsi isə buydu ki, İdris və Enok adlarının eyniləşdirilməsi İslam ənənəsində çoxdan müzakirə olunub.

Amma bu iki kitabın arasında dayananda daha maraqlı bir sual yarandı. Bəs qarşımızdakı Enok kimdir? Və niyə onun adı ilə bağlı olan bu qədim kitabda insanı göylərə aparan belə qaranlıq bir hekayə var? Bəlkə bu yazını yazmağımın və oxumağınızın ən maraqlı tərəfi cavabı bilmək deyil. Bəlkə məsələ odur ki, cavaba gedən yolda hansı qapıların açılacağını bilməməyimizdir. Ona görə bu dəfə yazıya birbaşa kitabdan yox, bir addım əvvəldən başlayaq. İdrisdən.

Sonra Enoka gedərik. Və görək, minilliklərin o tayında bir insan göylərə qalxanda nə gördü.

 Gecənin hansı saatında olduğunu heç kim bilmirdi. Bəlkə də o vaxt insanların heç saatı yox idi, bəlkə də insan hələ vaxtı ölçməyi öyrənməmişdi. Amma göydə bir şey dəyişmişdi. Ulduzlar əvvəlki kimi görünürdü, ay yenə öz səssizliyində asılmışdı, yer üzündə insanlar yatır, heyvanlar nəfəs alır, külək dağların arasından keçib gedirdi. Hər şey öz yerində idi, amma göylə yerin arasındakı məsafə əvvəlki məsafə deyildi. Bəzi mələklər aşağı baxmağa başlamışdılar.

 Onlar Gözətçilər adlanırdı. Onların işi insanlara qarışmaq deyildi. Onlar göylərin nizamına aid idilər, insanın çirkli əllərinə, ehtiraslarına, qorxularına və kiçik arzularına qarışmadan öz yerlərində dayanmalı idilər. Amma insanın qədimdən bəri bilmədiyi bir şey var... Sərhədi qoruyan da bir gün sərhədin o tayında nə olduğunu düşünə bilər.

Onlar düşündülər. Sonra baxdılar. Sonra arzuladılar. Və axırda endilər.

 Hermon dağında iki yüz mələk bir yerə toplandı. Semyaza onların başında dayanmışdı. O, digərlərindən daha çox qorxurdu. Çünki bilirdi ki, bu, sadəcə yerə enmək deyil. Bu, göyün öz qanunundan çıxmaqdır. Ona görə and içmələrini istədi. Hamısı birlikdə and içdilər ki, heç biri geri çəkilməyəcək. Bəlkə də bütün böyük fəlakətlər belə başlayır.

Əvvəlcə bir fikir gəlir. Sonra həmin fikrə bəhanə tapılır. Sonra insan özünə şərik axtarır. Sonra hamı birlikdə səhv edir və səhv artıq səhv kimi görünmür. Onlar yerə endilər. Və insan qadınlarını gördülər.

 Burada hekayənin ən qəribə tərəfi başlayır. Çünki göydən gələnlər yer üzünün ən qədim hissinə, yəni ehtirasa məğlub oldular. Onlar qadınları özlərinə arvad seçdilər. Sonra uşaqlar doğuldu. Amma bu uşaqlar adi uşaqlar deyildi. Onlar nəhəng idilər.

 Nefilimlər... Yer üzündə əvvəl görünməmiş bir güc dolaşmağa başladı. Nəhənglərin aclığı insan aclığı deyildi. Onlar əvvəl insanları yedilər, sonra heyvanları, sonra özlərinə çatacaq heç nə qalmayanda birbirlərinə çevrildilər. Dünya artıq insanın dünyası deyildi. Qan torpağa qarışırdı. İnsanların fəryadı göyə qalxırdı. Və göylər nəhayət eşitdi. Amma Nefilimlərin doğulması hələ ən böyük problem deyildi. Əsl fəlakət bundan əvvəl başlamışdı.

  Biliklə. Çünki mələklər insanlara yalnız uşaqlar qoymamışdılar. Onlara özləri ilə birlikdə göydən gətirdikləri sirləri də vermişdilər. Azazəl insanlara metalı necə işləməyi göstərdi. Dəmirin içində gizlənən sərtliyi necə çıxarmağı, ondan qılınc necə düzəltməyi, qalxan necə hazırlamağı öyrətdi. İnsan axı öldürə bilirdi, indi isə öldürməyin sənətini öyrənirdi. Başqaları sehrləri, ovsunları, bitkilərin sirlərini, ulduzların hərəkətini, günəşin və ayın yollarını öyrətdilər. İnsan ilk dəfə göyə baxıb sadəcə heyrətlənmədi. Onu hesabladı. İlk dəfə qılınca baxıb sadəcə qorxmadı. Onu öz əlinə aldı. İlk dəfə qaranlıqdan qorxmadı. Qaranlığın içində gizlənən şeyləri öyrənmək istədi. Və bəlkə də insanın ən böyük faciəsi elə budur. Ona bir az işıq verirsən, sonra bütün günəşə sahib olmaq istəyir. Bir sirr verirsən, bütün kainatın sirrini istəyir. Bir qapı açırsan, arxasındakı otaqla kifayətlənmir.

Evin hamısını sökməyə başlayır. Azazəl insanlara bilik verdi. Amma insanın əlində bilik çox keçmədən gücə çevrildi. Güc isə çox keçmədən zorakılığa. Və torpaq daha çox qan içdi. Göydəki mələklər aşağı baxanda artıq gördükləri şey insanlıq deyildi. Sanki özlərinin buraxdığı bir xəstəlik yer üzündə yayılmışdı.

 Mikayıl, Uriel, Rafael və Cəbrayıl yerə baxdılar. Onlar gördülər. Və hökm verildi. Maraqlıdır ki, hökmün ilk hədəfi insanlar olmadı. Gözətçilər oldu. Çünki insanın günahı qədər ona verilən məsuliyyət də vardı. Gözətçilər insanlara bilmədikləri şeyləri öyrətmişdilər. İndi isə öyrətdikləri şeylərin nəticəsini görməli idilər. Azazəl tutuldu.

 Rafael onu səhraya apardı. Qaranlıq bir yerə, qayaların arasına. Onu bağladı. Üzərinə ağır daşlar qoyuldu. İnsanlara öyrətdiyi bütün o biliklərdən uzaqda, səssizliyin içində saxlanıldı. Bir vaxtlar göydən enmişdi. İndi daşların altında idi. Bəlkə insanın bütün arzularının sonu da belədir. Yuxarı qalxmaq istəyirsən. Sonra bir gün öz yaratdığın ağırlığın altında qalırsan. Gözətçilər cəzalandırılmaq üzrə olduqlarını anlayanda Enokun yanına gəldilər.

  Enoq adi bir insan idi. Amma o gün mələklər bir insanın qarşısında dayanmışdı. Onlar ondan bir şey istədilər. Onlar üçün dua etsin. Bu səhnədə qəribə bir sükut var.Göydən gələnlər yəni, insanlara hökm edənlər, yəni nəhənglərin ataları.. İndi isə bir insanın mərhəmətinə möhtac idilər. Enok onların xahişini qəbul etdi və göyə qalxdı. Onların sözünü apardı. Amma cavab mərhəmətli olmadı. Hökm dəyişmədi. Bəzi qapılar açıldığı kimi də bağlanmırdı. Gözətçilər öz yerlərini tərk etmişdilər. İndi öz etdikləri şeyin içində yaşayacaqdılar. Nefilimlər öldülər. Amma onların ölümü belə hekayənin sonu olmadı. Çünki Enokun kitabı onların ruhlarının yer üzündə dolaşan pis ruhlara çevrildiyini söyləyir. Beləcə qədim dünyanın ən qəribə fikirlərindən biri doğulur.. Bədən ölür. Amma bəzi nəticələr ölmür. İnsan gedir. Etdiyi qalır. Söz deyilir. Söz uçub getmir. Birinə toxunursan. O insan illər sonra belə həmin toxunuşu daşıya bilər. Bəzən insanın yaratdığı şey özündən uzun yaşayır.

Sonra Enoq göyə aparılır. Bu dəfə aşağıda qalan dünya kiçilir. Dağlar kiçilir. Şəhərlər kiçilir. İnsanların bütün mübahisələri, bütün ehtirasları, bütün "mən" ləri uzaqdan baxanda bir ovuc toz kimi görünür. Enok göylərə daxil olur. Amma orada onu mələklər qarşılayanda düşündüyü kimi rahatlıq tapmır. Göy səssizdir. Qəribə, ağır, insan üçün yad bir səssizlik. Uriel ona göylərin yollarını göstərir. Günəşin çıxdığı qapıları. Ayın keçdiyi yolları. Ulduzların hərəkətini. Fəsillərin dəyişməsini.

Heç nə təsadüfi deyil. Hər şey öz vaxtında hərəkət edir. Hər şey öz yerini bilir. Yalnız insan öz yerini unutmağa meyllidir. Bəlkə də gecələr göyə baxanda insanın içində qəribə bir hiss yaranmasının səbəbi budur. Biz ulduzlara baxanda əslində ulduzlara baxmırıq. Öz kiçikliyimizi görürük. Bir ulduz milyardlarla kilometr uzaqda sakitcə yanır. Sənin isə bütün gün beynini məşğul edən məsələ dünən gecə gəlməyən bir mesajdır. Kainat öz yolunda gedir. Sən isə bir insanın "nəysə" sözünü üç saat analiz edirsən. Bəlkə insanın ironiyası da burdadır. Kainat sonsuzdur. İnsan isə bir mesajın içində itib gedə bilir. Enok daha sonra başqa yerlər görür.

 Ölülərin məkanlarını. Ruhların gözlədiyi yerləri. Salehlər üçün ayrılmış məkanları. Günahkarlar üçün ayrılmış yerləri. Və burada ölüm başqa cür görünür. Ölüm son deyil. Sadəcə qapıdır. İnsan bütün həyatı boyu özündən qaçır. Amma ölüm gələndə artıq qaçmağa yer qalmır. Nə pul kömək edir. Nə ad. Nə şöhrət. Nə başqalarının sənin haqqında düşündüyü. Nə də özün haqqında danışdığın yalanlar. Çünki insan başqalarını aldada bilər. Özünü də müəyyən müddət aldada bilər. Amma öz həyatının şahidi olmaqdan qaça bilməz. Enok göylərdə bunu görür. Əməllər yazılır. Kitablar açılır. İnsanların etdikləri unudulmur. Və bir gün hökm gələcək. Bu fikir qədim olduğu qədər də ağırdır. Çünki biz əksər vaxt həyatımızı sanki heç vaxt hesab verməyəcəyikmiş kimi yaşayırıq. Birinin qəlbini qırırıq. "Keçər" deyirik. Birinə haqsızlıq edirik. "Hamı belə edir" deyirik. Vaxtımızı öldürürük. "Sonra yaşayaram" deyirik. Sevdiyimiz insana deməli olduğumuzu demirik. "Sabah deyərəm" deyirik. Amma qədim kitabın göylərində "sonra" adlı bir yer yoxdur. Orada yalnız edilmişlər var. Sonra Enoka gələcək göstərilir. İnsanlıq bir-birinin ardınca gəlir. Krallar. Müharibələr. Zülmlər. Salehlərin əzilməsi. Güclülərin özlərini əbədi hesab etməsi. Amma hər hakimiyyətin içində bir son gizlənir. Hər zalımın qarşısında bir gün qapı bağlanır. Və sonra İnsan Oğlu görünür.

Seçilmiş. Saleh. Hökm verəcək olan.

 Dünyada son sözü padşahların dediyi dövrlərin əksinə olaraq, göylərdə son söz onların deyil. Yer üzündə güclü olan hər kəs bir gün gücünün bitdiyini görəcək. Bu, bəlkə də Enoqun ən böyük təsəllisidir. Amma eyni zamanda ən böyük xəbərdarlığıdır. Çünki sən bu gün nə qədər güclü olsan da, bu günün sonsuz deyil. Sən bu gün nə qədər kasıb olsan da, bu günün sənin bütün hekayən deyil. İnsanlar səni necə görürsə, sən yalnız o deyilsən. Həyatının səhnəsində özünü əsas qəhrəman hesab edə bilərsən. Amma kitab hələ bitməyib.

 Enoq sonda oğluna danışır. Metuşəlaha.

O, gördüklərini çatdırır. Gələcək nəsillərə xəbər verir. İnsanlara deyir ki, ədalətsizliklə öyünməsinlər. Günaha güvənməsinlər. Var dövlətin əbədi olduğunu düşünməsinlər. Çünki insanın ən böyük səhvi ölümün özünə aid olduğunu düşünməsidir. Ölüm həmişə başqasının başına gələn hadisə kimi görünür. Ta ki, qapını döyənə qədər. Bəlkə də Enokun hekayəsi əslində mələklər haqqında deyil. Bəlkə Nefilimlər haqqında da deyil. Bəlkə Azazəl haqqında da deyil. Bütün bunlar yalnız güzgülərdir. Gözətçilər bizə sərhədləri göstərir. Azazəl bizə gücün təhlükəsini göstərir. Nefilimlər nəzarətsiz ehtirasın nə qədər böyüyə biləcəyini göstərir. Göylər isə insanın özündən böyük bir nizamın içində yaşadığını xatırladır.

Və Enoq... Enoq insandır. Elə buna görə hekayənin ən maraqlı adamıdır. Çünki o mələk deyil. Mələk olsaydı, göyə qalxması təəccüblü olmazdı. Nəhəng deyil. Nəhəng olsaydı, qorxunun içində dayanması adi görünərdi. O, sadəcə insandır. Amma insanın göylərə qədər gedə biləcəyini göstərir. Bəlkə də bunun mənası budur dostum... İnsanın kiçik olması onun mənasız olması demək deyil. Kainatın qarşısında heç nə qədər böyük görünməməyin, heç nə etmədiyin anlamına gəlmir. Bir insanın verdiyi qərar bəzən bir nəsli dəyişir. Bir söz bir ömrü dağıdır. Bir sevgi bir ömrü xilas edir. Bir xəyanət insanın gələcək bütün münasibətlərinə kölgə salır. Bir bağışlanma isə illərlə daşınan nifrəti öldürür. Bəzən insanın əli balacadır. Amma yaratdığı nəticələr böyükdür.

Və gecə yenə düşür. Enoq artıq göyləri görüb. Azazəl daşların altındadır. Gözətçilər cəzalandırılıb. Nefilimlər ölüb. Günəş yenə öz yolunda gedir. Ay yenə doğulur. Ulduzlar yenə susur. Yer üzündə isə insanlar hələ də yaşayır. Bir adam səhər işə getmək üçün yuxudan oyanır. Başqa biri xəstəxananın dəhlizində oturub xəbər gözləyir. Biri sevdiyi insana yazmaq istəyir, amma qürur imkan vermir. Biri cibindəki son pulla sabahı düşünür. Biri zəng gözləyir. Biri ayrılıqdan qorxur. Biri pulun dalınca qaçır. Biri özünü itirib. Biri isə bütün bunların içində göyə baxıb sakitcə düşünür ki, "ala bes göresən, bütün bunların mənası nədü?"  Bəlkə cavab göydən gəlmir. Bəlkə cavab insanın öz həyatının içində gizlənir. Çünki Enokun hekayəsində ən qorxulu şey mələklərin yerə enməsi deyil. Ən qorxulu şey budur ki, insana seçim verilir. Sonra insan seçim edir. Sonra həmin seçimin nəticəsi gəlir. Və insan çox vaxt nəticə gələndə göydən soruşur, "bunu niyə mənə etdin?" Halbuki göy bəlkə də çoxdan susub. Çünki cavabın bir hissəsi insanın öz əlindədir. Gözətçilər göydən endilər və özlərini yer üzündə itirdilər. Azazəl insanlara güc verdi və verdiyi gücün altında qaldı. Nefilimlər böyüdülər və böyüklükləri onları xilas etmədi. Enoq isə yuxarı qalxdı. Amma göyə qalxanda öyrəndiyi ilk şey bəlkə də bu oldu. İnsan nə qədər yuxarı qalxsa da, özündən qaça bilmir. Çünki ən son qarşılaşacağı şey göydəki mələk deyil. Öz həyatıdır. Və bir gün kitab açılacaq. Orada nə mələklər üçün bəhanə olacaq, nə Azazel üçün, nə Nefilimlər üçün, nə də insan üçün. Sadəcə yazılanlar olacaq. Və bəlkə insanın bütün ömrü boyu qaçdığı o bircə sual, nəhayət qarşısında dayanacaq. Sənə bu qədər həyat verilmişdi... bəs sən onunla nə etdin? Bəlkə də Enoqun hekayəsi göylərdə bitmir. Bəlkə əslində orada başlayır. Çünki o, yuxarı qalxdıqca göydə mələklərdən daha qəribə bir şey gördü: nizamı. Hər ulduzun öz yolu vardı, hər işığın öz vaxtı, hər ruhun öz yeri. Xaos yalnız aşağıda idi. İnsanların arasında. Və bəlkə Enoq göydən qayıdanda ən ağır həqiqəti özü ilə gətirdi. İnsan özünü azad hesab edir, amma hər seçiminin bir kölgəsi var.

 Gözətçilər bir dəfə sərhədi keçdilər və minilliklər boyu danışılan bir hekayəyə çevrildilər. Azazel insanlara bir neçə sirr verdi və həmin sirlər insanın əlində silaha çevrildi. Nəhənglər doğuldu, böyüdü və yox oldu. Amma insan qaldı. Hələ də eyni qapıların qarşısında dayanır. Hələ də içəridə nə olduğunu bilmək istəyir. Hələ də göyə baxır. Və bəlkə də ən qorxulusu, biz Enokun gördüklərini oxuyarkən onun dünyasını araşdırdığımızı düşünməyimizdir. Halbuki bəlkə kitab bütün bu müddətdə bizi araşdırır. Bəlkə hər qədim mətnin içində bir güzgü var. Sən səhifəni çevirirsən.NAmma bir yerdən sonra səhifə səni çevirir. İdris haqqında deyilən o "uca məqam" bəlkə də bir yer deyil. Bəlkə insanın özündən yuxarı qalxıb özünə kənardan baxa bildiyi o nadir andır. Və Enokun hekayəsində bir sual cavabsız qalır. O, göylərə qalxanda nə gördü? Bəlkə bunu heç vaxt bilməyəcəyik. Amma bir şeyi bilirik. Göylər açıldıqda Enoq yuxarı baxdı. Biz isə minilliklər sonra hələ də həmin yerə baxırıq. Bəlkə ona görə ki, qədimlərin "göy" dediyi şey həqiqətən göydə deyildi. Bəlkə qapı heç vaxt yuxarıda olmayıb. Bəlkə qapı həmişə insanın öz içində idi. Və ən pis tərəfi... o qapının o biri tərəfində kimin dayandığını hələ heç birimiz bilmirik.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.