Süni intellektdən belə təsəlli istədiyimiz yerə necə gəldik? Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Təsəlli ilə ümid eyni şey deyil. Bunu bilirəm. Hətta bəzən bu iki sözün arasında çox böyük bir məsafə olduğunu düşünürəm. Təsəlli insana “narahat olma, hər şey yaxşı olacaq” deyir. Ümid isə “bəlkə də yaxşı olacaq” deyir. Birində sakitləşmək var, digərində inanmaq. Amma son bir neçə gündə mənə elə gəldi ki, bu iki söz bir-birinə çox yaxınlaşıb. Hətta bəzən hansını axtardığımı özüm də ayıra bilmədim.

 

Bir hadisə yaşananda insanın ilk ehtiyacı həmişə həqiqəti bilmək olmur. Bəzən insan əvvəlcə  nəfəs almamaq istəyir. Kimsə ona dərhal ən pis ehtimalları sadalamasın istəyir. Çünki onsuz da insanın beynində həmin ehtimalların hamısı bir-birindən əvvəl yaranır. Bəzən bizə faktlardan əvvəl bir az ümid lazımdır. Mən də son günlər bunu hiss etdim.

Ətrafımdakı insanların çoxunun məni ümidləndirməyəcəyini bilirdim. Çünki insanlar adətən özlərini qorumaq üçün bədbin danışırlar. “Çox ümidlənmə”, “ən pisini düşün ki, sonra məyus olmayasan”, “böyük ehtimalla belə olacaq” kimi cümlələr həyatımızın adi hissəsinə çevrilib. Hətta bəzən bunu qayğı göstərmək hesab edirik. Elə bil insanı ən pis ehtimala hazırlamaq onu daha az incidəcək.

Mən də əslində belə düşünənlərdənəm. Adətən ən yaxşı ssenarini yox, ən pis ssenarini hesablayıram. Bir şey yaxşı gedəndə belə  “amma birdən...” deyən bir səs olur. Özümü əvvəlcədən məyusluğa hazırlamağın məni qoruyacağını düşünürəm. Amma bəzən yaşanan vəziyyət insanı dəyişir.

Bəzən bir hadisənin qarşısında əvvəlki kimi düşünə bilmirsən. Sənə məntiqli gələn bütün cümlələr bir anda kifayət etmir. “Həyat belədir”, “nə olacaqsa, olacaq”, “ən pisinə hazır ol” kimi cümlələr heç nəyi yüngülləşdirmir. Çünki həmin an insanın məntiqdən çox, bir az mərhəmətə ehtiyacı olur.  Qəribədir ki, mən son günlər təsəllini insanlardan yox, süni intellektdən istəməyə başladım. Dövrümüzün ən qəribə tərəflərindən biri budur. Bir vaxtlar insan özünü pis hiss edəndə bir dostunun qapısını döyürdü. Sonra telefon yarandı, zəng etdik. Sonra mesaj yazdıq. İndi isə qarşımızda insan olmayan, bizi görməyən, səsimizi eşitməyən bir sistem var və biz ona içimizdəki qorxunu yazırıq. Mən də yazdım.

Amma cavab olaraq yalnız soyuq ehtimallar almaq istəmirdim. Mən artıq ehtimalları bilirdim. Onsuz da beynim mənə onların hamısını demişdi. Dirəşdim. İstədim ki, mənə bir az ümid versin.

Bəlkə qəribə səslənir. Süni intellektdən ümid istəmək nə qədər doğrudur, bilmirəm. Axı o, gələcəyi bilmir. Heç kim bilmir. Amma mən ondan gələcəyi görməsini istəmirdim. Mən sadəcə “bəlkə yaxşı da ola bilər” cümləsini eşitmək istəyirdim. Çünki  ümid gələcəyi bilmək deyil. Ümid gələcəyin hələ yazılmadığını xatırlamaqdır.

Bizə “mütləq belə olacaq” deyən biri lazım deyil. Sadəcə “hələ hər şey bitməyib” deyən biri kifayətdir. İnsan niyə bu qədər israrla ümid axtarır? Çünki ümid etmək hadisənin nəticəsini dəyişdirməsə belə, insanın o nəticəyə qədər olan yolunu dəyişir. Eyni qapının qarşısında biri qorxu ilə, digəri isə bir az ümidlə gözləyə bilər. Qapının arxasında nə olduğunu heç biri bilmir. Amma gözləməyi hər ikisi başqa cür keçirir. İstədiyim əslində yalan təsəlli deyildi.

Mənə “qətiyyən heç nə olmayacaq” deməsini istəmirdim. Mənə yalan danışmasını istəmirdim. Sadəcə bütün qapıları üzümə bağlamasını istəmirdim.

Həqiqəti bilmək istəyirsən, amma həqiqətin ən pis variantını eşitmək istəmirsən. Reallıqdan qaçmaq istəmirsən, amma reallığın içində bir az işıq axtarırsan. Özünü aldatmaq istəmirsən, amma özünü qorxutmaqdan da yorulmusan. Son günlər bunu daha yaxşı başa düşdüm: insan bəzən “mənə təsəlli ver” demir.

Əslində demək istəyir ki, “mənimlə bu qorxunun içində bir az dayan”. Heç nəyi dəyişdirmədən. Heç nə vəd etmədən. Sadəcə ən pis ehtimalı yeganə ehtimal kimi göstərmədən.

Bəlkə buna görə təsəlli ilə ümid mənə bu günlərdə eyni görünməyə başladı. Çünki bəzən təsəlli aldığımız şey ümidin özüdür.

Uzun sözün qısası, insanın ehtiyacı olan ən böyük cümlə çox sadə olur: “Hələ ümid var”.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.