Gərək darıxdığın adamın darıxdığı adam olasan Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Söz yox ki, insanın darıxmağı bir adın ətrafında başlayır. Bir səs, bir baxış, bir cümlə, hətta heç vaxt demədiyi bir “qal” sözü belə insanın içində uzun-uzadı yaşayır. Darıxmaq qəribə hissdir. Nə qədər susursan, bir o qədər böyüyür. Nə qədər gizlədirsən, bir o qədər özünü göstərir.

 

Amma məncə, darıxmağın ən ağır tərəfi darıxdığın insanın sənin üçün darıxıb-darıxmadığını bilməməkdir.

Çünki insan sevdiyi adamın da onu axtarmasını istəyir. Gecənin bir vaxtı telefonuna baxıb səni xatırlamasını, küçədə sənin sevdiyin bir qoxunu duyanda dayanıb düşünməsini, eşitdiyi bir mahnıda sənin səsini eşitməsini istəyir. İstəyir ki, onun da içində sənin adını daşıyan, heç kimin bilmədiyi bir yer olsun.

Gərək darıxdığın adamın darıxdığı adam olasan...

Yoxsa necə ağırdır, bilirsənmi? Sən onun yoxluğunu sayırsan, o isə sənin yoxluğundan xəbərsiz yaşayır. Sən hər gün bir xatirəni yenidən yaşayırsan, o isə bəlkə də həmin xatirəni çoxdan unutmuş olur. Sən bir mesajın gələcəyinə ümid edirsən, o isə bəlkə də heç telefonuna baxmadan gününü keçirir.

Sevgi yalnız birini sevmək deyil. Sevgi qarşı tərəfin qəlbində də özünə bir yer tapmaqdır. Çünki insan birtərəfli sevgidə yorulur. Bir müddət gözləyir, sonra susur, daha sonra isə öz-özünə sual verməyə başlayır: “Mən onun üçün doğrudanmı önəmliyəm?”

Əsl xoşbəxtlik isə odur ki, darıxanda qarşı tərəfin də darıxdığını biləsən. Sənin “kaş yanımda olaydı” dediyin anda onun da səni düşünməsi... Sənin baxdığın yola onun da gözlərinin dikilməsi... Sənin ürəyində böyüyən boşluğun onun ürəyində də hiss olunması...

Bəlkə də sevginin ən gözəl tərəfi budur: iki insanın bir-birindən uzaqda olsa belə, eyni anda bir-birini düşünməsi.

Çünki bəzi insanlar üçün darıxmaq sadəcə həsrət deyil. Darıxmaq - “sən mənim üçün hələ də önəmlisən” deməyin səssiz formasıdır.

Və insan həyatında elə birini arzulayır ki, onun yanında özünü izah etməyə ehtiyac qalmasın. Darıxanda bunu gizlətməsin. Gedəndə arxasınca baxsın. Qayıdanda sevinsin. Səsini eşidəndə içində nəsə dəyişsin.

Gərək darıxdığın adamın darıxdığı adam olasan...

Çünki sevgi, yalnız bir ürəyin digərinə tərəf getməsi deyil. Əsl sevgi iki ürəyin bir-birini axtarmasıdır.

Və bəlkə də dünyada bundan gözəl hiss yoxdur: sənin üçün darıxan birinin olması.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.