Səma Muğanna,
“Ədəbiyyat və incəsənət”
Qeyd: Bu gün Muğanna ocağının ən dəyərli yadigarı, tələbələrinin sevimlisi, dünyaya gəlişilə möcüzə bəxş edən kumirimin doğum günüdür. Bu kiçik yazımı anam Sevinc Muğannaya ithaf edirəm.
İnsan ana bətnindəykən ağlayır, gülür, şənlənir, hətta qaçmağa çalışır. Bu böyük bir möcüzədir. Tanrının yaratdığı möcüzələr inanılmazdır. Mən o qadının bətnindəykən bu möcüzəyə şahid idim...
Mənim indi 20, onun isə 56... Artıq o möcüzə 57-ci yarpağını bu gün yaşamağa hazırlaşır, amma həmin yarpaq indi tənha deyil. Bəli, əvvəllər o, qırıq, balaca bir ağacın budaqlarından tutunmaq üçün can atırdı, amma indi yox. Onun libası qara və qaranlığa bürünmüşdü. İndi isə bəyazdır. O, özünə bəyazı çox yaraşdırır, amma bəyaz onun üçün yenidən doğulmağın səsidir, işarəsidir..
19 il səssiz qalan bu möcüzə Muğanna ocağının sevda göyərçinlərinə, yəni İsa Muğannaya və onun cəfalı Firuzəsinə Tanrı tərəfindən bəxş edildi. 19 il... Çox qəribədir, bu dünyaya göz açdığında o balaca körpənin qəlbinin ritmləri necə olub? Həqiqətənmi taleyin oyununun onunla savaşacağını bilibmi? Məhz bu qədər gec gəlməyinə səbəb nə olub?
O qadının ruhunun hələ də yaşı yoxdur. Yeni doğulmuş körpə kimi pak və işıqlıdır. Yaş isə cismən bədəninə sarılmış bir göstəricidir. Cisminə geyindirilən bu 56 yarpaq, bu gün 57-ci qonağını qarşılayır.
Onun simasında nə qırışlar, nə də kiçik cizgilər var, hətta o gülümsəyəndə belə gözlərinin dərinliyində elə bil hələ də duyğulu Sevinc yaşayır. Onun adı Sevincdir. Dünyaya bəxş etdiyi sevinclər qədər böyük Sevinc! Kiminə görə bu sadəcə bir addır, əslində, dünyadan yaşayan bütün insanlar üçün, amma mənim zehnimdə tamamilə fərqlidir...
Onu 53-cü doğum günündə “oktyabr qadını” adlandırmışdım. 53 və 57... Aralarında 5 il fərq var... Bəlkə çox, bəlkə də az.. Ancaq o möcüzə qadın indi tənha oktyabrın yox, payız və baharın sevimli sentyabrıdır.. Bəzilərinin tənha qaldığı sentyabrı, bəzilərinin isə qızılı, solmuş yarpaqlarının sentyabrı...
Bu gün möcüzə qadının doğum günüdür... O qadının daxili dünyasının böyük fırtınasının canlı şahidiyəm. Bu fırtına qopduqca onun ömür yarpaqları saralırdı, saçlarını qırırdı, parçalayırdı, amma indi mübarizə edir! Bu mübarizəni görənsə ailəsi və onun sentyabrıdır.
Nə yaxşı ki, bu dünyaya qonaq gəlmisən, mənim möcüzə qadınım, kumirim, anam! Sən heç vaxt tək deyilsən, çünki sənin oğlun və qızın daima yanındadır. Əminəm ki, Qibləgahım və cəfalı Firuzə nənəm də səni göylərdən izləyir və qoruyur. Sənin qızın olmaq dünyanın ən böyük şansı və ən ali duyğusudur! “Səni sevirəm” sözünü söyləmək sənə olan sevgimin qarşısında kiçik qalar...
Yaxşı ki, varımızsan!
“Ədəbiyyat və incəsənət”
(08.09.2026)


